BolgeXeber.Com » Ölkə » “Kaş o, küçələri təmizlədiyi kimi, özünün mənəviyyatını da çirkablardan təmizləyə biləydi...”

“Kaş o, küçələri təmizlədiyi kimi, özünün mənəviyyatını da çirkablardan təmizləyə biləydi...”

24-10-2019, 15:24
Oxunub: 3 247 “Kaş o, küçələri təmizlədiyi kimi, özünün mənəviyyatını da çirkablardan təmizləyə biləydi...”Xətai rayon Məhkəməsi tərəfindən Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə başa çatıb

Hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib

Qərara əsasən, Nərmin Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb.

Millət vəkili Fəzail Ağamalı Moderator.az-a açıqlamasında N.Şahmarzadənin bundan sonra şəhidimizə qarşı səsləndirdiyi fikirlərinə görə peşman olacağına ümidli olduğunu bildirdi:

“Millətin müqəddəs bildiyi amillər, şərtlər var və bu hər zaman qorunmalıdır, gözlənilməlidir, hörmət edilməlidir. Mübariz İbrahimov Azərbaycanın ərazi bütövlüyü uğrunda böyük qəhrəmanlıq göstərərək, şəhid olan qəhrəman övladımızdır. Onun ruhu hər birimiz üçün müqəddəsdir, adı, soyadı əzizdir və bu cür insanlar zamanından asılı olmayaq həmişə yüksək səviyyədə dəyərləndirilməli, onlara hörmət edilməli və gələcək nəsillər üçün qəhrəmanlıq ünvanı kimi təbliğ və təşviq olunmalıdır. Təəssüf edirəm ki, bu gün sosial şəbəkənin yaratmış olduğu imkanlardan istifadə edən bəzi başıpozuq, psixi problemi olan qaragüruh mahiyyətli insanlar bütün dəyərlərin üstündən xətt çəkərək, onu ayaqlayaraq bu və buna bənzər addımlar atmağa çalışırlar. Gündəmdə qalmaq üçünmü, özünü fərqli göstərmək üçünmü, deyə bilmərəm, amma bu cür məqamlar var.

Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqda söyləmiş olduğu sərsəm və qəbuledilməz fikirlər hər bir azərbaycanlı tərəfindən böyük təpkiylə qarşılandı, ictimaiyət tərəfindən kifayət qədər qınanıldı və əlbəttə ki, vətənpərvər insanlarımız tərəfindən onun bu addımına hüquq-mühafizə orqanlarından tədbir görülməsi tələb edildi. Hüquq-mühafizə orqanlarımız da Azərbaycan qanunlarına söykənərək öz addımlarını atdı və artıq Nərmin layiq olduğu cəzanı aldı. İndi o, Bakının Xətai rayonunda küçələri süpürməklə məşğul olacaq. Mən çox arzu edərdim ki, o, küçələri süpürərək təmizlədiyi kimi, həm də özünün mənəviyyatını cəza müddəti ərzində çirkablardan təmizləyə bilsin. Hər kəsə də bu bir dərs olsun ki, müqəddəs insanlarımızın təhqirinə heç bir halda yol vermək olmaz.”