BolgeXeber.Com » Ölkə » Bələdiyyə seçkilərində iştirak üçün 10 partiya müraciət edib

Bələdiyyə seçkilərində iştirak üçün 10 partiya müraciət edib

2-11-2019, 12:21
Oxunub: 2 761 Bələdiyyə seçkilərində iştirak üçün 10 partiya müraciət edibParlamentdə olmayan partiyalardan yalnız Ümid seçkiyə getməyə qərar verib

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb. Bu barədə Mərkəzi Seçki Komissyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyası bələdiyyə seçkilərində iştirak etmək üçün MSK-ya müraciət ediblər.

Siyahıdan göründüyü seçkidə iştirak etmək üçün müraciət edən partiyaların 9-u parlamentdə təmsil olunanlardır. Parlamentdə təmsil olunmayan partiyalardan hələlik yalnız Ümid Partiyası seçkidə iştirak etmək üçün MSK-ya müraciət edib.

Araşdırmamız zamanı məlum oldu ki, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının əksəriyyəti bələdiyyə seçkilərində partiya olaraq iştirak etmək niyyətində deyillər. Müsavat Partiyası, AXCP, ALP, KXCP, ALDP, Böyük Azərbaycan Partiyası, Azadlıq Partiyası seçkidə partiya kimi iştirak etməyəcək.


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, bələdiyyə seçkiləri ilə bağlı partiyanın qərarı var. Qərara görə, AXP partiya olaraq bələdiyyə seçkilərində iştirak etməyəcək, lakin partiyanın üzvlərinə seçkilərdə namizədliklərini irəli sürməkdə sərbəstlik verilib: “Partiyamızın üzvləri seçkilərdə iştirak edəcəklər. Seçkiyə partiya olaraq qatılmamağımız seçkini boykot etmək kimi başa düşülməsin”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə bildirdi ki, bələdiyyə seçkilərində iştirakla bağlı məsələ partiyanın İdarə Heyətinin iclasında müzakirə edilib. Müzakirələrin yekunu olaraq belə bir qərara gəlinib ki, ADP qarşıdan gələn bələdiyyə seçkilərində partiya kimi iştirak etməsin: “Partiyanın belə bir qərara gəlməsinin əsas səbəbi bələdiyyələrin cəmiyyət həyatında heç bir ciddi rol oynamaması və buna adekvat olaraq cəmiyyətin də bu seçkilərə ciddi maraq göstərməməsidir. Amma, bu seçkilərdə partiya üzvlərinin sərbəst şəkildə seçkilərə qatılmaq hüququna da hörmətlə yanaşırıq. Yəni, ADP üzvlərindən kim istəsə sərbəst şəkildə seçkilərdə iştirak edə bilər”.


AMİP katibi Əli Orucov da qeyd etdi ki, noyabrın 1-də AMİP Siyasi Şurasının iclası keçirilib. İclasda ilk olaraq ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Sonra AMİP Mərkəzi Şurasının 13 oktyabr 2019-cu il tarixli qərarına müvafiq olaraq qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı məsələ müzakirə edilib: “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsinin tələblərinə müvafiq olaraq siyasi partiyaların seçkilərdə iştirakı üçün tələb olunan prosedurun mürəkkəbliyi, eləcə də Məcəllənin 54.5.1 və 54.5.2-ci maddələrinin siyasi partiyalara əlavə maliyyə yükü yaratmasını nəzərə alaraq partiya üzvlərinin seçkilərdə fərdi qaydada iştirakı məqsədəuyğun sayıldı və partiya üzvlərinə namizəd olaraq seçkilərdə iştirakla bağlı sərbəstlik verilməsi qərara alındı”.


AĞ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli bildirdi ki, AĞ Partiya bələdiyyə seçkilərində iştirak etməyəcək. Çünki Azərbaycanda bələdiyyə strukturu özündə heç nə ehtiva etməyən formal bir əhəmiyyətsiz struktur təşkil edir: “Sırf kağız üstündə qurulan heç bir səlahiyyəti olmayan bir strukturdur. Azərbaycanın AŞPA üzərində götürdüyü öhdəlikdir bələdiyyələr. Yəni formal bir qurum. Amma könüllü olaraq bəzi üzvlərimiz öz güclərini bu bələdiyyə seçkilərində sınayacaqlar. Yuxarıda qeyd etdiyim kimi, AĞ Partiya rəsmi şəkildə bələdiyyə seçkilərində iştirak edən deyil. Üzvləri isə fərdi qaydada iştirak etməkdə sərbəstdirlər”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Etibar SEYİDAĞA