BolgeXeber.Com » Xəbərlər » Gəncədə "ağ xalat"ın ciblərini portmanata çevirən baş həkimin Hippokrata lənəti - Şok Detallar

Gəncədə "ağ xalat"ın ciblərini portmanata çevirən baş həkimin Hippokrata lənəti - Şok Detallar

8-11-2019, 09:58
Oxunub: 2 008 Gəncədə "ağ xalat"ın ciblərini portmanata çevirən baş həkimin Hippokrata lənəti - Şok DetallarÖlkəmizdə həkim məsuliyyətsizliyi, xəstəxanalarda bəzən ayaq açıb yeriyən üzqaraldıcı hallar tez-tez media vasitəsilə işıqlandırılsa da, həllini gözləyən problemlər səngimək bilmir

Beləki, səhiyyənin inkişafı naminə ictimai problemlərin media vasitəsilə qabardılması cəmiyyətdə xoş qarşılanıb həllinə ümidlər doğursa da, səhiyyə sahəsinə cavabdehləri bir o qədər də narahat etmir. Əksər hallarda Hippokrat andına "sadiqlər" acı nəticələrə aparan məsuliyyətsizliklərə yol verib geyindikləri "ağ xalat"ın ciblərini portmanatlarına çevirib. Şəfayəti-vicdanlarını da rahatlıqla rüşvətə hərisliyə qurban etmələri cəmiyyətdə acı qıcıq doğurur. Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə də səhiyyənin uğurları kağızda yazılan və reallıqları əks etdirməyən formallıqdan başqa işə yaramır. Bilavasitə Gəncə İHB-nin tabeliyində fəaliyyət göstərən şəhər Səhiyyə İdarəsinin hazırki rəisinin kimliyinə diqqət ayırsaq görərik ki, yazımızda adıkeçən başbilənlərin məqsədi heç də səhiyyəni normal duruma gətirmək deyil, əksinə uzun illər "töhmət"lə işləyən birini çəkib daha yüksək posta qaldırmaq olub. "Demokratik.Az"-ın məlumatına görə, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun son 5 iliik bərbad fəaliyyəti həm Səhiyyə, eləcə də Gəncə İHB-nin başçısı tərəfindən heçə sayılaraq onun vəzifə yüksəlişinə əsaslar yarada bilib.2014-cü ildən bəri dəfələrlə "töhmət" və "şiddətli töhmət" almağa həvəsli olan Nazim Əhmədov Gəncə Abbas Səhhət adına xəstəxananın baş həkimi olarkən xidməti və icra intizamını pozan, hərbi xidmətə yararsız və bəzi hallarda yararlı şəxslərin tibbi müayinəsinin nəticə (epikriz) sənədlərini saxtalaşdıran biri kimi yadda qalıb. Eləcə də rəhbəri olduğu xəstəxanada daxili təhlükəsizlik qaydalarını pozması, təsərrüfat fəaliyyətindəki kobud nöqsanları, doğuş zamanı bir neçə ana-uşaq ölümləri və digər yarıtmaz fəaliyyəti nəzərə alınmaqla dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə uyğun olaraq cəzalandırılıb. Müxtəlif vaxtlarda sabiq səhiyyə rəhbərləri Mehman Rzayev və Əlikram Məmmədov tərəfindən inzibati tənbehlərə məruz qalıb. Hətta, nöqsansevər baş həkim 2014-2017-ci illər ərzində üst-üstə "sonuncu xəbərdarlıq" edilməklə "şiddətli töhmət alsa da qovulmaqdan yaxa qurtara bilmişdir. Hətta, sonradan birdən-birə Gəncə Səhiyyəsinə rəhbər təyin olunmasında göstərilənlər nəzərə alınmayıb və ona töhmətlər verən sələflərinin kreslosuna sahiblənə bilmişdir. Aldığımız məlumata görə, Nazim Əhmədovun vəzifə təyinatı Gəncənin yeni icra başçısı Niyazi Bayramovun hesabına reallaşsa da ona Səhiyyə Nazirliyində də hamilik edən olub. Və nazirlikdəki şəxs ötən gün nazir Oqtay Şirəliyev tərəfindən nazirliyin "tibbi yardımın təşkili şöbəsi"nin müdiri vəzifəsindən atılan Gülmirzə Poladov olub. Nazim Əhmədovun sabiq şöbə müdiri ilə yaxınlığı isə qardaşı Nizami Əhmədovla bağlı olub. Belə ki, digər Əhmədov DSMF-nin Gəncə şöbələrində müdir olub və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin sabiq müdiri, Gülmirzə həkimin doğmaca qardaşı Əlibarat Poladovla yaxın dost olublar. Yəni,DSMF-də həmkar olmuş dostlar "töhmətsevər" həkim qardaşa süni karyera yüksəlişində yardımçı olublar. Xatırladaq ki, "töhmətlərlə" ucalan Nazim Əhmədov Niyazi Bayramov Gəncənin icra başçısı postuna gələr-gəlməz şəhərin gənc səhiyyə idarəsi rəisi, reputasiyası təmiz olan, əslən Xocalıdan şəhid ailəsi Bəxtiyar Haqverdiyevi əvəz edib. Sabiq səhiyyə müdirinə isə "kadr islahatı” adı ilə əsassız olaraq Elmar Vəliyevçi damğası vurulub.

Yaxın gələcəkdə bütün ölkə üzrə tətbiq ediləcək "tibbi sığorta"nın Gəncədə məhz Nazim Əhmədov kimi bir kadrla uğur qazanacağı real səslənmir...

P.S: "Reportyor.Tv faktlara münasibət öyrənmək üçün dəfələrlə Gəncə Səhiyyə İdarəsinin əlaqə telefonuna zənglər etdi. Müəyyən olundu ki, son zamanlar Nazim Əhmədovun işə davamiyyəti olduqca aşağıdır və o, günlərlə öz iş yerində tapılmır. Telefon zənglərimizə isə hər dəfəsində "gedin nə istəyirsiniz yazın!" deyərək cavab verən katibə cavab verir. Nazim Əhmədovun tezliklə öz ərizəsilə işindən uzaqlaşdırılacağı da iddia edilir...