BolgeXeber.Com » Bölgə » Bərdədə polislə yerli sakinlər arasında dava düşüb

Bərdədə polislə yerli sakinlər arasında dava düşüb

17-04-2011, 13:25
Oxunub: 4 790
Hadisə nəticəsində bir nəfərin ağır yaralandığı bildirilir

Dünən axşam saat 23:54 radələrində Bərdə rayonu “Təzə məhəllə” adlanan ərazidə, Şah İsmayıl Xətai küçəsi, 103 ünvanında polislə yerli sakinlər arasında dava düşüb. Rayon polis şöbəsinin sahə rəisi İldırım Əsədovun verdiyi məlumata görə, rayon sakinləri - 1982-ci il təvəllüdlü Teymur Zülfüqarov və 1986-cı il təvəllüdlü Faiq Nuriyev sərxoş vəziyyətdə ictimai asayişi pozublar.

“Hər iki vətəndaş içkili olub, dava salmağa başlayıblar. Polislər onlara mane olarkən, qanun keşikçilərini də təhqir ediblər. Ətrafdakı obyektlərin şüşələrini sındırıblar. Polislərə hücum çəkiblər. Əməkdaşlarımız da onları saxlayıb və şöbəyə gətirib", - deyə sahə rəisi bildirib.

İldırım Əsədovun sözlərinə görə, saxlanılan şəxslərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi üzrə protokol tərtib olunub. Onun sözlərinə görə, xuliqanlıq etdikləri üçün həmin şəxslər barəsində inzibati tədbir görüləcək.

Lakin saxlanılan Teymur Zülfüqarovun bacısı Ruhiyyə Zülfüqarova açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

“Qardaşım və onun uşaqlıq dostu Faiq indiyə qədər heç bir pis əməl etməyiblər. Dünən ad günündə olublar. Bir az içki qəbul ediblər. Sonra çıxıblar ki, siqaret alsınlar. Yolda bir-biri ilə zarafat etməyə başlayıblar. Polislər də onları tutub. Sonra hər ikisini döyüblər. 2 nəfəri 8 polis əməkdaşı döyüb. Qardaşımın vəziyyəti lap pisdir”, - deyə Ruhiyyə Zülfüqarova qeyd edib.

Qeyd edək ki, İldırım Əsədov saxlanılan şəxslərin polis tərəfindən döyülmə faktını təsdiq etmədi.