BolgeXeber.Com » Bölgə » Göyçay sakini Rusiyada öldürülən qardaşının intiqamını aldı

Göyçay sakini Rusiyada öldürülən qardaşının intiqamını aldı

18-04-2011, 17:20
Oxunub: 5 454 Göyçay şəhərində qətl hadisəsi törədilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin ərazisində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Bığır kənd sakini 1969-cu il təvəllüdlü Səmədov Vüqar Əliağa oğlu həmkəndlisi, vaxtilə orta məktəbdə bir sinifdə oxuduğu həmyaşıdı Nuhzadə Rauf Rafael oğlunu bıçaqlayıb. Ürək, boyun-boğaz və qarın boşluğu nahiyəsindən bir neçə bıçaq xəsarəti alan R. Nuhzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə iki ay öncə Rauf Nuhzadə və Bığır kənd sakini 1971-ci il təvəllüdlü Ziyadov Zahid Ziyad oğlu Rusiyanın Kursk şəhərində meyvə-tərəvəz məhsullarının topdansatış bazasında Vüqar Səmədovun qardaşı 1975-ci il təvəllüdlü Səmədov Üzeyir Əliağa oğlunu bıçaqlayaraq qətlə yetiriblər. Zahid Ziyadov Rusiyada həbs edilsə də, Rauf Nuhzadə istintaq orqanlarından qaçaraq bir müddət gizlənib və Azərbaycana gəlib.

Vüqar Səmədov könüllü olaraq Göyçay rayon Polis Şöbəsinə gedib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.