BolgeXeber.Com » Bölgə » Şəmsəddin Xanbabayev çıxılmaz vəziyyətdə

Şəmsəddin Xanbabayev çıxılmaz vəziyyətdə

19-04-2011, 11:00
Oxunub: 9 082

İcra başçısı ya sərəncamının qanuni olduğunu sübut etməli ya da 1.170.000 manat vəsait ödəməlidir.

Artıq neçə müddətdir ki,Xaçmaz rayonu, Qaraçı kənd sakini Abbasov Əhəd Abbasəli oğlunun rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə qarşı qeyri-qanuni sərəncam səbəbindən özünə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməsi ölkə mətbuatının və ictimaiyyətin diqqət mərkəzindədir.İndi isə mövzu ilə əlaqədar şok təfərrüatlar ortaya çıxmışdır.

Xaçmaz rayonun bütün müvafiq dövlət qurumlarının torpağın Əhəd Abbasova məxsus olduğunu təsdiq edən arayış və sənədlərinin heç biri sahibkara kömək etməyib. Araşdırmalarımız zamanı məlum olmuşdur ki, Əhəd Abbasov həqiqətən də böyük bir saxtakarlığın qurbanı olmuşdur.

Beləki,Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Quba Filialının təqdim etdiyi sənəddə açıq-aydın göstərilir ki,Xaçmaz şəhəri, Mənzil İstismarı sahəsinin balansında olan, N.Nərimanov küçəsində yerləşən 11,15,17,17a,19 və 21 saylı binalar Xaçmaz rayon XDS-nin İcraiyyə Komitəsinin 09 avqust 1990-cı il tarixli 14-225 saylı qərarı ilə yaşayış üçün yararsız və qəza vəziyyətində olduğu üçün Mənzil İstismar İdarəsinin balansından silinmişdir. Adıçəkilən ünvanda yaşamış sakinlər isə torpaq sahələri və mənzillərlə təmin olunmuşlar . Maraqlıdır ki,sonradan Xaçmaz rayon dövlət inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi Fərhad Əhmədov rayonun 1 saylı Dövlət Notariat Kontorunun 20 sentyabr 2000ci il tarixli, 3M-112 saylı “müqavilə” əsasında “1 mərtəbəli,2 otaqlı yaşayış sahəsi 28,2kv.m,faydalı sahəsi 63,8 kv.m-lik 19 saylı yaşayış evini” əmisi oğlu Əhmədov Akif Ağasultan oğlunun adına qeydə almışdır.

Beləliklə, kağız üzərində saxtakarlıqlar vasitəsilə xariqələr yaradan bu şəxslər hüquqi tərəfdən mövcud olmayan bir ünvanı qohumluq əlaqəsi və tamah məqsədilə rəsmiləşdirmişlər. Bunun da ən pis tərəfi odur ki, bu saxta sənədlər məhkəmələrə təqdim olunmuş və məhkəmələr də bu sənədlərə əsasən qətnamələr çıxarmışlar. Əslində isə Xaçmaz şəhər bələdiyyəsinin verdiyi sənədlərə əsasən bildirilir ki,Əhmədov Akif Ağasultan oğlu N.Nərimanov küçəsində ona torpaq sahəsi ayrılması barədə Xaçmaz bələdiyyəsinə heç vaxt müraciət etməmişdir və bələdiyyə tərəfindən ona Nərimanov küçəsində torpaq sahəsi satılmamışdır. Həmin küçədə 11,19,15,17,17-a saylı barakların yerləşdiyi 651kv.m torpaq sahəsi rayon icra başçısı Şəmsəddin Xanbabayevin 19.10.2006-cı il tarixli 318 saylı sərəncamı ilə ticarət mərkəzi tikmək üçün Abbasov Əhəd Abbasəli oğluna verilmişdir. Qəribədir ki, bu qədər sənədlər olduğu halda Abbasov Əhəd öz dərdinə çarə tapa bilmir və dövlət sənədlərini saxtalaşdıraraq torpağa mülkiyyətçi olduqlarını iddia edən tərəf qanun qarşısında cavab vermək əvəzinə sahibkarın qanuni mülkiyyətinə sahib çıxmaqdadır.

Qeyd edək ki, bir müddət əvvəl bildirmişdik ki, Sahibkar Əhəd Abbasov 2004-cü ildə Xaçmaz rayon sakini Əhmədov Akif Ağasultan oğluna məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, bünövrəsi qazılmış tikilini 16 000 ABŞ dollarına satın alıb. Ev sökülmüş vəziyyətdə olduğu üçün alqı-satqı müqaviləsi notariat qaydasında bağlanılmamışdır. Razılaşılan vəsaitdən 6200 ABŞ dolları şəxsən Akif Əhmədovun özünə, 8300 ABŞ dolları isə onun 13.07.2004-cü ildə vəfat etməsi ilə bağlı olaraq atası Əhmədov Ağasultan Həbibulla oğluna ödənilib.


Bu razılaşmadan sonra Əhəd Abbasov adıçəkilən ərazidə ticarət mərkəzi tikmək istəyəndə Xaçmaz rayon İcra Hakimiyyətinin təmsilçiləri ona bu yerin icra hakimiyyəti orqanının balansında olduğunu söyləyiblər. Faktiki olaraq pulunu ödəyərək torpaq alan bu şəxs yenidən İcra Hakimiyyətinə müraciət edərək, Xaçmaz rayonu, N.Nərimanov küçəsi 19 saylı ünvanda yerləşən 651 kv.m torpaq sahəsində ticarət mərkəzinin tikilməsi üçün sərəncam verməyi xahiş etməli olub. Rayon İcra Hakimiyyəti də 19.10.2006-cı ildə həmin ünvanda yerləşən torpaq sahəsini ticarət mərkəzinin tikilməsi üçün ayrılması barədə 318 saylı sərəncam verib.


Sahibkar həmin sərəncama əsasən, qeyd olunan ünvanda şəxsi vəsait hesabına 1.170.000 manat dəyərində 650 kv.m sahəli ticarət mərkəzini inşa etdirib. Lakin Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra tikiliyə mülkiyyət hüququnu verən sənədi almaq üçün Dövlət Reyestr Xidmətinə müraciət etdikdə isə vəziyyətin başqa olduğu aydınlaşıb. Ona DRX-də məhkəmə qərarı əsasında tikilinin rəsmiləşdirilməsi dayandırıldığını bildiriblər.

Məlum olub ki, Xaçmaz şəhər sakini Əhmədova Gülnarə Aslan qızı ona və Əhmədov Ağasultan Həbibulla oğluna qarşı Xaçmaz rayon məhkəməsində mübahisəli ünvanda əvvəllər mövcud olmuş yarımçıq tikilinin faktiki alqı-satqısının etibarsız hesab edilməsi və həmin tikiliyə mülkiyyət hüququnun tanınması haqda iddia ilə müraciət edib.

Xaçmaz rayon məhkəməsinin 15.04.2005-ci il tarixli qətnaməsi ilə iddiaçı Əhmədova Gülnarə Əhəd Abbasov və Ağasultan Əhmədova qarşı qaldırdığı yarımçıq tikilinin faktiki alqı-satqısının etibarsız hesab edilməsi və həmin tikiliyə mülkiyyət hüququnun tanınması haqda iddiası rədd edilib. Sahibkarın iddiaçıya qarşı qaldırdığı Akif Əhmədovla aralarında, 2004-cü ilin fevral ayında Xaçmaz şəhəri, Nərimanov küçəsi 19 saylı ünvanda yerləşən evə dair bağlanmış müqavilənin etibarlı sayılması haqda qarşılıqlı iddiası belə təmin edilib. Hətta satın aldığı həmin tikiliyə görə borclu qaldığı 3000 ABŞ dollarını Akif Əhmədovun birinci dərəcəli vərəsələri -Əhmədova Gülnarə Aslan qızı, himayəsində yaşayan azyaşlı Əhmədova Fatimə Akif qızı, Əhmədov Ağasultan Həbibulla oğluna və Əhmədova İra Tahirovnaya bərabər paylara bölünməklə hər birinə 750 ABŞ dolları və ya onun manatla ekvivalenti ödənilməsi qət edilib.

Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 11.12.2006-cı il tarixli, 1MK-6930/2006 saylı qətnaməsi ilə qismən təmin olunmuş, mübahisə ilə bağlı çıxarılmış Xaçmaz şəhər məhkəməsinin 15.04.2005-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının yarımçıq tikilinin faktiki alqı-satqısının etibarsız hesab edilməsi hissəsində iddiası təmin edilmiş, sahibkarın isə iddiaçıya qarşı qaldırdığı adıçəkilən ünvanda yerləşən evə dair bağlanmış müqavilənin etibarlı sayılması haqda qarşılıqlı iddiası təmin edilməmişdir.

Daha sonra isə Xaçmaz şəhər məhkəməsində 16.01.2008-ci il tarixli, 2-29/08 saylı qətnaməsi ilə iş üzrə iddiaçı Əhmədova Gülnarə Aslan qızının Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı icra başçısının Nərimanov küçəsi 19 saylı ünvanda tikinti işləri aparılması üçün 651 kv.m torpaq sahəsinin ayrılmasına dair verimiş 318 saylı sərəncamın ləğv edilməsi, həmin ünvanda yerləşən 512 kv. (?) torpaq sahəsinə iddiaçının və himayəsində olan azyaşlı uşağın mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsindəki tikilinin adına sənədləşdirilməsi, dövlət reyestrindən çıxarışın verilməsi haqda tələbi əsassız hesab edilməklə təmin edilməmişdir.

Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 03.06.2008-ci il tarixli, 2(105)-452/2008 saylı qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir.
Bütün bu baş verənlərin fonunda heç bir məhkəmə adıçəkilən ünvanda iddiaçının 512 kv.m torpağının haradan meydana gəlməsinin nə mənbəyini axtarmış,nə də izah edə bilmişdir.Sadəcə əgər iddiaçının nümayəndəsi və eyni zamanda atası Paşayev Aslan Sabir oğlunun çayxana və kafelərdə söylədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Nəsibov 3000 manata bu işi “yoluna qoyubmuş”

Sahibkarın verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 23.04.2009-cu il tarixli, 2(102)-1221/09 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-nın 03.06.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Sahibkar bu boyda qanunsuzluğun səbəbini araçdırmaq istəyəndə isə, Paşayev Aslan Sabir oğlu ona Ali Məhkəmənin sədri Ramiz Rzayevlə “dil tapdığını”söyləmişdir.Beləliklə Ramiz Rzayevlə Paşayev Aslanın öz aralarında “danışdıqları dildən” çıxan qərar sahibkarın bütün qanuni sənədlərinin üstündən xətt çəkərək Sumqayıt Apellyasiya Məhkəməsinin qanunsuz qətnaməsini qüvvədə saxlamışdır.


Dördüncü dəfə isə Xaçmaz şəhər məhkəməsinin 28.11.2008-ci il tarixli 2-(067)-604/08 saylı qətnaməsi ilə iddiaçı Gülnarə Əhmədovanın Əhəd Abbasova qarşı qaldırdığı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona qaytarılmasına dair tələbi təmin edilmiş, Xaçmaz rayonu, Nərimanov küçəsi, 19 saylı ünvanda yerləşən 512 kv.m(?) torpaq sahəsində inşa edilmiş tikilinin sahibkarın hesabına sökülməsi və həmin sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqda tələbi təmin edilmişdir.Maraqlıdır ki,adıçəkilən ünvanda heç bir torpağı olmayan adam rüşvət vasitəsilə sahibkarın qanuni sənədlərə əsasən tikdirdiyi ticarət mərkəzinə qənim kəsilmişdir.İndi isə Şəmsəddin Xanbabayev məhkəmə salonlarında ya verdiyi sərəncamın doğruluğunu sübut edib,qarşı tərəfin sənədlərinin saxta olduğunu ortaya çıxarmalı,ya da bəzi rüşvətxor hakimlərin güdazına gedərək 1.170.000 manat pul ödəməlidir.Rüşvətlə bağlı bir çox məmurun adı çəkildiyi bu məsələni KİV olaraq gündəmdə saxlayacayıq.

P.S.Nazim Nəsibovla Ramiz Rzayevin namizədliyini Avropa Məhkəmələrinə hakimliyə irəli sürmək lazımdı. Bir də görərsiniz ki, bir ölkənin iki prezidenti olduğu haqqında bu hakimlərin daşdan keçən qətnamələri var.