BolgeXeber.Com » Müsahibə-Reportaj » Mətbuat Xidmətləri danişmaqdan qorxurlar

Mətbuat Xidmətləri danişmaqdan qorxurlar

22-04-2011, 09:35
Oxunub: 6 022
Nazirliklərin mətbuat xidmətlərinin fəaliyyəti sizi qane edirmi? Rəsmi məlumatları alarkən hansı çətinliklərlə üzləşirsiniz?

İdrak Abbasov: "Ölkə rəhbərliyi səviyyəsində "mətbuata qapıları açın" göstərişi gəlsə, heç kimə məlumat almaq çətin olmayacaq"

Elmin Bədəlov: "Danışmaqdan ona görə çəkinirlər ki, qorxurlar hansısa yalanlarını bilmədən etiraf edərlər"


“Obyektiv” televiziyanın redaktoru İdrak Abbasov bildirir ki, “imzası tanınan və dövlət qurumlarında dost-tanışları olan jurnalistlər informasiya əldə edə bilirlər. Amma gənc və bir o qədər də səriştəsi olmayan jurnalistlər adi-xırda məişət məsələlərinə görə günlərlə rəsmi məlumatı almaq üçün əziyyət çəkirlər. Bu bizdə idarəetmə problemidir. Əminəm ki, ölkə rəhbərliyi səviyyəsində “mətbuata qapıları açın” göstərişi gəlsə, heç kimə məlumat almaq çətin olmayacaq. Hətta jurnalist olmayan Azərbaycan vətəndaşı da Konstitusiyanın 50-ci maddəsinə əsaslanaraq qanuni yolla istədiyi məlumatı əldə edib yaya bilər”.

"Yeni Müsavat" qəzetinin əməkdaşı Elmin Bədəlov isə qeyd edir ki, qarşı tərəfin mövqeyini işıqlandırmaq jurnalistin peşə borcudur: “Bundan əlavə peşəkar jurnalistikada belə məsələlərə üstünlük verirlər ki, məsələ jurnalist tərəfindən birtərəfli mövqe formasında işıqlandırılmasın. Əgər sən obyektiv jurnalistsənsə, hər iki tərəfin mövqeyini yazmalısan. Mənfi və müsbət tərəfləri oxucu aydınlaşdırmalıdır. Ancaq bu bizim ölkədə həmişə mümkün olan hal deyil. Demokratik ölkələrdə dövlət qurumlarının mətbuat xidmətləri müstəqil mətbuatdan qorxmur. Bizdə isə əksinədir. Dövlət qurumları jurnalistlərdən qaçır, onların suallarını cavablandırmır, yaxud da müxtəlif bəhanələrlə suallara cavab verməkdən yayınırlar. Demək olar ki, "Azadlıq" qəzetində rəsmi dövlət qurumlarına, dövlətə yaxın şəxslərin fikirlərini görmək olmur. Olsa da çox az-az hallarda buna rast gəlmək olur. Məsələn, FHN-in mətbuat xidməti heç vaxt jurnalistlərə açıqlama vermir. Bu digər tərəfdən də pisdir ki, oxucu birtərəfli mövqeləri oxumaqdan yorulub. Axı bu oxucu nə qədər Pənah Hüseynin dediyi eyni fikirləri oxumalıdır? Yaxud başqa bir müxalifətçinin, müxalifətçiyə oxşar birinin fikirlərini nə qədər oxumaq olar? Ona görə də qarşı tərəfin fikrini bilmək oxucuya maraqlıdır. Belə olmayanda oxucu kimin haqlı, kimin haqsız olduğunu ayırd edə bilmir. Odur ki, Nazirliklərin də mətbuat xidmətləri bu məsələyə diqqət etməlidir. Bəzən onlar danışmaqdan ona görə çəkinirlər ki, birdən hansısa yalanlarını bilmədən etiraf edərlər, yaxud hər hansı bir səhv buraxarlar”.

“168 saat” qəzetinin məsul katibi Elnur Ağayev vəziyyətdən ümumi narazı olsa da, bəzi qurumların normal işlədiyini deyir: “Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və Idman Nazirliyinin mətbuat xidməti hardasa məni qane edir. Informasiya alarkən bir çox çətinliklərlə üzləşirəm. Məsələn, telefona cavab verməmək, məsələni uzatmaq, süründürməçilik, yola vermək və sair hallar olur”.

“İmpuls” qəzetinin baş redaktoru Mətanət Əliyeva da mətbuat xidmətlərinin fəaliyyətindən narazıdır: “Bir suala cavab alana qədər bütün əsəblərim korlanır. Məmurlar suala cavab vermək əvəzinə ötür-ötür oyunu oynayırlar. Son vaxtlar yalnız Daxili İşlər Nazirliyinin mətbuat xidməti digərlərinə nisbətən normal işləyir”.