BolgeXeber.Com » Müsahibə-Reportaj » Xaçmaz Rayon İcra Hakimiyyətinin “əks-münasibət” mədəniyyəti

Xaçmaz Rayon İcra Hakimiyyətinin “əks-münasibət” mədəniyyəti

23-04-2011, 11:00
Oxunub: 7 393
Təəsüflər ki, belələri hələdə var

Neçə müddətdir ki, Xaçmaz rayon icra hakimiyyətinin sahibkarlarla olan maraqlı münasibətləri barədə yazılar dərc edirik. Bu icra hakimiyyətinin rəsmiləri isə bir mənalı olaraq bizə münasibət bildirməyi özlərinə eyib bilirlər. Dünən əlaqə saxladığımız Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin köməkçisi kimi özünü qələmə verən Fuad adlı bir yoldaş da bu cür şəxslərdəndir.

Soyadını belə gizlədərək, bizə jurnalistika qaydalarını öyrətmək istəyən bu şəxs deyəsən başa düşmür ki, icra başçısının köməkçisi işləmək üçün onun qohumu olmaq kifayət deyil. Ona görə də KİV olaraq cəmiyyəti, insanları maarifləndirməklə yükümlü olduğumuzu dərk edib Fuad müəllimə qanunvericiliyin bəzi hissəsini xatırlatmaq istədik...

Fuad müəllim, əvvəla bağışlayın ki, sizə hörmətli Fuad müəllim deyə bilmirik. Çünki, biz Azərbaycan Respublikasının Prezidentinə hörmət etməyən məmurlara heç bir hörmət bəsləmirik. Sizin ona hörmətiniz isə, onun imzaladığı sərəncamlara,onun imzası ilə dərc olunan qanunlara, onun rəhbərlik etdiyi ölkədə yaşayan insan və vətəndaşlara qoyduğunuz hörmətlə ölçülür. Sizin ona hörmətiniz onun çıxışlarında verdiyi vədlərdə onun yanında olmaq və ona bu yolda dəstək verməyinizlə ölçülür. Əgər siz jurnalistika ilə təhqir və hədələrlə, bir növ ağıl verməklə işinizin bitdiyini güman edirsinizsə, bilin ki, hətta Azərbaycanın ümummilli lideri, Şəmsəddin Xanbabayevin tez-tez təkrarladığı kimi, ulu öndəri Heydər Əliyev kimi şəxsiyyət də jurnalistlərlə münasibətində həmişə səmimi olmuş, bir növ onlara da öz işlərində dəstək olmuşdur. Qaldı ki, sizə....Heç bundan sonrakı ömrünüzü nə qədər gözəl geyinsəniz də, nə qədər bahalı maşınlar sürsəniz də, heç vaxt onun yolunu nəinki getmək, hətta heç öyrənə bilməyəcəksiniz. Siz ona olan hörmət və ehtiramınızı otağınızdan şəklini asmaqla qurtardığını zənn edirsiz amma həqiqətən də yanılırsınız və siz bu istiqamətdə onun ruhu qarşısında baş əyməli, onun qəbrinin torpağını öpməlisiniz. Ən azı ona görə ki, sizin kimi adamı gətirib bu yerlərə çıxaran, dövlət qulluğu kimi şərəfli bir statusa yetşdirən məhz Heydər Əliyev kimi şəxsiyyət olub. Nə isə, sizin tutduğunuz qulluğa bizim sözümüz yoxdur və daha doğrusu bu barədə bizimlə hər hansı bir məsələni müzakirə etmək də sizin savadınıza görə deyil. (İnanmırsızsa sizinlə Xaçmaz rayonunda buraxdığınız siyasi-strateji səhvləri hər an müzakirə etməyə hazırıq!-müəl.)

Fuad müəllim, bir jurnalist olaraq biz ictimaiyyəti daim məlumatlandırmaqda yükümlüyük. Bizim bu yöndə fəaliyyətimizi sizin heç yuxuda da görüb, oxumadığınız “KİV-lər haqqında Qanun” tənzimləyir. Xahiş edirik, heç olmasa bundan sonra onu oxuyun. Heç olmasa məlumatınız olsun ki,KİV-lər cəmiyyətdəki iqtisadi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər.
Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Bəli, Fuad müəllim cavab verilməlidir, ağıl yox...Ona ehtiyacımız yoxdur. Ağıl isə, kiminsə torpağını başqasına satanlara, qanunsuz sərəncam verib, sonra da vasitəçi axtararaq yerə başqa müştəri tapdığına görə, onu bir neçə nəfərə satanlara lazımdır. Ağıl dövlət qulluğunda işləməyi özünə gəlir mənbəyi kimi sayanlara lazımdır. Ağıl ona göstərilən etimadı döğrultmayan və adının ağır cinayətlərdə çəkildiyi kəslərə lazımdır. Ağıl sahibkara yer qanı qiymətə satıb, sənədləşdirməyi tələb edib, sonra yerində heykəl ucaldanlara lazımdır. Ağıl sahibkarların hesabına şəhəri abadlaşdıran, məscid tikdirib yerinə dövlət büdcəsindən pul silənlərə lazımdır. Bizə isə, sadəcə sual sorduğumuzda cavab verin. Bu bizə kifayətdir. Yox, əgər cavab verməyə çətinlik çəkirsinizsə, lütfən sonradan sizi aciz buraxacaq əməli işləməmiş düşünün.Cavabını tapmadığınız əməllərdən çəkinin.Çünki, DÖVLƏT BABAnın qəzəbi dəhşətli olur.

O ki, qaldı sizinlə bağlı yazdıqlarımıza, biz sizə şər atmırıq ki... Verdiyiniz sərəncamların məhkəmələrdə ləğv olunduğu və bu proseslərdə sahibkarların milyonlarla pullar itirdiyi artıq faktdır. Biz yazmırıq ki, siz vəzifənizdən istifadə edərək, hansı qurumda işləyən xanıma sizinlə münasibət qurmasa başına oyun açacağını söyləmisiniz və rədd cavabı almısınız. Bu sizin şəxsi işiniz və əxlaqınızla bağlı məsələdir, özünüz bilərsiniz. Ancaq nə vaxt fəaliyyətinizdə cəmiyyətə dəyəcək bir qanunsuzluq və zərər görürüksə, onu mütləq yazacağıq və bundan bizi heç kəs çəkindirə bilməz. Bu bizim hüququmuzdur. Elə işləyin ki, yazmayaq... /Bolgexeber.com/