BolgeXeber.Com » Media » İTV necə idarə olunur?

İTV necə idarə olunur?

12-05-2013, 14:10
Oxunub: 5 024 Hakimiyyətin televiziya yönətimində əməlli-başlı oyun gedir. Diqqət, yanında Idman Azərbaycan və Mədəniyyət kanalı olmaqla AzTV-yə və ITV-yə yönəlib. Ictimaidə hər kəs bu televiziyanı AzTV sədri Arif Alışanovun yüksək qiymətə aldığına əmindir. Alğı-satqı rəqəmi olaraq hətta rəqəm də hallandırılır. Bu elə bir faktdır ki, araşdırmalı olsaq, hər hansı yolla təsdiqini tapmaq mümkün deyil. Amma ictimaiyyətin bilməli olduğu faktdır.
Ən azı alıb-satanlar bilsinlər ki, “gizli bazarlıq”dan xəbəri olanlar var. Dövlətin televiziyaları və bu televiziyalara ayrılan pul bir əldə cəmləşdirilir. Bu, hələlik A.Alışanovun əlidir. Amma hələlik. Ən pisi odur ki, “hələlik” qorxusu veriləni ITV-dən çıxarmaq üçün tələsmək məcburiyyəti yaradır. Tələsmək, mühüm postlara öz öz adamlarının yerləşdirmək, maneəsiz işləmək.
Ismayıl Ömərov getdi. Deyirlər uzağa gedib. Getməyiylə Ictimai televiziyada çalışan işçilərini odun-alovun içinə atıb. Niyə? Çünki Cəmil Quliyevin televiziyaya direktor təyin edilməsiylə ITV-ni özəl mülkiyyətinə çevirən AzTV rəhbərliyi burda çalışanlardan Ismayıl Ömərovun intiqamını alır. Almaq istəyir yazmırıq, çünki proses artıq başlayıb. Nədən qaynaqlanır bu intiqam? Açıqlayaq. Ismayıl Ömərovun Ictimaiyəyə direktor təyin edilməsi AzTV-ni parçaladı. Onlarla AzTV-çi, bir xeyli yaradıcı, peşəkar texniki işçi təzə direktorla birgə o telekanaldan bu birisinə keçdi. Özü də gizlincə, xəbərdarlıqsız. Istimainin qısa müddətdə fəaliyyətə başlaması daha çox onların xidməti idi. Ilk gündən Ictimai televiziya teleməkanda ayrıları ilə deyil, məhz AzTV ilə rəqabətə başladı. Bəzi məqamlarda onu üstələdi. Rəqabət dərinləşdi. Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov üzdə televiziyalara münasibətdə balansı gözləməyə çalışsa da, rəhbərlərlə bağlı bunu etmədi. Onu çox zaman Arif Alışanovun yanında görmək olardı. Beləcə keçmiş tərəfdaşların (I.Ömərovla A.Alışanovun AzTV-də işlədiyi illər nəzərdə tutulur) davası kollektivlərə keçdi. Iki cəbhə yarandı. Hər ikisi dövlətdən maliyyələşən televiziya, əməkdaşları bir-birinə tanış, eyni məktəb keçmiş jurnalistlər, efir üslubu eyni, maraq dairələri, texniki imkanları yaxın.
Sadəcə AzTV ilə müqayisədə kiçicik sərbəstlik və müxtəliflik vardı. ITV gerçək ictimai televiziya modeli olmasa da, hər halda hakimiyyətə xidmətini AzTV qədər çılpaq formada göstərməyə çalışmırdı. Arada gərəksiz mövzu müzakirələrində keçmiş, indiki müxalifətdən kimlərisə görmək olurdu. Bir neçə fərqli veriliş ortaya qoya bilmişdilər. Efir diyaznında azacıq milli ruh vardı. “Qosqocaman” AzTV nə hakimiyyətin, nə də insanların gözündə yerini ITV-yə verə bilərdi. Odur ki, hələ 2006-cı ildə A.Alışanov I.Ömərovun səviyyəli efir dizayçılarını yüksək maaşla gizlincə AzTV-yə gətirtdi. Sonra yavaş-yavaş ITV-dən çıxarılan kadrları işə götürdü. “Ovqat” verilişi üstündə az qala savaş başladı. Iş Müəllif Hüquqları Aəentliyinəcən gedib çıxdı. O verilişi aparıcısıyla birgə faktiki olaraq Ömərovun əlindən qoparan A.Alışanov “döyüşü” uddu. Əslində Ismayıl Ömərov “Ovqat” sorunu yaşayıb bunun əvəzini çıxmaq üçün yollar axtarmaqdansa, Ictimai yayımçı funksiyasını yerinə yetirmək üçün kütləvi ictimai proqram layihələrinə başlamalıydı. Bədii, musiqili veriliş hazırlamaq bəlkə də televiziyada ən asan və sərfəli işdir. Amma o bunun yerinə rəhbərlik etdiyi televiziyada, hakimiyyətə yaxın qəzetlərdə, hətta sözü keçən müxalifət qəzetlərində özündən razı müsahibələr verdi və “Biz birinciyik” mesajı yolladı. ITV-nin loqosu dönüb “1" oldu. Aparıcılar ”birinci kanal" ifadəsinin şitini-şorunu çıxartdılar. AzTV dura-dura ITV-nin özünü birinci elan etməsi cəsarət deməkdi, həm də qıcıq yaratmaqdı. Qıcıq tək AzTV-də deyil, bütün cəmiyyətdə yarandı.
Ictimai telekanal yarandığı çağlarda Ismayıl Ömərova ana xəbər proqramını AzTV-nin “Xəbərlər”i ilə eyni vaxta salmamaq məsləhət görülmüşdü. Amma o bununla razılaşmamış, məhz axşam saat səkkizin üstündə inad etmişdi. Bu da AzTV rəhbərliyi ilə ayrı bir rəqabət yaratmışdı. Informasiyanı birinci yaymaq uğrunda rəqabət. Nəhayət, Azərbaycanın “Eurovision”da iştirakının, iştirakçı seçiminin ITV-yə tapşırılması AzTV-ni bir addım da geriyə atdı. Amma gün gəldi, maliyyə mənimsəmələrinin qanuniləşdirilməsi yollarının cığırlarını belə gözəl bilən, 30 ilə yaxın AzTV-nin maliyyə işlərinə rəhbərlik edərək sədrləri “dolandıran”, bununla da onları özündən asılı edən A.Alışanov rəqibini sıradan çıxardı və imperiyasını genişləndirdi. Indi yaşadığı kiçik acıların əvəzini böyük işlərlə çıxır.
Bu gün “Ovqat”ın aparıcısının təzədən ITV-yə vəzifəyə qayıdacağı deyilir. ITV-nin loqosunun dəyişdiriləcəyi, “1" nömrə məsələsinin yığışdırılacağı bildirilir. ”Carçı"nın əsas xəbər buraxılışının AzTV ilə eyni saatda olmamaq şərtilə ayrı zamana keçiriləcəyi gözlənilir. “Eurovision”un adı Ictimainin, dadı AzTV-nin olacağı isə gözlənilmir, ITV-də hamı buna əmindir. Bu gün ITV AzTV-dən idarə olunur. Hətta kimin işdən çıxarılacağı, yaxud işində qalacağı, irəli çəkiləcəyi, kimlərin işə götürüləcəyi xəbərləri 3-4 gün qabaq AzTV-dən gəlir. AzTV-dən gələn son xəbərlərə görə, ITV Direktorlar Şurasının üzvlərindən bir neçəsi özünü “yuxarı yerdən” Arif Alışanova tapşırdıb. Toxunulmazdırlar. Sıravilərdən də arxalıları, sponsorluları da təhlükə gözləmir.
ardı var azadlıq