BolgeXeber.Com » Media » Ölkədə facebook həbsləri başladı

Ölkədə facebook həbsləri başladı

17-05-2013, 10:30
Oxunub: 4 515 Ölkədə facebook həbsləri başladı
Sosial şəbəkədə fəal olan filosof tutuldu
Barəsində həbs-qətimkan tədbiri seçilən Rəşad Ramazanova 12 il cəza verilə bilər; hakimiyyət belə addımlarla sosial şəbəkəyə nəzarəti tam ələ keçirməyə və oradakı fəallığın qarşısını almağa çalışır
Mayın 9-da həbs olunmuş sosial şəbəkələrin fəal istifadəçisi, dindar və filosof Rəşad Ramazanova (Rəşad Həqiqət Ağaddin) Azərbaycan CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılır.
R.Ramazanovun vəkilinin “Turan”a verdiyi məlumata görə, müvəkkili mayın 9-da günorta saatlarında metronun “20 yanvar” stansiyası yaxınlığında saxlanılıb. Polisin məlumatına görə, ondan 9 qram heroin müsadirə edilib.

Lakin vəkil deyib ki, R.Ramazanov bu ittihamı təkzib edir.

Ramazanov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə təqib olunduğunu hesab edir.

Təqsiri sübuta yetirilərsə, Ramazanov əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Ağaddin öz facebook səhifəsində din, azadlıq, ədalət mövzularında statuslar yazırdı (Rashad Heqiqet Ağaaddin).

“Yeni Müsavat”ın məlumatına görə, bu hələ başlanğıcdır, parlamentin qəbul etdiyi sosial şəbəkədə təhqir və böhtana görə cəza nəzərdə tutan qanun qüvvəyə minəndən sonra belə hallar artacaq. Bu barədə əməkdaşımıza danışan məlumatlı şəxs bildirib ki, hakimiyyət belə addımlarla sosial şəbəkəyə nəzarəti tam ələ keçirməyə və ordakı fəallığın qarşısını almağa çalışır. Buna görə də, sosial şəbəkələr total nəzarət altına alınıb. Xüsusən də fəal gənclərin sosial şəbəkələrdəki fəaliyyəti ciddi şəkildə izlənilir. Hakimiyyəti narahat edən hər hansı status yazan, xəbər paylaşan, haqsızlıqlara etiraz edən sosial şəbəkə istifadəçiləri müxtəlif üsullarla cəzalandırılırlar. İndiyədək bu addımlar əsasən təhdidlərdən, şantajlardan, müxtəlif yollarla xəbərdarlıqlardan ibarət olurdusa, indi parlamentin qəbul etdiyi qanun prezident tərəfindən təsdiqlənəcəyi təqdirdə fəal sosial şəbəkə istifadəçiləri həbslərlə cəzalandırılacaqlar.

Qeyd edək ki, bu qanun hələ prezident tərəfindən təsdiqlənməsə də, ekspertlər, vətəndaş cəmiyyəti fəalları və beynəlxalq təşkilatlar sözügedən qanunun qəbulunu mürtəce dəyişiklik sayaraq, prezidenti onu təsdiqləməməyə çağırıblar. Xüsusən də bu qanunun prezident seçkiləri ərəfəsində qəbul olunması narahatlığı daha da artırır. Ümumilikdə isə beynəlxalq təşkilatlar hakimiyyətdən repressiyaları, söz azadlığını boğmağı dayandırmağı tələb edirlər.

Elə ATƏT Daimi Şurasının srağagün Vyanada keçirilən iclasında da ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri, səfir Yan Kelli və ATƏT-in KİV azadlığı üzrə komissarı Dunya Miyatoviç bu cür halların qarşısının alınması və Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərə əməl etməsi ilə bağlı məsələ qaldırıblar.

Bundan başqa ATƏT-in söz azadlığı ilə bağlı Varşavada keçirilən toplantısında da bu sahədəki vəziyyətə görə Azərbaycan hakimiyyəti sərt tənqid olunub. Amma hakimiyyət bütün bu tələb və çağırışların qarşısında vəziyyəti daha da gərginləşdirəcək addımlar atır.

Artıq demək olar ki, ölkədə facebook məhbusları da yaranmağa başlayır və belə görünür ki, bu proses davam edəcək.