BolgeXeber.Com » Fotoqalereya » Ağsuda məmurlardan məcburi köçkünlərə qarşı haqsızlıq - Fotolar

Ağsuda məmurlardan məcburi köçkünlərə qarşı haqsızlıq - Fotolar

20-05-2013, 13:20
Oxunub: 11 253 Ağsu rayonunun Qərənfil uşaq baxçasında məskunlaşmış məcburi köçkünlər dözülməz şəraitdə yaşayırlar.
Qaçqınlar bu barədə dəfələrlə Ağsu rayonunun İcra Hakimiyyəti başçısı Ənvər Seyidəliyevə müraciət etsələr də heç bir nəticəsi olmayıb. Kəlbəcər rayonundan məcburi köçkün olan Elşən Məmmədov Teleqraf.az-a bildirib ki, yerli icra orqanları onların probleminə biganə yanaşır: “Bizə zülm edirlər. Yağışlı vaxtlarda evdə yağışın altında, qışda da qarın-çovğunun içində yaşamağa məcbur edilmişik. Mən dəfələrlə İlham Əliyevə müraciət etmişəm. Yaşadığımız vəziyyətin şəkillərini belə İlham Əliyevə göndərmişəm. İlham Əliyev də mənim yazdığm məktubları yenidən Ağsu rayonunun icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə göndərir. O da o məktubları zibil vedrəsinə atır. Bu gün də yağan yağışlar nəticəsində otağın içində əməlli-başlı gölməçə yarandı. Bunlar bizi vərəmlədib öldürmək istəyirlər. Mənim atam Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. Ancaq bu gün hakimiyyətdə oturan fərarilər bizlərə zülüm edir. Bizə bu hakimiyyətin heç bir şeyi lazım deyil . 20 ildir düzlərdə yaşadığımız yetər”.
Şəhid ailəsinin təmsilçisi olan Gözəl Cəfərova da bildirib ki, Ağsu rayonunda yaşadıqları müddətdə rayon rəhbərliyindən pislikdən başqa bir yaxşılıq görməyiblər: “Dözülməz şəraitdə yaşayırıq. Evimizin əşyaları yağış yağan kimi suyun içində olur. Mən dəfələrlə Prezidentə müraciət etsəm dəheç bir nəticəsi olmayıb. Evimiz başdan - başa xəstəlik mənbəyidir. Mən bu barədə Ağsunun icra başçısı Ənvər Seyidəliyevə və Kəlbəcər rayonunun indi işdən azad olunmuş icra başçısı Vidadi müəllimə müraciət etsəm də heç bir nəticəsi olmayıb. Mayın 18-də yağan yağış nəticəsində evdəki bütün əşyalar suya qərq oldu. İmkanımız olsa ailəmizin başçısının həyatını verdiyi bu dövlətin vətəndaşlğından imtina edərik. Görün bizi hansı vəziyyətlərə məcbur ediblər”.
Ağdam rayonundan məcburi köçkün Asəf Quliyevin sözlərinə görə, uzun illərdi ki, dözülməz şəraitdə yaşayırlar: “Elə bil ki, türmə həyatı yaşayırıq. Mən təzə ailə qurmuşam, bir aylıq körpə uşağım var. Demək olar ki, hər günümüz xəstaxanalarda keçir. Mən dəfələrlə Ağsu rayonunun icra hakimiyyətinə gedib dərdimizi demişəm. Ancaq nə olsun? Bunların başları başqa şeylərə qarışıb. Bizim problemimizlə maraqlanan bir dövlət orqanı tapmırıq. Ümidimiz qalıb Allaha”.