BolgeXeber.Com » Fotoqalereya » 5 yaşlılara porno dərsi keçiləcək – Fotolar

5 yaşlılara porno dərsi keçiləcək – Fotolar

27-05-2013, 11:45
Oxunub: 10 132 Hər halda, bu barədə rəyi soruşulan valudeynlərin az qala yarısı belə istəyir.

İngiltərədə məktəb direktorlarının keçirdikləri rəy sorğusunda hər 10 valideyndən 8-i razılaşıb ki, pornoqrafiya ibrtidai məktəblərin seks dərslərinə daxil edilməlidir.

Əlbəttə, məsələ başqa cür qoyulur. “Azyaşlılara pornoqrafiyanın “təhlükəsi” barədə xəbərdarlıq edilməlidir ki, onlar əlləri kompüterlərə çatanda bundan qoruna bilsinlər”.

Əksər valideynlər uşaqlara bu kimi incə mətləblərin anladılmasında tək qalmaq istəmir, məktəbi müttəfiq kimi görürlər.

Onların fikrincə, pornoqrafiya artıq məktəblərdə çoxdandır ki, keçilən seks dərslərinin proqramlarına salınmalıdır.

İngiltərə Məktəb Direktorları Assosiasiyasının baş katibi Rassel Hobbi deyib ki, uşaqların əksəriyyəti onsuz da tezliklə internet, mobil telefonlar vasitəsilə bu cür materaillarla üzləşəcəklər və bu zaman yaranmış vəziyyətə hazır olmalıdırlar.

1000 valideynin iştirakilə keçirilmiş rəy sorğusu göstərib ki, hər 10 valideyndən 6-sı uşaqlarının internetdə zorakı və ya seksual materialları görəcəyindən çox və ya son dərəcə çox narahatdır.
Rəyi soruşulanların 51 faizi deyib ki, uşaqlar yeniyetməlik yaşından əvvəl pornoqrafiyanın təhlükəsindən xəbərdar edilməlidirlər.

42 faiz bu qənaətdədir ki, bu dərslər uşaqların əli kompüterə çatan kimi keçilməlidir.

Ümumilkdə isə, 83 faiz qəti əmindir ki, pornoqrafiya məktəbdə tədris olunmalıdır.

Valideynlərin 13 faizi isə düşünür ki, məktəb, ümumiyyətlə, burnunu belə işlərə soxmasa yaxşıdır.
Cənab Hobbi deyib ki, pornoqrafiya dərsi keçilməlidir, lakin məktəblərimizdə pornoqrafik materiallara yer ola bilməz.

Məsələnin qəlizliyi və hətta absurdluğu da bundadır ki, material, yəni əyani vəsait olmadan dərs necə keçiləcək?

Onu bilirəm ki, 20 ildir yaşadığım İngiltərədə seksin özündən daha çox seks barədə söhbətlər cəmiyyətin başını xarab eləyib.

Təhsil rəsmiləri bildirirlər ki, uşaqlara pornoqrafiya dərsi onların yaşına uyğun tərzdə tədris olunmalıdır.

Daha bir absurd. 5 yaşlı uşağın yaşına uyğun pornoqrafiya necə olur?

Lidz şəhərindəki ibtidai məktəblərdən birinin direktoru isə təklif edir ki, pornoqrafiya dəsrlərində bu söz işlədilməsin, əvəzində məsələn, belə deyilsin: “uşaqlar, elə ki, çılpaq bədənlər və onların hərəkətini gördünüz”…

Seks və pornoqrafiyanın orta məktəblərdə tədrisinin yaxşılaşdırlması məsələsini ölkənin Təhsil Nazirliyi də qaldırıb və yenə də cəfəng bir formada.

Nazirliyin təklifinə görə pornoqrafiya elə tədris olunmaldır ki, uşaqlarda bunun gündəlik həyatın bir parçası olduğu haqqında təsəvvür yaranmasın.

Hökumət bildirir ki, seks təhsili 5 yaşından başlayaraq uşaqların internetdə təhlükəsiz olmalarına kömək etməlidir.

İCBARİ PORNOQRAFİYA DƏRSİ

Hökumət bu qənaətdədir ki, seks dərsləri tədris proqramlarında icbari fənn kimi yer tutmalıdır.

Rəsmi hesabatda bildirilir ki, “pornoqrafiya təhlükəsi” deyildikdə, seksual münasibərtlərin və cinsi əlaqələrin qeyri-ənənəvi formalarının, məsələn kollektiv seksual münasibətlərin, bu münasibətlərdə kişinin hegemon, qadının isə müti qul olması ideyasının təbliği nəzərdə tutulur.

Rəsmi siyasəti tənqid edənlər deyirlər ki, hökumət proqramı pornoqrafiyadan hansı uşaqları qorumaq məsələsini qoymur.

Məsələn, elə vələdüzna uşaq var ki, bu incə mətləbləri böyüklər qədər bilir və internetdə də müvafiq saytların axtarışı üçün veyillənir. Uşaq da var ki, “Şəngülüm” multfilminə baxdığı yerdə, monitorda gözlənilmədən peyda olan və “pis-pis işlərlə məşğul əmiləri və xalaları” görəndə bağrı yarılır.

Bəzi internet saytlarında bilərəkdən yerləşdirilən, və istədin-istəmədin qəflətən pırtlayan “kuki” adlı belə materiallar çox ailələrə dava-qırğın salıb.

Məsələn, səhər arvad yuxudan oyanıb görür ki, ərinin açıq qalmış kompüterində seksual “çal-oynasın, vur-çatlasın” gedir.

Bundan sonra bixəbər mürgü döyən kişi qadının təcavüz dolu qışqırığı ilə yuxudan oyanır: “Daha denən, buna görə səhər 4-cən yatmırsan da”…
Bu söhbəti elə belə etmədim. Bütün dünya boyunca təhlükəli və ya mənəviyyatsızlığı təbliğ edən saytların provayderləri ilə bacarmayan hökumətlər, necə deyərlər, “eşşəyi itirib, palanını döyürlər”.

Buna görədir ki, “The Daily Mail” də daxil olmaqla Britaniyanın bəzi qəzetləri porno saytların provayderlərini öz materiallarını 18 yaşdan aşağı olanlar üçün bağlamağa çağırılar. Hökumət isə tutduğunu buraxmır.

YAXŞI (SEKS) NƏDİR, PİS (SEKS) NƏDİR?

İngiltərə Seks Təhsili Formunun sədri Lyusi Emerson deyib ki, “uşaqlara yaxşı sekslə, pis seksin fərqini başa salmaq lazımdır”.

İndi fikirləşə-fikirləşə qalırsan ki, əcaba, Lyusi xanımın özü bu barədə düzgünmü təsəvvürə malikdir?
Hökumət hesabatında təəssüflə deyilir ki, orta məktəblər seksual tərbiyə dərslərində cinslərarası münasibətlərdən daha çox, seksin mexanizmlərinə diqqət yetirirlər.

Siyasətçilər sözlər və onların kökləri ilə oynamağın ustasıdırlar və zənnimcə, burada söhbət “mexanizmdən” yox, “texnikadan” gedir.

Mexanizm olar Nyutonun mexanika qanunlarında. Seksinki texnikadır…

Uşasqlarla İş Üzrə İngiltərə Komissiyasının sədri Megi Atkinsonun fikrincə isə, uşaqlara seks və pornoqrafiya dərsi ona görə keçilməlidir ki, böyüyüb sadist və seksual təcavüzkar olmasınlar.

Yenə də sual doğur: “Balaca bir oğlana, böyüyəndə qonşunun qızını zorlamaması üçün seks və pornoqrafiya dərsimi keçilməlidir?”

“The Daily Telegraph” qəzetinin müxbiri, azyaşlı qız anası Lora Perkins elə belə də yazır: “Başqalarının şərəf və ləyaqətinə hörməti, qeyrəti aşılamaq üçün icbari seks dərslərinə ehtiyac yoxdur”.

Jurnalist bu təhsilin icbari elan edilməsinə qarşı çıxır və yazır ki, hər bir valideynə öz uşağına bu cür tərbiyənin verilib-verilməməsi barədə son söz imkanı yaradılmalıdır.

Mən isə xatırlayıram ki, oğlum Tural Londonun ibtidai məktəblərindən birində oxuyanda məktəb direktorundan məktub almışdım.

Direktor oğlumun dini, yəni əsas etibarilə xristian dərslərində iştirakı üçün icazə istəyirdi.

Yeni hökumət təkliflərindən isə belə çıxır ki, Allahı öyrədən fənlər könüllü olduğu halda, pornoqrafiyanı öyrədən dərslər icbari sayılacaq.

Həmin o Allaha şükr edirəm ki, oğlum ibtidai məktəbi və hətta universiteti çoxdan bitirib.
Məktəblərdə seksual və indi isə pornoqrafik təhsilin bu şəkildə qoyulmasını tənqid edənlərin nəzərincə, uşaqlara belə bir təhsilin erkən yaşlarından verilməsi ona gətirib çıxaracaq ki, balaca oğlanlar balaca qızlara sinif yoldaşları kimi yox, gələcək iş və həyat yoldaşları kimi də yox, seks obyekti kimi baxacaqlar.

DƏRS VƏ DƏRS DEYƏN

İki-üç il bundan əvvəl Britaniyada millət vəkillərinin xərcləri ilə bağlı böyük bir siyasi qalmaqal baş vermişdi.

Bir çox millət vəkilləri onlara dövlət tərəfindən “xalqın nökərçiliyini” çəkmək üçün verilən dövlət vəsaitini xımır-xımır mənimsəmişdilər.

Məsələn, elə millət vəkili var idi ki, pişiyi üçün yemi də dövlət pulu ilə almışdı.

Lakin bunların arasında ən maraqlısı Britaniyanın keçmiş daxili işlər naziri idi. Məlum olmuşdu ki, ona ayrılan dövlət pulu ilə pornoqrafik filmlər alınırmış.
Doğrudur, sonradan xalq qarşısında izahat verən xanım nazir demişdi ki, bu filmləri ondan xəbərsiz nadürüst əri sifariş edirmiş.

Düzünü Allah bilir, amma bu dünyada maşınla adam vurub xosunbay edən o qədər qadının cinayətini üstünə götürən qeyrətli kişilər olub ki...

Maşın demişkən, bir vaxtlar, Londonun şimalında yeniyetmələr arasında narkomaniyaya qarşı mübarizə üçün hökumət tərəfindən bir “ictimai müfəttiş” təyin edilmişdi.

Günlərin bir günü, adamlar baxıb gördülər ki, bu müfəttiş “ictimai” fəaliyyətlə məşğul olandan əyin-başı düzəlib, özünə bahalı mülk, iki nəfərlik lüks idman avtomobili alıb.

Bir az da araşdıranda bəlli oldu ki, bu cüvəllağı yeniyetmələr arasında “tərbiyəvi” iş aparmaqla yanaşı, həm də narkotik maddələri yayırmış.

Vallah adam hər zaddan dərs keçə bilər. Təki öyrədən nadürüst olmaya.

publika.az
Zülfüqar Rüfətoğlu
London