BolgeXeber.Com » Bölgə » Qaradağda şikayətçilər ölümlə hədələnir

Qaradağda şikayətçilər ölümlə hədələnir

3-05-2011, 17:20
Oxunub: 5 826
«Gülbaxt» daş karxanasının işçiləri hakimiyyətdən məsələyə təcili əncam çəkməsini tələb edirlər

Qaradağ rayonunda qalmaqallar səngimək bilmir. Vəziyyət belədir ki, rayonun icra başçısı və dövlət qurumları yerli sahibkarları incitməklə yanaşı, onlara təzyiqlərini dayandırmaq fikrində deyil. Bununla bağlı dəfələrlə edilən müraciətlərə isə nə məhəl qoyan var, nə də əhəmiyyət verən.

Bolgexeber.com dövlət başçıçı İlham Əliyevə ünvanlanmış və 21 nəfər tərəfindən imzalanan müraciətdə bununla bağlı deyilir ki, Bakının bir neçə kilometrliyində yerləşən Qaradağ rayqonunda özbaşınalıq son həddə çatıb. «Burada nəinki qanunların işləmədiyi, hətta rayonda çalışan bəzi məmur və polislərin iş adamlarını günün orta çağında ölümlə hədələməsi, döyməsi və edilən şikayətlərin məmurları daha da azğınlaşdırması müşahidə olunur».

Müraciətdə deyilir ki, “Gülbaxt” karxanasını ələ keçirmək üçün iş adamı Akif Məmmədovu vəhşicəsinə döydürən Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyev və ortağı qatil Əlövsət Orucov indi də hədə-qorxu ilə şikayətini geri götürməsini istəyirlər. «Qeyd edək ki, Qaradağda mafiya sistemi quran hakim-polis-qatil qrupu adlandıra biləcəyimiz Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyev, ortağı 22 yaşlı Cəlilabad rayon Köyüzbulaq sakini Malik Niftullayevin qatili Əlövsət Orucov və Qaradağ rayon 38-ci Polis bölməsinin əməkdaşı Cəfər Ağayev nəinki Azərbaycan qanunlarını tanımırlar, onlar insanları mafiyavari şəkildə hədələyərək, ölümlə hədələyirlər».

Həmin müraciətdə iddia olunur ki, Cəfər Ağayevin havadarlıq etdiyi Əlövsət Orucov “KRAZ” markalı maşınla 2009-cu il 1 fevral tarixində 22 yaşlı Cəlilabad rayon Köyüzbulaq sakini Malik Niftullayevin üzərinə daşları tökərək qəsdən öldürsə də, məhz ortağı Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyevin sayəsində cinayət işi ört-basdır edilib. «Azğınlaşan ortaqlar mart ayının 17-də Akif Məmmədovu vəhşicəsinə döydürərək, kəllə-beyin travması almasına səbəb olub, aprel ayının 5-də isə Qaradağrayon məhkəməsinin sədri Adil Mikayılovun və Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilovun xidmətlərindən yararlanaraq, 2008-2010-cu il tarixlərini əhatə edən qanunsuz müqavilə ilə “Gülbaxt” karxanasını ələ keçirmələrinə hüquqi don geyindiriblər».

Şikayətçilər deyirlər ki, bu qanunsuz əməlin həyata keçirilməsində Əsəd Mirzəliyevin oğlu şəxsən Əlövsət Orucova vəkillik edərək, bu iki şəxs arasındakı ortaqlığı bur daha sübut etmişdir. «Qaradağ rayon 38-ci Polis bölməsinin işçisi Cəfər Ağayevin Akif Məmmədovun önünü kəsərək, “get şikayətini geri götür” deyə hədələməsi də iş adamının necə bir təhlükə ilə qarşı-qarşıya qaldığını göstərir. Cəfər Ağayevin Akif Məmmədova “boş yerə yazırsan, qardaşım Baş Prokurorluqda əla vəzifədədir, nə yazsan, zərərli sən çıxacaqsan. Bizə heç kim heç bir şey edə bilməz. Ancaq sabah sənin başına bir iş gəlsə, şikayət yazdığın prezidentin səni qurtara bilməyəcək bizim əlimizdən. Ağıllı ol və başını sal aşağı, dediyimizi et” deməsi də bu şəxslərin mütəşəkkil şəkildə bu işlə məşğul olduqlarını sübut edir».

Müraciəti imzalayanlardan Cəlal Mirməmmədov, Samir Abbasov, Firudin Qasımov və Əli Fətəliyev vurğulayıb ki, Əsəd Mİrzəliyev qardaşı İnqilab Mirzəliyevlə mülk davasında olduğu halda başqasının halal əmlakını da ələ keçirmək cəhdi və bu yolda öldürmək və ya şərlətməkdən çəkinməməsi ədalət tərəzisi sayılan bir qurumda çalışması ilə tərs mütənasibdir. «İnsanların təhlükəsizliyini qorumalı olan polis kapitanı Cəfər Ağayevin Qaradağ daş karxanasına gələrək fəhlələrə "Cibinizə nəşə atıb, dama basdıraram..." deməsi polis əxlaqı ilə nə qədər mütənasibdir? Biz Sizdən sonuncu dəfə yardım istəyirik. Bizim haqlı müraciətimizə səs verin ki, əynində dövlətimizin zirehi olan quldurlar bizi əzməsinlər».