BolgeXeber.Com » BÖLGƏ TV » Lənkəranda cəbhəçilərə hücum olub – Video-Foto

Lənkəranda cəbhəçilərə hücum olub – Video-Foto

10-06-2013, 09:40
Oxunub: 4 345 Bir dəstə öyrədilmiş adam daş, yumurta, dəmir və taxta dəyənəklərlə cəbhəçilərə basqın etdi

Avtomobilə ciddi zərər vurdular; maşının arxa və yan şüşələri sındırıldı; partiya nümayəndələri xəsarət aldı

“Çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. Iqtidar-müxalifət münasibətləri də olmalıdır”. Bu sözlərin müəllifi müxalifət partiyalarından birinin rəhbəri, yaxud ictimai fəal deyil. Bu, iyunun 7-də “Buta Palace”də keçirilən YAP-ın qurultayında üçüncü dəfə prezidentliyə namizədliyi elan edilən Ilham Əliyevə məxsusdur. Iki gün sonra isə...

Cəbhəçilərə daşla, dəyənəklə, armaturla hücum...

Buna qədər də real müxalifət partiyalarının rayonlara gedişinin qarşısı alınırdı. AXCP-nin Sabirabad, Ağdaş, Ağstafa və bir neçə rayonlarında müşavirələrinin keçirilməsinə imkan verilməyib. Polis və öncədən öyrədilmiş bir neçə şəxsin əliylə partiya üzvlərinə hücum edilib, xəsarət yetirilib. Elə Isa Qəmbərin də Lənkəran rayonuna səfərinə maneçilik törədildi və tədbirin qarşısı alındı. Bu olaylar baş verən zaman hakimiyyət nümayəndələri min bir bəhanəylə məsuliyyəti öz üzərlərindən atmağa çalışırdılar. Və ictimai rəydə belə bir fikir formalaşdırmaq istəyirdilər ki, sakinlər müxalifət nümayəndələrinin rayonlarına gəlməsini istəmir. Ancaq...

Iyunun 9-da ölkə başçısının yuxarıda qeyd etdiyimiz cümləsinin mürəkkəbi qurumamış Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi Lənkəranda vandalizmin qurbanı oldu.

Belə ki, AXCP Lənkəran şöbəsinin müşavirəsi keçirilməli idi. Bu məqsədlə Bakıdan partiya sədrinin müavini Fuad Qəhrəmanlı, Rəyasət Heyətinin üzvləri Asif Yusifli və Mənsum Bayramov rayona ezam olunmuşdu. Sözügedən şəxsləri rayonun girişində partiyanın Lənkəran şöbəsinin fəalı Nazim Həsənov qarşılayıb.
Ancaq onlar Lənkərana daxil ola bilməyiblər. Lənkəranın girəcəyində rayon rəhbərliyinin təşkil etdiyi hücuma məruz qalıblar. Rayon Icra Hakimiyyətinin və polisin himayə etdiyi bir dəstə öyrədilmiş adam əllərində daş, yumurta, dəmir və taxta dəyənəklərlə AXCP nümayəndələrinə basqın edib, onlara xəsarət yetirməyə çalışıblar. Cəbhəçilər avtomobillə basqınçıların əhatəsindən çıxaraq geriyə hərəkət etmək istəyiblər. Ancaq basqınçılar Mənsum Bayramova məxsus avtomobilə ciddi zərər vurublar. Avtomobilin arxa və yan şüşələri sındırılıb, müxtəlif hissələri əzilib. Şüşələrin qırılması səbəbindən AXCP nümayəndələri müxtəlif dərəcəli xəsarət alıb.
Bundan başqa, AXCP nümayəndələrinin avtomobilinin qarşısını yük maşını ilə kəsməyə çalışıblar və bu zaman qəza vəziyyəti yaranıb.
AXCP rəhbərliyi basqınçılardan xilas olaraq Bakıya, geri qayıtmağa məcbur olub. Təşkil olunmuş dəstə onları təqib edib və partiya nümayəndələri Liman qəsəbəsində ikinci dəfə hücuma məruz qalıb.

Fuad Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, ötən gün saat 13:00-da partiyanın Lənkəran şöbəsinin müşavirəsi keçirilməliydi: “Rayonun girəcəyində ”KaMAZ"-la qarşımızı kəsdilər. Bunun təxribat olduğunu o dəqiqə anladıq. Geri qayıtmaq istəyəndə arxanı da bağladılar və bizi mühasirəyə aldılar. 50-60 adam sarı geyimdə bizə hücum etdilər. Maşını armaturla, daşla, dəyənəklərlə vurdular. Bu hücumlar o qədər intensiv və anidən oldu ki, həyatımız üçün real təhlükə yarandı. Mənsum Bayramovun çevikliyi olmasaydı, indi tamam başqa cürə olacaqdı. Liman şəhərində avtomobili saxlayıb nəfəsimizi dərmək istədik. Bizə hücum edənlər maşınla arxamızca gəldilər və orada da hücuma məruz qaldıq. Bu kiminsə öz təşəbbüsü, özfəaliyyəti deyil. Bu, ölkə başçısının sırf sanksiyalaşdırdığı siyasi terror aktıdır. Bu olayda hər birimizin sağlamlığına ciddi zərər dəyə bilərdi. Sadəcə bəxtimiz gətirdi". Fuad Qəhrəmanlı deyir ki, hakimiyyət siyasi rəqiblərinə qarşı zorakı üsullara əl atıb: “AXCP olaraq bəyan edirik ki, hakimiyyətin bu cür tutduğu yol bizi çəkindirməyəcək, proses davam edəcək və Azərbaycanın bütün rayonlarına gedib tədbirimizə keçirəcəyik”.

Asif Yusiflinin sözlərinə görə, onlar əvvəlcədən partiyanın Lənkəran şöbəsinin sədrinin evində tədbiri keçirməyi planlaşdırıblar: “Bu razılaşdırılmışdı. Rayon şöbəsinin sədrinə evində tədbir keçirilməsinə razılıq verilmişdi. Ancaq biz Lənkərana çatanda məlum oldu ki, icra hakimiyyətinin Liman şəhəri üzrə nümayəndəsi VAZ-2107 markalı avtomobil ilə rayon polis idarəsinin rəis müavini ”Hunday" markalı maşınla bizi müşayiət etdi. Rayonun girəcəyinə çatanda isə 970 markalı ağ BMW polis maşını qarşımızdan keçdi. Bu sanki işarə idi. Və “KaMAZ” qarşımız kəsdi. Əvvəlcə yumurta atdılar. Sonra dəyənəklərlə, daşlarla üstümüzə hücum etdilər".

AXCP hakimiyyəti tarixdən ibrət dərsi almağa çağırdı

AXCP olaydan sonra bəyanat yayıb. Baş verənləri ölkədə hüquq və azadlıqların tapdanmasına növbəti nümunə kimi dəyərləndirən partiya siyasi fəallara qarşı fiziki zorakılığı qətiyyətlə pisləyib.

AXCP ölkədə siyasi fəaliyyətin artıq həyati təhlükə həddinə çatdığını xüsusi həyəcanla yerli və beynəlxalq birliyə bəyan edir.

“Siyasi opponentlərə bu sayaq davranışın adı siyasi terrordur və onun təşkilatçıları, lümpen icraçıları öz məsuliyyətlərini anlamalı və zamanında hüquq qarşısında cavab verməyə hazır olmalıdırlar. Hüquq-mühafizə orqanları zorakılığın təşkilatçı və icraçılarını müəyyən edib onları ədalətli formada cəzalandırmasa, qəsdin arxasında Əliyev rejiminin durduğu barədə cəmiyyətdə heç bir şübhə qalmayacaq”,- deyə partiyanın bəyanatında qeyd olunur.

AXCP hakimiyyəti tarixdən ibrət dərsi almağa, öz rəqibləri ilə əxlaq və qanun çərçivəsində davranmağı, bugünkü müxalifətin sabahkı hakimiyyət olacağını unutmamağa çağırır.

Partiya Lənkəranda baş verənlərə hakimiyyətin operativ və ağılabatan izahını tələb edir.

***

“Biz bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik. Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı-bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır” - bu sözləri də Ilham Əliyev YAP-ın sonuncu qurultayında deyib. Deyilənlər sadəcə sözdür. Fakt budur ki, siyasi rəqiblərə qarşı amansız rəftar, repressiv addımlar davam edir...