BolgeXeber.Com » Fotoqalereya » AVP-nin Qadınlar Şurasının II Konfransı keçirilmişdir-Fotolar

AVP-nin Qadınlar Şurasının II Konfransı keçirilmişdir-Fotolar

30-06-2013, 19:25
Oxunub: 6 156 Müzakirələrin sonunda müraciət qəbul olundu
Bolgexeber.com bildirir ki, 29 iyun 2013-cü il tarixində Ana Vətən Partiyası Qadınlar Şurasının II Konfransı keçirilmişdir. Konfransın işində rayon təşkilatlarından seçilmiş 123 nəfərlik nümayəndə iştirak etmişdir.
Öncə çıxış edən AVP-nin Qadınlar Şurasının sədri Yeganə Hacıyev partiyanın üzvü olan qadınların qarşısında duran məqsəd və məramlardan, gender bərabərliyindən, qadın zorakılığından, küçə uşaqları problemindən və qadınların cəmiyyətdəki rolundan bəhs etmişdir. Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Safura Quliyeva, Nizami rayon Qadınlar Şurasının sədri Aysel Abbasova, Nizami rayon təşkilatının nəzarət təftiş komissiyasının sədri Zülfiyyə Mustafayeva və Xətai rayon Qadınlar Şurasının sədri Ülkər İsmayılova partiya işi və qadınlar, qadınların ailədə və uşaqların tərbiyəsində rolu, məişət zorakılığı, qadın problemləri və s. mövzularında çıxışlar etdilər.
Müzakirələrin sonunda müraciət qəbul olundu (müraciət əlavə olunur).
Konfransda AVP Qadınlar Şurasının əsasnaməsi təsdiq edildi.
Yeganə Hacıyeva AVP Qadınlar Şurasının sədri və 9 nəfərdən ibarət idarə heyəti seçildi.
Konfransın sonunda çıxış edən partiyanın sədri Fəzail Ağamalı qadınları təbrik edərək, onlara ictimai və siyasi fəaliyyətlərində uğurlar arzuladı. F.Ağamalı çıxışında qadınların cəmiyyətimizin aparıcı qüvvəsi olmasından, bir ana kimi onların gənclərin vətənpərvər, sağlam ruhda böyuməsindəki, xidmətləri üzərində dayandı.
F.Ağamalı qadınların ölkəmizin ictimai siyasi həyatında göstərdikləri fəalliğı bundan sonra da nümayiş etdirəcəklərinə ümidvar olduğunu bildirdi.


ANA VƏTƏN PARTİYASI QADINLAR ŞURASININ
AZƏRBAYCAN QADINLARINA
M Ü R A C İ Ə T İ
Əziz analar və bacılar!
Biz, AVP vətənkeş qadınların konfrans iştirakçıları yaşadığımız müasir dövrdə dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, Vətənimizin erməni işğalından azad edilməsi, xalqımızın firavan, xoşbəxt gələcəyi uğrunda mübarizədə üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edərək bildiririk ki, Ana Vətən Partiyasının Qadın siyasəti onun Proqram vəzifələrindən, Azərbaycan xalqının müdrik və humanist adət-ənənələrindən, Zərdüşt təlimindən, “Gözəllik və səadət” əsərinin müəllifi Bəhmənyar fəlsəfəsindən, Nizami, Nəsrəddin Tusi “Dədə Qorqud” ideyalarından, Füzuli eşqindən, Nəsimi hikmətindən, Molla Pənah Vaqif poeziyasından, M.F.Axundov qüdsiyyətindən və dövrümüzün mövcud reallığından güc-qüvvət alır. Azərbaycan xalqının qadına, ana və bacılarımıza ülvi məhəbbət və sevgisi onun zəngin mənəvi-mədəni irsində, folklor yaradıcılığında bol-bol dastanlaşıb, nağıllaşıb, bayatı və mahnılarımızın musiqisinə, ruhuna çevrilib. Xalqın yaratdığı bütün möhtəşəm obrazlar kişi və qadın bərabərliyinin canlı təcəssümüdür. Xalqın yaddaşında Leylisiz Məcnun, Nigarsız Koroğlu, Həmidəsiz Mirzə Cəlil, Sonasız Cəfər Cabbarlı, Dilbərsiz Mikayıl Müşfiq, Zərifəsiz Heydər, Mehribansız İlham yoxdur.
Bu da milli təfəkkürdən və xalqın öz saf təbiətindən irəli gələn bir məziyyətdir. Hətta bir çox hallarda ədiblərimiz qadınları daha tədbirli və müdrik təsvir edib. Dahi şairimiz Nizami Gəncəvinin bütün qadın qəhrəmanları fəhm, fərasət və fəzilətdə müasirlərindən bir addım öndədir.
Etiraf etməliyik ki, bu gün də Azərbaycan qadını cəmiyyətdə kişilərdən bir addım irəlidədir. Evin, ailənin məişət qayğıları, demək olar ki, bütünlüklə qadınların çiynindədir. Onlar kişilərlə bərabər ailənin bütün problemlərinə, çətinlik və əziyyətlərinə şərikdirlər. Hətta bir çox hallarda onlar bu yükü tək-tənha çəkməli olurlar. Ailəni dolandırmaq, uşaqları oxutmaq, onlara təlim-tərbiyə vermək bilavasitə qadınların üzərinə düşür.
Danılmaz faktdır ki, erməni-daşnak qəsbkarlarının 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüz etməsi, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğal edilməsi, bir milyondan çox soydaşımızın məcburi köçkün və və qaçqın vəziyyətinə düşməsi, bu günədək davam edən 25 illik savaş səngərlərində həlak olan ərlərin itkisi qadınlarımızı ağır möhnət və müsibətlərə məruz qoymuşdur. Şəhid ailələrinin şərəf və ləyaqətini uca tutan, şəhidlərin yadigarlarına və davamçılarına analıq edən belə qadınlarımıza eşq olsun!
Millətçi erməni-daşnak qəsbkarlarının xalqımıza qarşı törətdikləri cinayətlər, zorakılıq halları, qarət və qəsdlərin bütün dözülməz dramatik gərginliyini, faciə və müsibətlərini hamıdan çox yaşamış və yaşamaqda olan müasir Azərbaycan qadını bu gün düşməndən qisas alacaq vətənpərvər yeni nəsl yetişdirməkdədir. Mübariz İbrahimov kimi qəhrəman oğullarımızı dünyaya gətirən, onu igid əsgər səviyyəsinə qaldıran Azərbaycan qadını düşmənə qarşı olum ya ölüm mübarizəsində ön cəbhədədilər. Analarımızın tərbiyə etdiyi müasir nəsl Vətəni yağı düşməndən xilas edəcək və üçrəngli bayrağımızı İrəvanda, Xan kəndində, Zəngəzurda, Vedibasarda, Şuşada, Göyçədə, Ağdamda, Qubadlıda... dalğalandıracaqdır. Ana Vətən Partiyası öz övladlarını fikrən və ruhən doğma Vətənin azadlığı uğrunda mübarizəyə hazırlayan ana və bacılarımıza “Var olsun!” deyir. Onların zəhməti hədər getməyəcək və yetişdirdikləri igidlər doğma el-obamızı yağı düşməndən təmizləyib öz torpağına sahib çıxacaqlar.
Qarşıdan prezident seçkiləri gəlir. Hər zaman olduğu kimi, 2013-cü il prezident seçkilərində də qadınlarımızı fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, güclü, demokratik Azərbaycana , Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna səs verməyə çağırırıq.
Əziz ana və bacılar!
Xalqımız Vətənə-Ana Vətən, torpağa-Ana torpaq, təbiətə-Ana təbiət deməklə bu nemətlərin nə qədər uca, yüksək və müqəddəs olduğunu diqqətə çatdırmaq istəyib. Xalqımız çətin anlarda Vətənə, torpağa, çörəyə, anaya and içib. Biz də bu anda sadiqik! Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəni qələbəyədək davam etdirəcəyimizə and içirik! Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!

AVP Qadınlar Şurasının ikinci konfransının iştirakçıları
Bakı ş. 29 iyun 2013-cü il