BolgeXeber.Com » Siyasət » 2 aprel məhbuslarinin sayi artdi

2 aprel məhbuslarinin sayi artdi

12-05-2011, 16:55
Oxunub: 6 211
İctimai Palatanın 2 aprel aksiyasına görə daha bir nəfər tutulub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından Bolgexeber.com-a verilən məlumata görə, gənc fəal Elnur Məcidli barəsində 48 saatlıq həbs qərarı çıxarılıb.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Elnur Məcidlini mayın 11-də saxlayıb 2 aprel aksiyasından sonra açılmış cinayət işi ilə bağlı məsuliyyətə cəlb ediblər.

Əbülfəz Qurbanlı əlavə edib ki, Elnur Məcidli İctimai Palata və AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü, deputatlığa keçmiş namizəd Arzuman Məcidlinin oğludur.

Partiyanın Elnur Məcidlinin həbsi ilə bağlı yaydığı bəyanatda bildirilir ki, hakimiyyət siyasi opponentləri ilə sivil normalar çərçivəsində davranmaq mədəniyyətində deyil, onlara qarşı düşməncəsinə qərəzlidir.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Həmin gün Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. İstintaqı prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu aparır. İndiyədək 13 aksiyaçıya cinayət işi qaldırılıb. Onların 12-si həbsdədir.