BolgeXeber.Com » Şou-Biznes » Balakəndə gözlənilməyən bir qətlin tarixçəsi...Fotolar

Balakəndə gözlənilməyən bir qətlin tarixçəsi...Fotolar

7-07-2013, 09:20
Oxunub: 7 880 Qasım Mahmayevi qətl törətməyə təhrik edən səbəblər; İtitala kəndində iki qardaşın güllələnməsinin təfərrüatları İndi Balakənin İtitala kəndində hamı bugünlərdə baş verən bir qətl hadisəsindən danışır. Kəndlilər və cinayəti törədən şəxsin ailəsi təəccüb içində insidentin şokunu yaşamaqdadırlar. Söhbət iyulun 3-də rayonun Tülü kənd sakinləri - Bəxtiyar Əliyar oğlu Qurbanov və qardaşı Şahin Qurbanovun İtitala kəndindəki meşədə güllələnməsindən gedir.
Onlardan B.Qurbanov güllə yarasından dünyasını dəyişib, qardaşı Şahin isə hazırda Balakən Mərkəzi rayon Xəstəxanasında müalicə alır. Həkimlərin səyinə baxmayaraq, B.Qurbanovu xilas etmək mümkün olmayıb. Hadisəni İtitala sakini Qasım Mahmayev törədib. Xəbər portallarının hadisəni “Gürcüstanla sərhəddə iki qardaş güllələndi” başlığı ilə təqdim etməsi diqqət çəkməyə bilməzdi. İyulun 5-də “Yeni Müsavat”ın reportyorları kənddə olub, hadisəni araşdırıb və təfsilatını öyrənə biliblər.

***

...İtitalada Q.Mahmayevin ailə üzvləri ilə görüşüb qətlin təfərrüatlarını onların dilindən eşitdik. Qardaşı Zamir Mahmayevin sözlərinə görə, hadisə günorta saatlarında, meşəlikdə baş verib: “Qasım sahələrdə ot təmizləməklə ailəsini birtəhər dolandırırdı. Günü 10 manata hektarla yer təmizləyirdi. Kasıb adamdır da, çörəyini ot təmizləməklə, bir az həyətindəki mal-qara, əkin-biçinlə çıxarırdı. Kəndin meşəbəyisi onu hadisə günü həmişəki kimi meşəyə ot təmizləməyə çağırıb. O da gedib. Evi meşənin 150 metrliyindir. O gün iməcilik təşkil olunmuşdu. Meşədə hərə öz işini görürdü”.
Qardaşı danışır ki, iməcilik işinə fasilə verib meşənin içində yeyib-içməyə başlayıblar: “Bu Bəxtiyar və Şahin qardaşları da onlarla bir yerdə oturub. Meşəbəyi, qardaşım, iki qardaşlar və bir başqa kənd uşağı olub. Başqa fəhlələr də olublar. Meşəbəyi də bu iki qardaşı tanıyırmış, onlar maşın ustası idilər. Çağırıb ki, gəlin oturaq. Qasım heç onları tanımırdı. Birinci dəfə imiş bu adamlarla yeyib-içirmiş. Hardan biləydik ki, belə faciə baş verəcək. Qasım heç vaxt belə iş görməzdi”.
Hadisənin baş verdiyi meşəyə gedirik, davamını meşəbəyi Muradın dilindən oxuyaq: “Qasım səbəb olmasa belə işə əl atmazdı. Bir yerdə oturub yeyib-içirdik. Elə çox da içməmişdilər. Hər şey qaydasında gedirdi. Bir az keçdi, qardaşlardan Bəxtiyar Qasımı güləşməyə çağırdı. Dedim, a kişilər, oturun yerinizdə qapışmaq vaxtıdır? Qasım da qol-qüvvətli oğlandır, dedim, əşi onunla bacara bilməzsiniz. Zarafatyana Bəxtiyarla Qasım güləşməyə başladılar. Sonra meşənin içidir də, hərə bir tərəfə dağılışdı. Fikirləşdik ki, özləri üçün zarafatca güləşirlər də. Mən həmin vaxt kənarda durub telefonla danışırdım. Biz bilmirik bu vaxt ərzində onların arasında nə olub, nə söhbət gedib”.
Meşəbəyi deyir ki, Qasım Vüqarın güləşdə kürəyini yerə vurub: “Bu vaxt o biri qardaşı hücum çəkdi Qasımın üstünə, boynundan tutub dartıb, aralaşdılar. Sonra sakitləşdilər. Mən aralıda idim. Güləşdə uduzan qardaş Qasımın ağzından vurub. Qasım da ağzı-burnu qan içində ata minib gedib. Heç kimə bir söz demədən...”

***

Gerisini Q.Mahmayevin qızı Tamella Mahmayeva danışır: “Atam evə hirsli, qəzəbli ovqatda girdi. Köynəyi cırılmış, ağzı-burnu qan içində, şok vəziyyətdə idi. Soruşdum nə olub, danışmadı. Heç bir kəlmə kəsməyib tüfəngini götürüb getdi. Elə getməyi ilə qayıtmağı bir oldu. Heç 5 dəqiqə çəkmədi ki, evə qayıtdı”.
T.Mahmayeva atasının evə qayıdarkən söylədiklərini bölüşdü: “Dedim, ay ata, nə olub axı? Cırılmış köynəyini göstərib dedi ki, ”narkomanlar gör məni nə günə qoyub?". Dedi ki, mal-qaradan satıb yaşayarsınız. Üst-başını dəyişdi, hazırlaşdı ki, polisə getsin. Həyətə 7-8 nəfər adam gəldi. Polislərə dedi ki, gəlirəm. Təslim olmağa hazır idi. Polislər onu apardılar. Televiziyalar da səhv məlumat yayıblar. Guya atam hadisədən sonra pasportunu götürüb sərhədi keçmək istəyib. Ağ yalandır. Atam özü təslim olub, polisin həyətə gəlməyini gözləyib"...
Meşəbəyi Murad da hadisəni belə nəql edir: “Bir az keçdi, Qasım atı ilə qayıtdı. Heç bilmədik üstündə tüfəng var. Yaxınlaşan kimi Bəxtiyarı vurdu. Burnundan gələn qanı silib Şahinin ayağından atdı. Tüfəngi əlindən almaq istəyəndə güllə qolumun altından keçdi. Dedim, ay Qasım, sən neylədin? Ata minib getdi”.
Həyat yoldaşı Zeynəb Mahmayeva: “İş-güc adamıydı, ot biçməyə gedirdi. Tək-tük hallarda içməyi olardı. Bu günə kimi bir adamla davası, mübahisəsi olmayıb. Hamı məəttəl qalıb ki, Qasım niyə bu işi görüb. Həmin adamları ilk dəfəydi görüb. Onlarla bu günə kimi görüşməyib, tanımayıb”.
İtitala kənd sakinlərinin əksəriyyəti və Q.Mahmayevin yaxınları ehtimal edir ki, qardaşlar narkotik istifadəçisi olublar. Onların fikrincə, Qurbanovların hadisə günü narkotik istifadə etdiyini əminliklə deyə bilməzlər. Yaxınları bildirirlər ki, məsələnin bu həddə çatması, Q.Mahmayevin əli silahlı onların üstünə qayıtması, birini öldürüb, digərini yaralaması iki qardaşın çox ağır söyüşlər, nalayiq ifadələr işlətdiklərini deməyə əsas verir: “Ola bilsin ki, Qasımın ailəsini, özünü təhqir ediblər. Yoxsa o belə iş görməzdi”.
Mahmayevlər ailəsi Qasımın bu günə kimə heç kəslə davası olmadığını deyirlər: “Onun 48 yaşı var, hələ bir adamla konflikti olmayıb. Ailəsini çətinliklə dolandıran bir adamıydı, heç kəslə işi olmayıb. Onu buna vadar ediblər, bu həddə çatdırıblar. Həmin gün də sərxoş olmayıb. Sadəcə, şokda olub. Emosional vəziyyətdə olub. Bu adamı o yerə çatdırıblar ki, silaha əl atıb”.
Z.Mahmayev ölənin ailəsinə başsağlığı verir, yaralanan Şahin Qurbanova tezliklə ayağa qalxmağı arzulayır, işə ədalətli baxılmasını xahiş edir: “Qardaşımız onları öldürmək istəməyib. Onu buna təhrik ediblər, bu həddə çatdırıblar. Ona görə xahiş edirik ki, işə baxılanda bu nəzərə alınsın”.musavat.com