BolgeXeber.Com » Media » ANS-dəki yeni qalmaqal böyüyür

ANS-dəki yeni qalmaqal böyüyür

11-07-2013, 13:15
Oxunub: 4 611 Umka Hacıyeva: “Məni ANS-in “əxlaq gözətçiləri”nin internetdəki açıqlamaları maraqlandırmır”Zəminə Əliyeva: “Qanunsuzluğa və haqsızlığa qarşı çıxaraq oradan uzaqlaşmışam”
Bir müddət bundan əvvəl ANS telekanalında baş verən qalmaqal, jurnalistlərin gözlənilmədən televiziya kanalından uzaqlaşdırılması yeni mərhələyə qədəm qoyub. Belə ki, “Doğruya doğru” və “Şoumən” verilişlərinin aparıcıları Zəminə Əliyeva ilə Vüsalə Şahvəliqızının ardınca “Top- 10" verilişinin aparıcısı Umka Hacıyeva adıçəkilən telekanaldan uzaqlaşdırılıb. Buna səbəb isə gənc xanımın sosial şəbəkələrdə açıq-saçıq şəkillərini paylaşması və milli-mənəvi dəyərləri pozması göstərilir.
Bu arada Umka Hacıyeva Facebook sosial şəbəkəsində işdən öz istəyi ilə ayrıldığını qeyd edərək bildirib ki, bu haqda dəfələrlə rəhbərliyə ərizə ilə müraciət edib: “Birincisi, məni işdən heç kim azad etməyib. Özüm 4-5 dəfə ərizə yazıb bildirmişəm ki, mənimlə olan müqaviləyə xitam verilsin. Amma onlar bu ərizələri cırıb atırdılar və məni işdə saxlayırdılar.
İkincisi isə, son verilişimi verib gedəndə də bildirdim ki, işdən çıxıram. Bununla bağlı ərizə də yazdım və onların cavabını gözləmədən çıxıb getdim. Bilməyənlər bu haqda boş-boş danışmasalar yaxşıdır.
Məni milli-mənəvi dəyərləri pozmaqda ittiham edirlər, bildirmək istəyirəm ki, “Ağabəyovlar” serialında öpüşmə, qucaqlaşma, yataq və bu kimi açıq-saçıq səhnələri nənəm çəkib"?
Daha sonra şəxsi həyatı haqqında danışan gənc aparıcı insanları onun şəxsi həyatına müdaxilə etməməyə çağırıb: “Məni ANS-in ”əxlaq gözətçiləri"nin internetdəki açıqlamaları maraqlandırmır. Öz həyatımı yaşayıram, heç kimin işinə qarışmıram. Kompleksləri olmayan biriyəm, sakit yaşamağı sevirəm. Məni üzən tək şey, bütün bu təhqirləri qızların yazmasıdır. Onlar ya mənim bu cür yaşamağıma paxıllıq edirlər, ya da işləri-gücləri yoxdur. Mən Azərbaycanda yaşayıram, amma içimdə “kiçik Avropa” var. Olduğum kimi davranmağı xoşlayıram “.
ANS televiziyasının Proqramlar Departamentinin direktoru Sevda Həsənova isə mətbuata açıqlamasında gənc aparıcının milli-mənəvi dəyərlərə uyğun olmayan hərəkətlər etdiyi üçün telekanaldan uzaqlaşdırıldığını bildirib. Daha sonra S. Həsənova Facebook sosial şəbəkəsində yazır: “Onu məhz əxlaqsızlığına görə işdən çıxarıblar. Şəkillərini yayıb bu onun öz işidir”.
Məsələyə münasibət bildirən Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, hər hansısa işçini əməllərinə görə işdən uzaqlaşdırmaq doğru deyil: “Əmək qanunvericiliyinə əsasən yalnız iş yerində işçinin davranışı ilə bağlı hər hansısa bir cəza tədbiri görülə bilər. Tutaq ki, onun hər hansı bir davranışı əmək kollektivinin işinə mənfi təsir edə, onlara mənəvi və ya maddi ziyan vurarsa, bu haqda həmin şəxs işlədiyi yerdən uzaqlaşdırıla bilər. Onun kənar fəaliyyəti nəzərə alınmamalıdır. Amma həmin şəxs uşaq bağçasında , pedaqoji kollektivdə fəaliyyət göstərirsə, bu halda onun kənar fəaliyyəti də nəzərə alına bilər. Ümumiyyətlə burda bir ölçülər olmalıdır. Ola bilsin televiziya da hesab edir ki, onun işçisinin kənar fəaliyyəti, əməlləri televiziyanın ümumi imicinə mənfi təsir edir. Bunu əsas gətirərək də həmin aparıcını işdən uzaqlaşdırıblar. Lakin qeyd etmək istəyirəm ki, bu haqda hər hansı normativ sənəd yoxdur. Heç yəqin ki, onların (adıçəkilən telekanalı nəzərdə tutur - H.K) bu haqda daxili normativləri də yoxdur. Lap belə daxili sənəd olsa da, o gərək əmək qanunvericiliyinə uyğun olsun. Bir sözlə, bu məsələ qanunvericiliklə tənzimlənmir. Belə olan halda isə işçinin kənar hərəkətlərinə görə işdən azad edilməsi doğru deyil. Qeyri-iş zamanı hər hansı vətəndaşın fəaliyyətinə görə işlədiyi müəssisə məsuliyyət daşımır və buna görə də həmin şəxsi cəzalandıra bilməz.
Ona görə də əgər o xanımın kənar fəaliyyətinə görə rəhbərlik onu işdən çıxarıbsa, o əmək mübarizəsinə qoşulub öz hüquqları uğrunda mübarizə apara bilər. Çünki bu haqda qanunda müəyyən boşluqlar var. Qanunvericiliyin 72-ci bəndində sadalanan maddələr də bu situasiyaya şamil edilə bilməz".
S. Məmmədovun sözlərinə görə, xanımın sosial şəbəkələrdə açıq-saçıq şəkillərini paylaşması və yaxud da əxlaqsızlıqda ittiham olunması onun ümumi iş fəaliyyətinə təsir etməməlidir və rəhbərliyin bu kimi hallara görə onu işdən azad etməsi doğru deyil.
Bu arada bir müddət bundan əvvəl ANS- dən uzaqlaşdırılan “Doğruya doğru” verilişinin aparıcısı olmuş Zəminə Əliyeva bizimlə söhbətində adıçəkilən televiziya kanalından uzaqlaşmasının səbəbini belə izah etdi: “Mən sadəcə qanunsuzluğa və haqsızlığa qarşı çıxaraq oradan uzaqlaşmışam. Bu haqda əlavə heç nə danışmaq istəmirəm ”.