BolgeXeber.Com » Gündəm » Misir Mərdanovdan məktəb direktorlarına xəbərdarlıq

Misir Mərdanovdan məktəb direktorlarına xəbərdarlıq

21-05-2011, 10:45
Oxunub: 5 442
"Qaynar xətt" xidmətinə 127 məktəbdəki neqativ hallar barədə 223 müraciət daxil olub

Mayın 19-da Bakıdakı 276 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxtın məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.

Bolgexeber.com-un Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul işçiləri və paytaxtın ümumtəhsil məktəblərinin, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq başa vurmaqda olduğumuz tədris ili ərzində ümumi təhsillə bağlı xeyli işlərin görüldüyünü diqqətə çatdırıb. Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyini qeyd edən nazir bu məsələnin ölkə prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanıldığını nəzərə çatdırıb. Nazir bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq işlər gördüyünü və baş verə biləcək neqativ halların aradan qaldırılması istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini söyləyib.

Ümumi orta təhsil sahəsində qazanılan nailiyyətlərlə yanaşı, bəzi problem və nöqsanların da olduğunu istisna etməyən nazir bunu təəssüf hissi ilə qarşıladığını, baş verən neqativ hallarla bağlı ciddi narahatçılıq keçirdiyini nəzərə çatdırıb. Təhsil naziri 2011-ci ilin yanvar - may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə Bakı şəhərinin ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlər haqqında məlumat verib. "Qaynar xətt" xidmətinə 127 məktəbdəki neqativ hallar barədə 223 müraciətin daxil olduğunu qeyd edən Misir Mərdanov bəzi faktları sadalayıb, adları qeyd olunan ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı öz iradlarını bildirib. Nazir, eyni zamanda məktəb direktorlarına ciddi xəbərdarlıq edib, göstərilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması və müşavirədə söylənilənlərdən nəticə çıxarılması ilə bağlı konkret tapşırıqlarını verib.

Çıxışında bir sıra digər məsələlərə də ətraflı toxunan təhsil naziri bunlarla bağlı fikir və mülahizələrini söyləyib.
Müşavirənin sonunda Misir Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə idarənin əməkdaşlarının Bakıdakı ümumtəhsil müəssisələrində olmaları, baş verə biləcək neqativ halların vaxtında aradan qaldırılması, məktəblə valideyn arasında daha sıx əlaqənin təmin edilməsi, şagirdlərlə səmimi ünsiyyət qurulması və digər məsələlərlə bağlı tapşırıqlarını verib.