BolgeXeber.Com » Siyasət » Məmurlar arasında yeni dava

Məmurlar arasında yeni dava

31-08-2013, 12:05
Oxunub: 8 259 Azərbaycanda əhalinin mənzil probleminin həlli istiqamətində yeni və maraqlı təklif gündəmə gəlib. Həmin təklifin kökündə isə qardaş ölkə olan Türkiyə təcrübəsi dayanır.

Belə ki, bəzi ekspertlər Türkiyədə uzun illərdən bəridir gerçəkləşdirilən və effektiv olan TOKİ (Toplu Bina İdarəsi Nazirliyi) layihəsinin Azərbaycanda da tətbiqini real sayırlar. Oxucular üçün aydın olsun deyə, bildirək ki, sözügedən layihə çərçivəsində çox ucuz mənzillər inşa edilir və uzun müddətli faizsiz kreditə verilir. 2023-cü ilə kimi Türkiyədə 1 milyona yaxın belə mənzil inşa ediləcək. Adətən 25-30 ilə kreditə verilən bu mənzillərdə aylıq ödəniş 100-150 dolları keçmir. Ödəniş başa çatdıqdan sonra isə ev xüsusi mülkiyyətə keçir. Yəni Azərbaycanın öyrənməsi üçün yetərincə əlverişli nümunə var, sadəcə bütün bunları etmək üçün ilk addımlar atılmalıdır. Əks halda, sosial mənzil barədə başlamış yeni söhbətlər də əvvəlkilər kimi yola vermək variantı olacaq.
Ümumiyyətlə vurğulamaq yerinə düşər ki, indi gənclər üçün ucuz mənzillər tikilməsi məsələsindən həm rəsmilər, həm də ekspertlər çox danışır. Artıq on ilə yaxındır ki, mətbuat orqanları bu barədə verilən vədlərin salnaməsini yazmaqdadır. Dövlət rəsmiləri və onlara yaxın ekspertlər hər gün yeni bir versiya irəli sürürlər: gah Almaniyadakı kimi mənzil depozitlərinin tətbiq ediləcəyini, gah da gənclər üçün ucuz və kiçik ölçülü mənzillərdən ibarət xüsusi şəhərciklərin tikiləcəyini bildirirlər. Bu cür bəyanatlar bir növ manipulyasiyaya bənzəyir və evsiz-eşiksizlərə mütəmadi verilən ümid rolunu oynayır.
Reallıqda isə hər il evsizlər ordusuna təxminən 20 min yeni qurulmuş ailə qoşulur və bu, respublikada sayı yetərincə yüksək olan evsiz ailə təsərrüfatlarının sıralarını bir az da genişləndirir. Müxtəlif ekspert hesablamalarına görə, Azərbaycanda 700 minə yaxın ailənin evi yoxdur. Belə ailələr ya qohumlarının yanında, ya da kirayədə yaşamağa məcburdurlar. Ölkə üzrə 1,9 milyon ailə təsərrüfatının olduğu nəzərə alınarsa, təxminən 37%-ə bərabər evsizlər göstəricisi yetərincə yüksək görünür. Beləliklə, Azərbaycan da əhalisinin 60 faizindən çoxu kirayədə yaşayan Türkiyə kimi ölkələrin sırasına yuvarlanır.
İndi ekspertlərin məhz Türkiyə təcrübəsini problemin həlli yollarından biri kimi təqdim etməsi həm məntiqə uyğundur, həm də kifayət qədər real səslənir. Azərbaycanın artan valyuta ehtiyatları və iri məbləğli dövlət investisiyalarına üstünlük verilməsi fonunda bizdə də TOKİ variantının seçilməsi problem yarada bilməz. Belə iddialar var ki, hökumətdə də bir çox iqtisadçı-ekspertlərin dəstəklədikləri bu variantın həyata keçirilməyə başlanmasına isti yanaşma mövcuddur. İstisna deyil ki, yaxın gələcəkdə biz bu və ya buna oxşar istiqamətdə hökumətin real addımlar atmağa başlamasının şahidi olaq.
Amma bununla bağlı maraqlı bir məqama diqqət çəkənlər də var. Belə hesab edənlərə də rast gəlinirn ki, Azərbaycan hökumətinin TOKİ təcrübəsinə müraciət etməsi və oxşar qurum yaratması bəzi iri məmurlar arasında yeni ixtilaf mənbəyi ola bilər. Söhbət bu istiqamətə yönələ biləcək iri məbləğli dövlət investisiyası üzərində nəzarətdən gedir. Həmin pulları öz əlinə almağa çalışan, ən azı onun rəqib məmurların nəzarətinə keçməsini istəməyən bəzi oliqarxlar arasında qarşıdurmaların olacağı qaçılmazdır. Biz bunu dövlət büdcəsində daha çox paya sahib olmaq, dövlət investisiyalarından daha çox pay götürmək uğrunda məmur savaşlarının yaşanması təcrübəsindən çox gözəl bilirik.
Elə bu məqamdan da çıxış edən bəzi müşahidəçilərin fikrincə, haqqında danışılan Türkiyə təcrübəsinin Azərbaycan reallığına transfarmasiyası o qədər də real görünmür. Bəzi məmurların məlum vəsaitləri öz əllərinə, nəzarətlərinə keçirmək istiqamətində maraqlarının toqquşması ya bu variantın bir dəfəlik gündəmdən çıxması ilə nəticələnə bilər, ya da ən yaxşı halda onun gerçəkləşməsini yubadar.
Digər tərəfdən bizdə tikinti sektorunda oliqarxların böyük payının, hətta ümumiyyətlə bu sektorun onların nəzarətində olduğunu hər kəs bilir. Bu sahəyə iri vəsaitlər qoyan məmurların tikinti şirkətləri son vaxtlar böhran içərisindədir. Belədə evsiz əhali üçün dövlət tərəfindən, həm də ucuz satılacaq evlərin tikilməsi onların da maraqlarına ziddir. Onsuz da müştəri sarıdan korluq çəkən belə məmur şirkətləri Türkiyə təcrübəsinin tətbiqi ilə daha pis vəziyyətdə qalacaqlar. Odur ki, onların da bu təcrübənin tətbiqinə sıcaq baxmaq ehtimalı aşağı qiymətləndirilir. Böyük ehtimalla bu cür məmurlar belə bir təşəbbüsün reallaşmasına (əgər hökumət bu təcrübənin tətbiqinə başlayarsa! ) var gücləri ilə müqavimət göstərəcəklər.
Olan isə yenə də kasıb, evsiz vətəndaşlara olacaq.