BolgeXeber.Com » Bölgə » “Tayson” ləqəbli icra başçısı

“Tayson” ləqəbli icra başçısı

6-09-2013, 12:30
Oxunub: 13 807 Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayon ərazisində müxtəlif obyektlərə malikdir. Onun gəlir qaynaqları arasında restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlər var. Bu barədə redaksiyamıza Qusardakı mənbələrdən bildirilib. Mənbənin sözlərinə görə, icra başçısı təyin edilməmişdən əvvəl Şair Alxasov Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Onun Sumqayıtın hazırki icra başçısı Eldar Əzizovla yaxşı münasibətlərinin olduğunu diqqətə çatdıran mənbələr Alxasovun Qusara icra başçısı təyinatının da məhz bu münasibətlər nəticəsində gerçəkləşdirildiyini bildiriblər.
Xatırladaq ki, Eldar Əzizov əslən bu rayondandır, üstəlik, onun hökumət kulislərində ciddi nüfuz sahibi olması Alxasovun icra başçısı təyinatını reallaşdırmağa kömək edib.
Mənbələrin deməsinə görə, rayon rəhbərinin geniş biznes imkanlarına hansı yollarla sahiblənməsi maraq doğurur. Rayonda korrupsiya hallarının geniş yayılması isə belə düşünməyə imkan verir ki, Şair Alxasovun özünə ciddi gəlir qaynaqları yaratması heç də qanuni prinsiplərə söykənməyib.
Məsələn, bu günlərdə məlum olub ki, Qusarın icra başçısı rayonun mərkəzi parkının altını üstünə çevirib, köhnədən parkda mövcud olan kafeni təmir etdirib və onu konsert meydançası ilə birləşdirərək iri restoran tikdirib. Rayonun bir qrup sakini yaşıllığı qorumaqdan ötrü yerli məmurlarla əməlli-başlı “kəllə-kəlləyə” gəlirlər. Onlar mərkəzi mətbuata şikayətlərində bildiriblər ki, yerli məmurların yaşıllıq soyqırımının önünü kəsmək üçün paytaxt Bakıya şikayət məktubları yazıblar. Xeyri olmadığı bir yana, indi şikayətçilərin özünü hüquq-mühafizə orqanlarına çağıraraq imzalarından imtina etməyə məcbur edirlər.
Ümumiyyətlə, Qusarda son vaxtlar vətəndaşların yerli rəhbərlikdən narazılıqlarının artdığı, bu səbəbdən də Bakıya – əlaqədar qurumlara ünvanlanan şikayətlərin çoxaldığı müşahidə edilir. Məsələn, təxminən bir ay əvvəl məlum oldu ki, Qusar rayon məhkəməsində maraqlı bir proses gedir. Rayonun Kuzun kəndinin sakinləri Şahdağ turizm kompleksinin sökülməsini tələb edirlər. Səbəb isə üzərində kompleks tikildiyi, onlara məxsus olan torpaqların cüzi dəyərləndirilməsidir.
Ümumiyyətlə, hazırda turizm sarıdan əhəmiyyətini nəzərə alan məmurların Qusarı işğal etdikləri aydın görünür. Rayon ərazisi az qala vəzifəli şəxslər arasında pay-püş edilib. Bunun isə yerli sakinlərə faydası əlbəttə, yoxdur. Əksinə, onlar ciddi problemlərlə üzləşir, torpaq sahələrini, örüşləri itirir, mənzərəli yerlərə həsrət qalırlar. Qusar rəhbərliyi isə bu problemi həll etmək əvəzinə belə hallara “yaşıl işıq” yandırmağa davam edir. Bu isə əlbəttə, hansısa şəxsi maraqlardan qaynaqlanır.
Qusardakı mənbələr rayonun icra başçısı ilə bağlı maraqlı bir iddianı da diqqətə çatdırdılar. Onların sözlərinə görə, Şair Alxasov yerli müəssisə və təşkilatların, bələdiyyələrin rəhbərləri ilə sərt davranışı ilə seçilir. Məsəln, bu yaxınlarda rayonda keçirilən iclasda icra başçısı kənd bələdiyyələrindən birinin sədrini hamının gözü qarşısında sərt şəkildə danlayıb, onun ünvanına təhqiramiz ifadələr işlədib. Onun hətta bəzi məmurlara qarşı fiziki təzyiq göstərməkdən çəkinmədiyi və bu səbəbdən dünya şöhrətli boksçu, əfsanəvi Taysonun adının ona ləqəb kimi verildiyi iddia olunur.
Xatırladaq ki, bu yaxınlarda Şair Alxasovla bağlı oxşar bir məlumat yayılmışdı. KİV-də böyük rezonans doğuran və videofaktla müşaiyət olunan həmin məlumatda bildirilirdi ki, Qusar rayonunun icra başçısı Hil kəndində sakinlərlə açıq qəbul keçirib. Şair Alxasov kəndin hazırkı problemləri və bu sahədə görüləcək işlər müzakirə edilib.
Sadalanan problemlər sırasında kənddaxili yolların bərpası ön plana çəkilib. Vurğulanıb ki, aidiyyəti orqanlar tərəfindən qeyd edilən bütün problemlərin aradan qaldırılması üçün sistemli və əhatəli tədbirlər həyata keçiriləcək. Yığıncaqda həmçinin kənd sakinlərinin müraciətləri dinlənilib, müxtəlif təkliflər səsləndirilib. Mövcud problemlərlə bağlı Qusar rayon icra başçısı Şair Alxasov Hil Kənd bələdiyyə sədrini sosial problemlərlə bağlı tribunaya dəvət edib. Çıxışı zamanı bələdiyyə sədri kəndə yeni yol çəkildiyini bildirib. Bu zaman icra başçısı əhalidən soruşub: “Bələdiyyə yol çəkibmi?”. Görüşə gələn sakinlər bir yerdən “Yox” cavabı veriblər və bələdiyyə sədri çıxılmaz vəziyyətə düşüb.
Ən ilginci isə odur ki, bundan sonra icra başçısı hamının gözü qarşısında bələdiyyə sədrini ələ salıb, onun qulaqlarının uzandığını deyib. Bu isə sakinlərin gülüşünə səbəb olub.