BolgeXeber.Com » Media » BolgeXeber.Com-un 1 yaşı tamam olur

BolgeXeber.Com-un 1 yaşı tamam olur

2-06-2011, 11:30
Oxunub: 5 108
Saytımızın fəaliyyət göstərdiyi 1 il ərzində bir çox bölgələrdə sakinlərin problemləri və məmur özbaşınalığı olduğu kimi tərəfimizdən işıqlandırılıb.

BolgeXeber.com saytı 2010-cu il, iyunun 6-da Azərbaycan internet məkanında peyda oldu. Və özünün yaranması ilə də, qısa zaman ərzində bir çox səs-küylərə səbəb oldu. Çünki saytımız illərlə məmur özbaşınalığı altında əziyyət çəkən vətəndaşların şikayət edəcək, səsini eşitdirəcək mətbu qurum da çox az idi.

Bolgexeber.com saytı olaraq, biz redaksiyamıza daxil olan bütün məlumatları daim dəyərləndirərək öyrənməyə və ətraflı işləyib işıqlandırmağa çalışmışıq. Əgər hələ də bizə olan inam itməyibsə və şikayətlər gəlməyə davam edirsə, deməli, qarşımıza qoyduğumuz vəzifənin öhdəsindən az da olsa gələ bilirik.

Redaksiyamıza daxil olan bir çox şikayətlər ucqar rayonlarla bağlı olub. Biz həmin ərazilərə öz əməkdaşlarımızı ezam etmişik. Amma bəzən əməkdaşlarımız xoşagəlməz münasibətlə də qarşılanıb. Bu isə bizim yox, bizi qarşılayan yerli məmurların “mehribanlığı”ndan irəli gəlib.

Nədənsə, bir çox rayonlarda jurnalisti “reket” kimi qarşılamaq ənənəsi qoyulub. Bunda isə bəzi “mətbuat xadimləri”nin də rolu az deyil. Lakin bu tendensiyanı rədd edən bir orqan kimi, “bolgexeber.com” saytının kollektivi daim özünün azad söz və dürüstlük pronsiplərinə əməl edib. Odur ki, biz cəmiyyətin söz azadlığına və informasiya təminatına həssas yanaşması ümidi ilə, bölgələrdəki işimizi davam etdiririk.

Gəlin, unutmayaq ki, Azərbaycanda vətəndaşlara informasiya almağa və tələb etməyə haqq qazandıran qanun var. Həm də unutmayaq ki, bölgələrdə yaşayan, sıxıntılar içində vurnuxan insanlarımız da Azərbaycan vətəndaşlarıdır.

Son olaraq qeyd edək ki, bir cox dostlarımızın saytımıza unvanlanan təbriklərini məhz iyunun 6-da işıqlandıracayıq.
Ad günümüz mübarək.