BolgeXeber.Com » Media » Pərviz Cəbrayıl “Xunta”nı devirdi

Pərviz Cəbrayıl “Xunta”nı devirdi

5-06-2011, 18:20
Oxunub: 4 788
Yazar Milli Kitab Mükafatının qalibi oldu, hakimiyyətyönlü münsiflər isə tədbiri tərk ediblər

“Azadlıq” qəzetinin yazarı Pərviz Cəbrayıl Milli Kitab Mükafatının (MKM) bu ilki qalibi oldu. 17 nəfərlik münsif heyətindən ən çox səsi “Yad dildə” romanı qazanıb. İkinci yeri Məqsəd Nur (“Şəhər meri”, romanı), üçüncü yerin sahibləri isə Natiq Rəsulzadə (“Xunxarlar” romanı) və Nəriman Əbdürrəhmanlı (“Yolsuz” romanı) qazanıblar.

Ən yaxşı tərcüməyə görə Kamran Nəzirli mükafatlandırılıb.

ABŞ səfirliyinin dəstəyi ilə keçirilən Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi nominasiyasında isə tərcüməçi Kamran Nəzirli qalib gəlib. K.Nəzirli tanınmış Amerika ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan oxucusuna az tanış olan Herman Mervillin irihəcmli “Mobi Dik və ya Ağ kit” romanını çevirib. Qalibə səfirlik tərəfindən 1000 dolları həcmində mükafat verilib.

Pərviz Cəbrayıl həm də müsabiqənin saytında oxucular arasında keçirilən səsvermədə (58373 səs toplayıb. İkinci yerin sahibi Məqsəd Nurdan 16 min səs irəlidə idi) də birinci olduğu üçün mükafatlandırılıb. Elə çoxlarını da bu üzdü. Çünki qalibin kimliyi açıqlanmazdan öncə bir neçə münsif “Yad dildə”nin qalib ola bilməyəcəyini deyirdi. Fikirlərini belə izah edirdilər ki, internet səsvermədə Pərviz qalib olmaqla “oyundan” kənarlaşdırılacaq. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Pərvizə qarşı kampaniyada xüsusi fəallığı ilə seçilirdi. Hətta yeganə juri idi ki, finala hələ bir neçə gün qalmış kimlərə səs verdiyini açıqlamışdı (Halbuki o MKM-in birinci müsabiqəsində, ötən il bunları demişdi: “10-luğa düşən əsərlərin əksəriyyətini əvvəlcədən oxumuşdum. Ancaq mövqeyimi açıqlamadım ki, digər münsiflərdə bəri başdan hansısa fikir formalaşmasın). Bununla da kimlərəsə mesaj göndərmişdi. Ancaq münsiflər heyətinin üzvü professor Rafiq Əliyev Pərvizi tribunaya səsləyəndə hər şeyin öz axarı ilə getmədiyin də şahidi olduq.

“Mən çox ümidsiz idim. Amma görünür ümid etmək və inanmaq lazımdır” - bunu qalib kürsüyə çıxan zaman dedi.

Çox sevinən, hətta kövrəldiyi də hiss edilən yazar romanına dəyər verildiyi üçün münsiflərə təşəkkür etdi. Bunu qəbul etməyən Rəşad Məcid özünəmxəsus tərzdə zalı tərk etdi. Az sonra məlum oldu ki, o münsiflər heyətindən istefa verib. Bir neçə dəqiqə keçəndən sonra mətbuata açıqlama verdi ki, onunla yanaşı Çingiz Abdullayev də istefa verib. Deputat Rəbiyyət Aslanovanın da istefa verəcəyinə əmin olduğunu söylədi. Ancaq gün ərzində adları çəkilən şəxslər istefa verib-verməmələri barədə heç bir söz demədilər.
Qeyd edək ki, MKM-in sponsorları - “Bakcell” şirkəti və “Unibank”dır.
Mükafatın təsisçısı “Əli və Nino” Nəşriyyat Evidir. Ötən il mükafatı Elxan Qaraqan “A” romanına görə alıb.

Ramin DEKO