BolgeXeber.Com » Analitika » Ədalət naminə

Ədalət naminə

22-09-2013, 15:10
Oxunub: 8 199 Necə oldu ki, Moskvadakı yarışa zəif şahmatçı yollandı və biz uşağı necə cəzalandırırıq?

Bir müddət əvvəl 2 yaşlı oğlum böyük adam kimi divanda oturub, tam ciddi şəkildə mandarin yeyərək, arada “ürəkəridən” şirin baxışla mənə baxanda, Allahın insanlardan fərqli olaraq çox ədalətli olmasını bir daha xoş sızıltı ilə dərk etdim. Ümumiyyətlə, ədalət kamil insan üçün çox şirin, çipsi kimi dadlı, ondan fərqli olaraq xeyirli olan elə bir faktordur ki, onun konservanta-qatqıya heç bir ehtiyacı yoxdur.

Ədalət haqqında düşünəndə ağlıma gələn ilk fikir eramızdan əvvəl VI əsrdə yaşamış Ezopun hələ də aktual olan təmsillərindən biri olur. Ac qurd çayın aşağı hissəsində bir quzu görür və onu yemək üçün bəhanələr axtarır. Birinci deyir ki, mən içən suyu bulandırırsan. Lakin yazıq quzu aşağı hissədə olduğundan bunun mümkünsüz olduğunu deyəndə, qurd da deyir ki, sən keçən il mənim atamı və anamı söymüsən.

Quzunun buna cavab olaraq bir il əvvəl heç doğulmamasını və bu səbəbdən də onun valideyinlərini təhqir etməsinin mümkün olmadığını bəyan etməsindən sonra, görür bəhanələri dəf olunur, ona görə açıqca deyir ki, heç nəyə baxmadan onsuz da səni yeyəcəm və yeyir də. Əlbəttə, bu dünyada mütləq ədalət yoxdur. Hər şey müəyyən nisbətdədir və müqayisə şəklində ölçülür. Hər bir müqayisənin isə qüsurlu olmasını iddia etmək özü qusurlu fikirdir. Bu dünyada Allahdan başqa yalnız peyğəmbərlər və imamlar tam dəqiqliklə ədalətli olmuşlar. Bir dəfə iki qadın Süleyman peyğəmbərin yanına gəlir və hər ikisi bir körpə uşağa iddia edir.

Biri deyir ki, onlar bir yerdə qalıblar və biri o birisindən üç gün sonra dünyaya oğlan uşağı gətirib. Birinin uşağı öldüyündən ölü uşağı o birisi ilə dəyişdirib. Indi hər ikisi sağ qalan uşağın məhz onunku olmasını iddia edir və heç biri geri çəkilmək istəmir. Süleyman peyğəmbər işi belə görəndə əmr edir ki, uşağı qılıncla iki hissəyə bölsünlər. Qadınlardan biri buna razı olsa da, o birisi deyir ki, uşağı öldürməyin, o biri qadına verin. Təki balası sağ qalsın. Peyğəmbər uşağı məhz ona verir, digərini isə cəzalandırır. Çünki əsl ana uşağın heç kimə qismət olmayıb öldürülməsinə heç zaman razı olmazdı.


Ədalət qıt olan yerdə həmişə ondan daha çox danışılır. Qıt deyəndə sovet dövründə tanışlıqla, əlaltı satılan hansısa mal yada düşür. Ancaq ədaləti nə əlaltı almaq, nə də ümumiyyətlə pul ilə almaq olar. Əlbəttə, burada bizdə təbii sayılan, hakimlərin qərarlarını pul ilə almaq hesabına aılnmır. Çünki hakim, prokuror rüşvət götürdüyünə görə ədalətsiz olmur. İş orasındadır ki, o pulu məhz ona görə götürür ki, o ədalətsizdir. Bu isə köklü olaraq başqa bir şeydir. Yəni bu, ona oxşayır ki, əgər biri yaxşı həkim deyilsə, siz ona artıqlaması ilə pul versəz belə bunun mənası olmayacaq. Çünki o, əgər öz işinə vicdanla baxsa belə öz işini mükəmməl bilmirsə yaxşı nəticə əldə edə bilməyəcək. Ədalətin dadını bilmək üçün bir dəfə də olsa ədalətsizliyi “dadmaq” lazımdır.


1986-1987-ci illərdə mən həvəslə Sumqayıtın Səməd Vurğun küçəsindəki Şahmat klubuna məşğələyə gedirdim. Mənim qrossmeyster səviyyəsinə çatmaq qədər güclü şahmatçı olmağım böyük sual altında olsa da hər halda cüzi də olsa istedadım var idi. Üstəlik mən inadla, həvəslə və böyük maraqla şahmatın sirlərini öyrəndiyimdən bir müddətdən sonra ustalığımı xeyli qaldıra bildim. Bunun məntiqi nəticəsi olaraq Rusiyaya yarışa getmək uğrunda keçirilən turnirdə qalib gəldim.

Rəsmi turnirin qaydasına görə ancaq birinci yeri tutan Moskvada keçirilən yarışa qatılacaqdı və bu səbəbdən mən artıq xəyalən bu yarışa hazırlaşırdım. Lakin müəllimim dedi ki, yarışa başqa adam, mənim şəxsi görüşdə dəfələrlə qalib gəldiyim tələbə gedəcək. Və bunu onunla əsaslandırırdı ki, bəs o yarışa məndən daha yaxşı hazırdır və ümüd var ki , o orada məndən yaxşı nəticə göstərəcək. Əlbəttə mən bu ədalətsizlikdən ani də olsa sarsıldım və içimdə çox sıxıntı keçirdim.

Sonralar mən öyrəndim ki, müəllim heç də səmimi deyildi. Sadəcə olaraq həmin tələbənin atası hansısa müəssisənin rəhbəri olduğundan, müəllimimiz ondan bir neçə dəfə maddi cəhətdən yaralanmış, daha dəqiqi pul almışdı. Yeri gəlmişkən, həmin uşaq getdiyi yarışda az qala bütün oyunları uduzdu. Əlbəttə, bir çox insanlar elə ədalətsizliklərlə rastlaşırlar ki, mənim halım onun yanında heç nədir. Ədalətsizlik nə qədər çox olsa da onun əsas xüsusiyyətlərindən biri də onun çeşidli olmamasıdır.

O yalnız bir növ olur. Ancaq bu növü də ayırd etmək üçün, maddi ola bilmədiyindən onu yalnız hiss etmək olar. Onun dadı naşı adama acı dərman kimi gələ bilər, ancaq o, kimyəvi deyil, xeyirli, zəruri və təbiidir və onun ,dərmanların əksəriyyəti kimi mənfi əks təsiri yoxdur. Ədalətli adam sanki cibində ədalətsizliyi qeyd edən “tester” saxlayır. Bu “tester”in nöqsansız və dəqiq işləməsi üçün gərək ki, onu mütəmadi “ədalət enerjisi” ilə doldurasan ki, bu da yalnız daxili mənbədən qaynaqlanır. Onu dükandan almaq mümkün deyil və təbii ki, o nə Yaponiyada , nə də Çində istehsal edilir.

Ədalət Herbet Uelsin məlum qəhrəmanı kimi gözəgörünməzdir və onu nə göz ilə görmək, nə qulaqla eşitmək, nə də ona lamisə orqanı ilə toxunmaq olur. Yalnız aqil insanlar he bir testersiz-filansız, gözəyarı haqqı nahaqdan, təcrübədən doğan intusiya ilə ayırd edə bilir. Çox vaxt səhv düşünülür ki, ədalətli olmaq üçün mütləq vəzifə və səlahiyyət sahibi olmaq lazımdır.

Bizim cəmiyyətdə çox müşahidə etmək olar ki, ana və ya ata öz kiçik uşağını necə vəhşicəsinə döyür, təpikləyir, ona “oğraş”, “səni öləsən”, “köpək oğlu”, “Allah bəlanı versin”, “qırılmış”, “eşşək”, “səni tutub meyitini sərəcəm” və s. yüzlərlə haqsız, ədalətsiz sözlər deyir, yaxşı halda uşaq ağladıqdan sonra başlayır əzizləməyə, qucaqlaşmağa və “əlim qurusun” deməyə. Halbuki, biz az əvvəl uşaq anası seriala baxılan zaman pult ilə kanalı dəyişəndə anası onu qəzəbindən öldürə də bilərdi.

Əlbəttə, uşaqlar çox vaxt doğmalarını incidir və hövsələdən çıxarır, ancaq onu vurmaqdan,söyməkdən, alçaltmaqdan savayı yüzlərlə başqa yaxşı üsullar da var. Bədbəxtçilik orasındadır ki, düzgün çıxış yolu tapmayıb, belə ədalətsiz tərbiyə yolu seçən “tərbiyəli” valideynləri minlərlədir. Bunun da nəticəsi olaraq həmin uşaqlar böyüdükdən sonra özləri də ədalətsiz olurlar və bunun əzabını son nəticədə dövlət çəkir. Halbuki, hələ qoca Aristotel deyir ki, uşağı döyməklə onu yalnız korlamaq olar. Uşağı şillələmək ədalətli sayıla bilməz və bu, yalnız cahillikdən irəli gəlir.

Yaxşı valideyn pulsuzluğunun, nə səbəbdən olursa olsun əsəbləşməyinin acığını bir qədər dəcəl ola biləcək uşaqdan çıxarmamalıdır. Yeri gəlmişkən deyim ki, ümumiyyətlə, naqis insanlar adətən qeyri-stabil olurlar. Onlar gah hirslənirlər, özlərindən çıxırlar, bir neçə dəqiqədən sonra isə kəskin fərqlə gülürlər, zarafat eləyirlər ki, belə insanlarla münsabibət qurmağa dəyməz, onlarla ünsiyyət qurmaqdan yalnız ziyan çəkmək olar.

Qədim Spartada xəstə uşaqları, zəif hesab edilən körpələri məhv eləyirdilər. Çünki Sparta cəmiyyətinə görə belə uşaqlardan gələcəkdə yaxşı döyüşçü çıxmayacaqdı və bunu onlar normal və çox güman ki, özünəməxsus bir ədalətli qərar hesab edirdilər. Ədalətin bir çəkisi var və o etalondur, ancaq bununla belə əksəriyyət bu çəkini bir cür görür və özü ilə tərəzi gətirir ki, məhz onun nə göstətməsinə inanır.

Prosper Merimenin olmuş bir hadisə kimi qələmə aldığı “Matteo Falkone” novellasında göstərilir ki, Korsika adasında maldarlıqla məşğul olan baş qəhrəman öz uşağını kənar yerə çəkib ov tüfəngi ilə öldürür. Buna səbəb isə o olur ki, oğlu Fortunato polislərdən qaçan cinayətkarı əvvəlcə gizlədir, sonra isə 10 ekyuluq gümüş cib saatının əvəzinə həmin adamı satır. Özü də o, bunu tam könüllü etmir.

Bunun üçün qohum olduğu polis onu xeyli şirnikləndirir. Ata sahildən qayıtdıqdan sonra tutulan cani ona -şüurlu, igid bir insana “satqın ailə” si deyir. Matteo uşağına dua etməyi əmr edir, sonra isə güllələyir. Uşaq öldürülməzdən əvvəl nə qədər yalvarır ki, ata bağışla, bir daha etmərəm, o dayını buraxdırarıq. Atası isə bunlara məhəl qoymur və soyuqqanlıqla 10 yaşlı məsum uşağını öldürüb torpağa tapşırır. Dəhşət orasıdır ki, o, uşağını öldürməklə ədaləti təmin etmiş olduğunu düşünür. Yəni o, bunu hirsləndiyindən yox, şüurlu surətdə edir.

Idman yarışlarında: futbolda, boksda, güləşdə uduzan tərəfin adətən ilk ağlına gələn fikirlərdən biri də hakimin ədalətsizliyi ilə bağlı olur. Halbuki bu, heç də həmişə belə deyil. Sadəcə bir çoxumuz öz nöqsanlarımızı ört-basdır etmək üçün başqasında nöqsan görmək istəyirik. İşdən haqsız yerə qovulan və layiq olduğu əməkhaqqının ala bilməyən işçi ,müdirin malından nəsə oğurlamaqla, ona ziyan vurmaqla bir növ hesab edir ki, ədaləti bərpa edib.
İmran Kərimli