BolgeXeber.Com » Analitika » Saatlıdakı uşaq bağçalarında "əjdaha"

Saatlıdakı uşaq bağçalarında "əjdaha"

9-06-2011, 12:05
Oxunub: 6 790 Uşaqlara çatası ərzağın yarıdan çoxu mənimsənilir...

Bəs rayon prokurorluğu korrupsiyaya qarşı mübarizəni kimlərə qarşı həyata keçirir? Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə başlayıb. Artıq bunun nəticələri özünü bir çox sahələrdə büruzə verməkdədir. Vacib olan budur ki, xalq dövlət başçısının həyata keçirdiyi bu islahatın uğurla davam etdiriləcəyinə inanır. Bilənlər bilir ki, ümid ən sonda ölür... Amma təəssüflər olsun ki, Saatlıda bu ümidi indidən öldürmək istəyənlər var. Rayonda rüşvətxorluğa əlləri öyrəşmiş və vərdiş etmiş bəzi vəzifəli şəxslər ölkə başçışının siyasi xəttinə qarşı çıxır, rüşvətxorluqdan, korrupsiyadan əl çəkə bilmirlər.

Uşaq baxçalarında korrupsiya yuvası

Onu da deyim ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə hələlik Saatlıya gəlib çatmayıb. Bunu açıq demək lazımdır. Bu rayonda hətta körpə uşaqlara da rəhm edilmir. Rayonda uşaq bağçalarına verilən ərzağın 55 faizi mənimsənilir, qalan 45 faizin isə pulu "yeyilir".

Əlavə edim ki, rayonda bağçalara ərzaq məhsulları Rayon İstehlak Cəmiyyəti tərəfindən verilir. Rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyev isə deyir ki, saxlanılan ərzaq məhsullarının pulu hər ayın sonunda rayon icra hakimiyyəti, rayon maliyyə idarəsi, rayon təhsil şöbəşi və rayon istehlak cəmiyyəti (keçmiş "raypo") rəhbərləri arasında bölüşdürülür.

Ş.Nurəliyev açıq şəkildə bəyan edir ki, tez-tez Təhsil Nazirliyindən rayona qonaq gəlir. Payın-parçasını, pulunu verməsəm mənə bir gün də olsun işləməyə imkan verməzlər. Bir də ki, Allah qayınatama (bu yerdə bir xaç işarəsi) qohum-əqrabalarının canını salamat eləsin. Son anda köməyimə çatırlar.

Uşaq bağçasının müdiri mexanizatordur

Hələ kadrların təyin olunmasındakı biabırçılığı demirik. Bu barədə bir neçə fakt. Rayonun Dədə Qorqud kənd uşaq bağçasının müdiri ixtisasca neftçidir.
Qıraqlı kənd uşaq bağçasının müdiri bir vaxtlar rayonun adlı-sanlı mexanizatoru olub... Nəhayət, rayondakı uşaq bağçalarında çalışan tərbiyəçilərin heç birinin təhsili, savadı yoxdur. Hətta latın hərflərini də tanımırlar. Hər biri 500 manat verməklə tərbiyəçi olublar.

Məktəb direktorunun müavini saxta diplom alıb?

Saatlı rayonu Məmmədabad kənd orta məktəbinin dərs hissə müdiri İsgəndərov heç vaxt müəllım işləməyib və oxumaya-oxumaya Gəncə Müəllimlər İnstitutundan diplom alıb. Bunların yüksək vəzifəyə necə təyin olunmalarını rayon təhsil şöbəsinin müdiri Ş.Nurəliyev yaxşı bilir.
Bir qədər əvvəl isə rayonun bütün məktəblərində, kəndlər də daxil olmaqla, işləyən ibtidai sinif müəllimlərinin hər birindən 200 manat yığdırmaqla guya onları attestasiyadan keçirdilər. Ş.Nurəliyev açıq şəkildə dedi ki, bu pulun 70 faizi Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əliyevə çatmalıdır. Amma Aydın Əliyevi yaxşı tanıyırıq, bəlkə də adından sui-istifadə edirdi... Kim 200 manatı verməsə, "attestasiyadan" keçməyəcək, deyirdi TŞ müdiri...

Mətbəxsiz uşaq bağçaları

Bu gün rayonun demək olar ki, heç bir uşaq bağçasında mətbəx yoxdur. çünki bişirməyə heç nə yoxdur. Buna görə də uşaq bağçalarına gələn uşaqların sayı vur-tut 6-8 nəfər olur. Onların da hərəsinə bir-iki peçenye verilir.

Rayonda təhsilin də səviyyəsi bu gündədir. çünki çox şey elə bağçadan başlayır. Şamil Nurəliyevin yaxın qohumunun direktor olduğu Uşaq Gənclər İdman Məktəbinin yalnız adı var. Guya bu məktəbin kəndlərdə filialları da fəaliyyət göstərir. İnanan və görən daşa dönsün. Düzdür, sənədlərdə var. Əslində isə dərslər yaxın adamların adına yazılır və ¸50 faiz" şərt ilə maaş bölüşdürülür. Hər müəllimim aldığı maaşın 30 faizi Şamil müəllimə çatır...

Şahmat məktəbinin direktoru şahmat oynaya bilmirsə...

Rayon şahmat məktəbinda də vəziyyət belədir. Ş.Nurəliyevin yaxın dostu olan şahmat məktəbinin direktoru şahmat oynaya bilimir. İndi özünüz nəticə çıxarın.
Rayon Texniki Yaradıcılıq Mərkəzində də vəziyyət acınacaqlıdır. Əslində, Şamil müəllim üçün çox xoşdur. çünki həmin yaradıcılıq mərkəzinin içilərinə adlarına yazılan əmək haqqının yalnız 30 faizi verilir. Ş.Nurəliyev deyir ki, "Qazandığımın hamısı mənə qalsaydı nə dərdim... Hər ay Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun haqqını vaxtında çatdırmasam, yoxlama yoxlama dalınca gələr. Hələ o birilərini demirəm..."

Adam az qalır inansın. Amma bir şey də var ki, yaxşı, əgər Saatlıdakı vəziyyəti çoban Həsənqulu kişi bilirsə, niyə TN rəsmiləri bundan xəbərsizdirlər?
Rayon şahmat məktəbinin və rayon uşaq-gənclər idman məktəbinin yarandığı gündən bu vaxta qədər heç bir yetirməsinin olmamasının da əsas səbəbi bu məktəblərin yalnız kimlərinsə gəlir mənbəyi kimi istifadə obyektlərinə çevrilməsidir. Şamil müəllim təhsili "pripiskası"na söykənərək idarə edir. Bu onun köhnə adətidir. Bütün Saatlı camaatı bilir ki, o müharibədə olmayıb. Amma hərbi xidmətdə olmasa da, ona müharibə veteranı vəsiqəsi düzəltdiriblər. Guya ki, o, müharibə iştirakçışıdır.

Təhsil Nazirliyinin diqqətinə

Ölkə Prezidenti cənab İlham Əliyev bu günlərdə Mərdəkanda yerli sakinlərlə görüşdü. Prezident onlara açıq şəkildə bildirdi ki, nöqsanlar barədə mənə məlumat verin, elektron ünvanım var, mətbuat var... Və nəhayət, dövlət başçısı qeyd etdi ki, bütün problemlərə qarşı ictimai nəzarət olmalıdır.
Mən də cənab prezidentin bu sözlərindən ruhlanaraq Saatlı təhsilində baş verənlər barədə "BölgəXəbər" informasiya agentliyi vasitəsi ilə cənab Prezidentə, təhsil naziri cənab Misir Mərdanova məlumat verirəm ki, təcili tədbirlər görülsün. Yoxsa, mənim və ya yəqin ki, BölgəXəbər-in Saatlı TŞ müdiri ilə nə qərəzçiliyi?

Sonda bir daha bildirirəm ki, Saatlıda təhsilin bərbad vəziyyətdə olması Təhsil Nazirliyinin rəhbərliyinə məlum olmalıdır. Bunu hər il rayondan ali məktəblərə qəbul olunan məzunların sayı da təsdiqləyir. Ancaq rayonda adı olub fəaliyyəti olmayan təhsil müəssisələrindən hər ay əldə olunan müftə pullar hamının gözlərini bağlayıb, dillərini lal edib. Birdə ki, Şamil müəllimin qayınatasının yaxın qohumları son anda onun köməyinə çatır, nöqsanları ört-basdır etdirirlər. Əziyyət çəkən, savadsız böyüyən isə azərbaycanlı balalar olur...

Elxan Kərimov, müəllim, Saatlı rayonu