BolgeXeber.Com » Fotoqalereya » Baş nazir baldız yatağında

Baş nazir baldız yatağında

27-09-2013, 15:10
Oxunub: 5 263 Ötən həftə Britaniyanın baş nazirinin başına oyun açdılar. Kim açdı? Xalq. Daha doğrusu xalqın öz evinə bəh-bəhlə dəvət etdiyi nümayəndələri.

Ötən həftə Britaniyanın baş nazirinin başına oyun açdılar. Kim açdı? Xalq. Daha doğrusu xalqın öz evinə bəh-bəhlə dəvət etdiyi nümayəndələri.

Xalqı necə qınamaq olar ki, baş nazirin başına oyun açanların arasında “dost-doğma” baldızı da olub.

Söhbət təkcə ötən həftədən getmir. Əslində baş nazirin başına oyunlar artıq, bir neçə həftədir ki, gəlir və ya gətirilir.

Qəzetlər onu huşsuzluqda, arvadına xəyanətdə, ağciyərlikdə günahlandırırlar.

“Balaca ada”nın böyüyü

Bütün bunlar az imiş kimi Sankt-Peterburq sammiti əsnasında Rusiya prezidentinin sözçüsü, özü yox ha, guya sözçüsü Deyvid Kameronun dünyaya Darvinlər, Şekspirlər, Bayronlar, avtomobillər, qatarlar, gəmilər və hətta futbol vermiş vətənini “əhəmiyyətsiz, balaca ada adlandırır”.

Bunun ardınca sözçünün söz dedirdəni – yəni Putinin özü deyir ki, hətta Britaniya parlamenti də baş naziri saymır.

Yaxşı, deyək ki, Putin keçmiş kommunistdir, KQB-dir, imperializmə, Qərbə və ələxüsus da ABŞ və İngiltərəyə tarixən düşmən olan bir ölkənin başçısıdır. Amma baldıza nə deyəsən?..

Baldız uzun söhbətdir və bu barədə az sonra söhbət açacağam.

Rusiyanın “balaca ada” atmacasına Deyvid Kameron sonradan cavab verib və deyib ki, dünyaya böyük dühalar və kəşflər verən bu balaca ada milyonlarla insanı əsarətdən xilas edib, sığnacaq, təhsil və nəhayət çörək verib.

Düşmən ocaq başındadır

Kameron hələ onu deməyib ki, balaca adanın çörək verdiyi adamların arasında çörəklə dizinin üstündə “çilədi” oynayanlar da az olmayıb.

Bunlardan biri də “Britaniya və İrlandiya Şirləri” reqbi komandasının oyunçusu Manu Tuilagidir.

Bu komandanı tarixi beynəlxalq qələbədən sonra (düzü reqbi ilə maraqlanmıram və bu qələbənin tarixiliyinin də nədən ibarət olduğunu bilmirəm və bunun yazdığım yazıya çox az dəxli var) baş nazir öz evinə dəvət edib, süfrəsinin başında oturdub.

Qonaqlar dağılaşanda Kameron idmadçılarla “tarixi” foto da çəkdirib. Lakin həmin o tarixi foto çəkiləndə soyadından əslən Samoa adasından olduğu güman edilən həmin o Tuilagi baş nazirin başına arxadan “buynuz” qoyub.

Doğrudur, sonradan 22 yaşlı reqbist Twitterdə baş nazirdən üzr istəyib və yazıb ki, fikri cənab Kameronun xətrinə dəymək olmayıb və ümumiyyətlə, ölkə rəhbərinə dəvət üçün təşəkkürünü bildirir.

Yəqin ki, biçarə Kameron azərbaycanca bilsəydi, bu cavana sadə bir ifadə ilə Bakı ləhcəsində belə bir cavab verərdi: “Başuva dəysün sənin təşəkkürün”.

Bundan Obamaya da qoyublar

Ölkə başçılarını tənqid etməyi sevən Britaniya mətbuatının bir şakəri də var. Ölkə başçısı ədalətsiz olaraq təhqir ediləndə bir ağızdan onu dəstəkləmək şakəri.

Ölkə qəzetləri yazırlar ki, bu Tuilagi əslində, cüvəllğının biridir və əvvəllər də qatıq hərəkətlər edib. Məsələn, Yeni Zelandiyada bir matçdan sonra bərədən dənizə tullanıb. Xilasedicilər onu dənizdən çıxarandan sonra bəlli olub ki, reqbi istedadı əməlli-başlı lül-qənbərdir.

Britaniya qəzetləri baş nazirə təsəlli də verirlər. Onlar yazırlar ki, basketbolçu qızlar Barak Obama ilə şəkil çəkdirəndə ona da “buynuz” qoyublar. Yəni əgər “dünyanın direktoruna” buynuz qoyurlarsa (özü də dörd buynuz), sən gərək belə şeylərə fikir verməyəsən.

Amma deyək ki, bu Tuilagi haramzadanın biridir, lakin əgər dost-doğma arvadının bacısı, dost-doğma baldızın səni rüsvay edirsə, onda neyləyəsən?

Baldız, şampan, qırmızı çemodan

Təsəvvür edin ki, ölkənin baş naziri işdən sonra baldızının toyunda iştirak etçmək üçün qan-tərə bata-bata qatara minir, kilometrlərcə məsafə qət edəndən sonra mənzil başına çatır və bildirir ki, toy başlanana qədər gözünün yuxusunu almağa ehtiyacı var.

Qız evində, ələxüsus da bu qız sənin baldızındırsa, yeznə harda dincələr bilər? Əlbəttə ki, çoxsaylı qonaqların burun soxmadığı yerdə: gəlinin otağında.

Amma Deyvid Kamerona hardan biləydi ki, toydan sonra, nağara da olacaq.

Kameronlar ailəsi evlərinə qayıdandan dərhal sonra bəlli olub ki, baş nazirin baldızının yataq otağında mürgü döydüyünü artıq bütün ölkə bilir.

Sən demə baldız, gəlin palrtarında, əlində şampan qədəhi öz şəklini çəkir və bu fotoya “təsadüfən” arxa planda yatan baş nazir düşür.

Bu sirri cəmi səkkiz dost bilib

Bundan sonra iki bacı arasında düşən qırğın barədə heç bir qəzet yazmayıb, lakin mən bu qırğını təsəvvür edə bilərəm.

Samanta Kameron bacısı Emiliyə zəng edib deyir:
- Az, sənin başın xarab olub?
- Aaa, neynəmişəm ki?
- Az daha nə edəcəksən? O nədi, Deyvidin şəklini “Facebook”a qoymusan?
- “Facebook”a yox e, “İnstaqram”a...
- İndi hər nə zibilə...
- Ay qız, mən həmin şəkli ailənin dostu olan cəmi 8 nəfərlə paylaşmışam.
- Az, ay başdan xarab, sən bilmirsən ki, baş nazirin şəklini 8 nəfərlə paylaşarsan, yarım saatdan sonra 80 milyon olar?
- Doğrudan? Yaxşı indi çıxardaram...
- Nəyi çıxardarsan, ay qız?.. Əh, kül sənin bacı başuva!..

Emili Şeffild doğrudan da bu şəkli öz səhifəsindən yığışrıb. İş işdən keçəndən sonra...

Amma Deyvid Kameronun bir təsəllisi var. Həmin şəkildə onun qırmızı çemodanla yanaşı yatdığı görünür.
Halbuki, mətbuat elə həmin toy günü (iraq olsun, belə günlər olur) baş nazirin içində son dərəcə məxfi hökumət sənədləri olan qırmızı çemodanı qatarda gedərkən unutduğandan yazırdı.

Hərçənd hökumət az sonra bəyanat yaydı ki, baş nazirin çemodanına məxfi xəfiyyələr baxırdılar və o, vaqon-restoranda olduğu müddətdə bir məxluq da həmin çemodana yaxın getməyib.

“Facebook”da xaş

Baş nazir-zad deyiləm, amma artıq bir xeyli müddətdir ki, Londonda yaşayan soydaşlarımın tədbirlərində iştirak etməkdən qorxuram.

Ona görə qorxuram ki, mən hələ evə çatmamış çox eybəcər bir şəklim “Facebook”da peyda olur. Özü də bu işlə əsasən xanımlarımız məşğul olurlar. Şəkillərini “Facebook”a yerləşdirilər. Tək öz şəkillərini yox, həm də yedikləri xörəklərin şəkillərini. Bir də görürsən, biri koment yazır: “Bu bizim ad günündə yediyimiz xaşdır”.
Başqa bir xanımın “Facebook” səhifəsində rəfiqəsinin fotosu altında yazdığı şərhi oxuyursan: “Az, sən lap super qızsan”.

Sonra da hövsələsi çatmayan həmin xanım başqa bir mesaj yazır:
- Az, bəs mən necəyəm?
- Elə sən də supersən!

Zülfüqar Rüfətoğlu,
London