BolgeXeber.Com » Media » İTV-nin təhqirə şərait yaratdığı üzə çıxdı

İTV-nin təhqirə şərait yaratdığı üzə çıxdı

30-09-2013, 11:05
Oxunub: 4 174 Çıxış növbəsi olmayan Hafiz Hacıyevin mikrofonu açıq saxlanılırmış...

Prezidentliyə namizədlərin İctimai Televiziyada debatı davam edir. Sentyabrın 28-də keçirilən debat da gərgin və təhqirlərlə keçdi. Hər dəfə olduğu kimi son debatda da namizədlərin ikisi istisna olmaqla qalanları Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə hücum etdilər. Professor Cəmil Həsənlinin, Milli Şuradakı partiya liderlərinin ünvanına təhqirlər yağdırıldı.
Onu da qeyd edək ki, 26 sentyabrda keçirilən debatda Hafiz Hacıyev hətta Cəmil Həsənlini öldürməklə hədələmişdi.

28 sentyabrda keçirilən debatda isə İTV-nin təhqirlərə faktiki olaraq şərait yaratdığı faktı ortaya çıxdı. Belə ki, prezidentliyə namizəd Cəmil Həsənli çıxış vaxtından istifadə etdiyi zaman Hafiz Hacıyev onun ünvanına təhqiramiz ifadələr işlətdi. Bu zaman məlum oldu ki, Hafiz Hacıyevin mikrofonu açıq vəziyyətdədir. Halbuki çıxış növbəsi Hafiz Hacıyevin deyildi. Mikrofonun açıq saxlanması təhqir ifadələrinin efirdə sərbəst eşidilməsinə səbəb oldu. Belə məlum oldu ki, Hafiz Hacıyevin mikrofonu məhz təhqir və söyüşlərin efirdə eşidilməsi üçün açıq saxlanır.

Cəmil Həsənlinin seçki qərargahından bildirildi ki, bu fakt qanunla tərəfsizlik etməli olan İTV-nin hakimiyyətin sifarişi ilə işlədiyini və efirindən təhqirlərə şərait yaratdığının daha bir sübutudur. Prezidentliyə namizədə, tamaşaçılara və qanunlara hörmətsizliyin nümunəsidir. Seçki qərargahında bildirildi ki, İTV-nin qanunları pozması halı ilk dəfə deyil. Bu pozuntu faktları toplanr və məhkəməyə göndəriləcək.

Tanınmış hüquqşünas, media eksperti Ələsgər Məmmədli də bu mövzuda hafta.az-a açıqlamasında deyib ki, qanunda insan ləyaqətini və şərəfini aşağılayacaq şəkildə bir başqasını təhqir etməyə yol verilmir: “Böhtanda müqayisələndirmə aparılır, təhqirdə isə birmənalı olaraq məsuliyyət yaranır. Bir də debatda olmayan üçüncü tərəfin təhqir olunması məsələsi var. Telekanal təhqir edən şəxsin mikrofonunu söndürmürsə, üçüncü tərəfə efir vaxtı verməlidir. Seçki Məcəlləsinin 88-ci maddəsinə görə, debatda iştirak etmək hüququ və cavab vermək imkanı olmadığına görə üçüncü şəxslərə efir vaxtı verilməzsə, bu televiziya üçün məsuliyyət yaradır”.

Ə.Məmmədli real ittihamları təhlil edib ehtimal olunan qərarı açıqladı: “Məsələn, Hafiz Hacıyev bəzi ittihamlar səsləndirir. Özü də deyir ki, mən doğru deyirəm, yalandısa məni məhkəməyə verin. Məhkəmə prosesi başladıldıqda bu iddialar sübut edilməzsə, Hafiz Hacıyev böhtan atmış olacaq. Bu təqdirdə Hafiz Hacıyevə 3 ilə qədər həbs cəzası verilə bilər”.

Ələsgər Məmmədli bildirib ki, bu ittihamların səslənməsində televiziyanın da rolu var: “Sonradan, hətta bu gün də tərəflər istərsə, qarşılıqlı ittihamlara görə məhkəməyə müraciət edə bilərlər. Hafiz Hacıyev deyir ki, hakimiyyətdə olanda hamımız büdcədən oğurlamışıq. O özü bu cinayətinə görə cəzasını çəkib. Amma indi başqalarına oğru deyirsə və qarşı tərəf bunu qəbul etmirsə, Hafiz Hacıyevi məhkəməyə verə bilərlər. Bu ittihamların səslənməsində televiziyanın idarəetmə probleminin rolu var. Televiziya canlı yayımlarda gedən verilişlərə görə hüquqi məsuliyyət daşımır. Amma moderator vəziyyəti idarə etməlidir”.