BolgeXeber.Com » İdman » Dünyanı titrədən derbini "Barsa" qazandı

Dünyanı titrədən derbini "Barsa" qazandı

27-10-2013, 09:15
Oxunub: 4 449 Bu gün İspaniya La Liqasında bütün dünyanın futbol azarkeşlərinin böyük maraqla və həyəcanla gözlədiyi derbi oyunu keçirildi.

Virtualaz.org saytının xəbərinə görə, "El Klassiko" adı ilə məşhur olan və hər il ekran başına azı 700 milyon teletamaşaçı yığan oyunda əzəli-əbədi rəqiblər olan iki ispan nəhəngi - "Berselona" və "Real" üz-üzə gəliblər.

Barselonanın möhtəşəm "Nou Kamp" stadionunda üzləşən komandaların ölüm-dirim savaşından meydan sahibləri olan "Barsa" qalib ayrılıb. Bu oyuna qədər turnir cədvəlinin birinci pilləsində qərarlaşan Messinin komandası "dişini" də elə birinci hissədə göstərib. "Barsa"nın yeni braziliyalı transferi Neymar 19-cu dəqiqədə hesabı açıb.

Oyun özünü heç də qonaq kimi aparmayan "Real"ın hücumları ilə keçsə də "Barsa" 78-ci dəqiqədə ikinci dəfə fərqləndi. "Barsa"nın çilili oyunçusu Aleksis de Sançes möhtəşəm aşırma zərbə ilə oyunun taleyini böyük ölçüdə həll etdi. Amma "Real" da oyuna əlavə olunmuş 3 dəqiqə əlavə vaxtda Rodrigesin qolu ilə evə "əliboş" qayıtmaq istəmədiyini ortaya qoydu. Bununla da "Barsa" həyəcanla gözlənilən derbini 2:1 hesabı ilə qazanaraq lider mövqeyini qorudu. Bununla yanaşı "Real"la öz arasındakı xal fərqini 6-ya çatdırmaqla qarşıdakı matçlar öncəsi xeyli rahatlandı.