BolgeXeber.Com » Gündəm » Bir məhkəmə hakiminə töhmət verildi

Bir məhkəmə hakiminə töhmət verildi

28-08-2010, 03:25
Oxunub: 5 901
İki hakimə isə qanunvericiliyin tələblərini pozduqlarına görə irad bildirilib

“Bolgexeber”-in verdiyi məlumata görə Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunub ki, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə yeni məhkəmələrin - Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədi ilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin iş yükünün azaldılması məqsədi ilə hakim ştatlarının sayının 25 faiz artırılması, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının genişləndirilməsi ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcək.

Şurada yeni qanunvericilikdən irəli gələn vəzifələr, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. məsələlər müzakirə edilmiş, hakimliyə namizədlərin çoxmərhələli seçimi nəticəsində 78 nəfər hüquqşünasın hakim vəzifəsinə hazırlanmaları üçün təlim mərhələsini uğurla başa vurduğu və hazırda yekun müsahibələrə cəlb olunduğu qeyd edilib.

Həmçinin iclasda səlahiyyət müddətləri başa çatan bir sıra hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılmış, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, vətəndaşların haqlı narazılıqlarına səbəb olan süründürməçilik və digər mənfi hallara yol verdiklərinə görə son illər ərzində hakimlər barədə 100-dən çox intizam icraatlarının başlanılması, 40-dək hakimin səlahiyyətlərinə xitam verilməsi vurğulanıb.

Aparılmış qiymətləndirmə nəticələri üzrə fəaliyyəti məqbul bilinən 8 hakimin yenidən müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəmüvafiq hesab edilib, 10 hakimin səlahiyyətlərinə xitam verilib, o cümlədən 5 hakimin işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq fəaliyyəti qeyri-məqbul hesab edildiyinə, 5 nəfərin isə hakimlik üçün son yaş həddinə çatmaları ilə əlaqədar səlahiyyətlərinə xitam verilib.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovaya töhmət verilib, Zərdab Rayon Məhkəməsinin hakimi Ağaməhəmməd Qarayevə və Ağdam Hərbi Məhkəməsinin hakimi Abbas Abbasova irad tutulub.