BolgeXeber.Com » Sosial » Qusarda məktəb binası yararsız hala düşüb

Qusarda məktəb binası yararsız hala düşüb

28-08-2010, 03:25
Oxunub: 6 046
Gican kəndində məktəb üçün yararlı bir bina tapılmır

Qusar rayonunun mərkəzindən 50 km məsafədə yerləşən Gican kəndinin əsas məktəbi bağlanıb və 2010-2011-ci dərs ilində bu məktəbdə dərs keçirilməsi rayon icra hakimiyyəti başçısının göstərişinə əsasən qadağan olunub. Qadağaya səbəb kimi isə uzun illərdir qəzalı, bərbad vəziyyətdə olan məktəb binasının divarlarında iri çatların əmələ gəlməsi göstərilir.

Bu günlərdə isə vəziyyət daha da kritik həddə çatıb. Məktəbin əsas divarı sürüşərək parçalanıb. Hər yer, istər döşəmə, istərsə də tavan çat-çat olub.

Qusar rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Fərhad Pirmətov “Bolgexeber”-e isə bildirib ki, məktəbdə son 15 gündə yenidən sürüşmə olduğundan çatlar daha təhlükəli həddə çatıb və bu barədə rayon İcra Hakimiyyətinə məlumat verilib. İcra nümayəndəsinin sözlərinə görə, belə qərara alınıb ki, Gican kənd orta məktəbi kənd kitabxanasının və bələdiyyəsinin binasında yerləşdirilsin. Problem ondadır ki, kitabxana və bələdiyyə binaları da qəzalı vəziyyətdədir. Üstəlik öz yerlərinə şagirdlərə verən bu iki qurumun harada yerləşməsi məsələsi də sual altındadır. İcra nümayəndəsinin sözlərindən isə belə çıxır ki, kənddə bütün tikililər qəzalı vəziyyətdədir.

Qusar rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə, mədəniyyət məsələri üzrə müavini Elman Mustafayev bildirib ki, Gican kənd məktəbi 1923-cü ildə tikilən uyğunlaşdırılmış binada yerləşmişdi. Uzun illər qəzalı olan binanın dam örtüyü də bir neçə dəfə uçduğundan rayonun daxili imkanları hesabına təmir olunub. Amma bu dəfə təmirə yox, yeni məktəbə ehtiyac var.

Ötən gün rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, FHN-in Xaçmazdakı Regional Mərkəzinin əməkdaşları da kənddə olublar, binaya baxış keçiriblər. Binanın daha istifadəyə yararsız olması barədə akt tərtib olunub. Akt FHN-ə və Nazirlər Kabinetinə göndərilib. Gican kənd məktəbinin köçürüləcəyi kitabxana və bələdiyyə binaları da çiy kərpicdən tikildiyindən bu tikililər də qəzalı vəziyyətdədir, amma çarəsizlikdən, nə olur-olsun məktəb bu binalara köçürüləcək. Məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə də məlumat verilib.