BolgeXeber.Com » Analitika » ABŞ-dan Azərbaycana aid şok hesabat - Cinsi zorakılıq

ABŞ-dan Azərbaycana aid şok hesabat - Cinsi zorakılıq

29-06-2011, 17:20
Oxunub: 8 356

«Azərbaycanda polis məmurlarının nəzarətində olan bəzi sauna, motel və masaj kabinələrində məcburi fahişəlik faktlarının olduğu deyilir. Ancaq məmurların adlarının hallandığı cinsi istismarla bağlı ittihamlar araşdırılmır».

Bolgexeber.com Azadlıq radiosuna istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin insan alveri haqda illik hesabatının Azərbaycana aid hissəsində belə deyilir. Hesabatda qeyd olunur ki, «Azərbaycan qadın, kişi və uşaqların məcburi əməyə, cinsi zorakılığa məruz qaldığı ölkə olmaqla yanaşı, həm tranziti, həm də qurbanların gəldiyi ölkədir».

Kişilər və oğlanlar Rusiya və Moldovada məcburi əməyə məcbur edildikləri halda, qadın və uşaqlar BƏƏ, Türkiyə, Rusiya və İranda cinsi zorakılığa məruz qalırlar.

AZƏRBAYCAN MİNİMUM STANDARTLARA CAVAB VERMİR

Dövlət Departamenti bildirir ki, Azərbaycan hökuməti insan alverini tamamilə aradan qaldırmaq üçün minimum standartlara cavab vermir:

«Hökumət cinsi istismara və məcburi əməyə cəlb olunanların aşkar edilməsi, təhqiqat aparılması və məsuliyyətə cəld edilməsi sahəsində əhəmiyyətli tərəqqiyə nail olmayıb».

Ümumiyyətlə, hesabat dünyanın 184 ölkəsini əhatə edir. Dövlətlər üç kateqoriyada birləşdirilir. Birinci qrupda «İnsan alveri qurbanlarının müdafiəsi aktı»nın minimum tələblərini yerinə yetirən, ikinci qrupda minimal tələblərə cavab verməyən, lakin bu istiqamətdə müəyyən addımlar atan, üçüncü qrupda isə aktın müddəalarını yerinə yetirməyən və bu istiqamətdə heç bir səy göstərməyən ölkələrdir.


AZƏRBAYCANIN ADI «XÜSUSİ NƏZARƏT QRUPUNDADIR»

Azərbaycan isə dördüncü ildir ardıcıl olaraq ikinci qrup daxilində «xüsusi nəzarət qrupu»na (watchlist) aid edilir.

Yəni, insan alverinin kökünü kəsmək üçün minimum standartlara cavab verməyən, ancaq bu işi görmək üçün əhəmiyyətli cəhdlər edən ölkələr sırasındadır. Bu qrupa daxil olan ölkələrdə insan alveri qurbanlarının sayı əhəmiyyətli dərəcədə çoxdur və artır.

Qrupda Azərbaycanla yanaşı, Əfqanıstan, Anqola, Belarus, İraq, Rusiya, Qətər, Suriya, Tunis kimi ölkələr yer alıb. Qonşu dövlətlərdən Ermənistan ikinci, Gürcüstan 1-cilərdəndir. 3-cü kateqoriyaya aid dövlətlərin sayı isə bu il artıb, 13-dən 23-ə.

Hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxış edən ABŞ Dövlət katibi Hillari Klinton (Hillary Clinton) bildirib ki, insan alveri ilə bağlı mübarizəyə dair qanunlar bir çox ölkələrdə mövcuddur, lakin hamısında tətbiq olunmur:

27 MİLYON İNSAN ALVERİ QURBANI

«Təəssüflər olsun ki, nəqliyyat və qlobal kommunikasiya asanlaşıb. Yaxşı həyat vədi indi ucqar kəndlərə də gedib çatıb. İndi biz əvvəlkindən daha çox insanın istismara məruz qaldığını görürük: 27 milyon kişi, qadın və uşaq. Hökumətlər mühüm addımlar atır, lakin nəticəyə nail olmaq üçün bu öhdəlikləri fəaliyyətləri ilə uzlaşdırmaq lazımdır».

Məmurların adlarının hallandığı cinsi istismar və məcburi əməklə bağlı ittihamlar araşdırılmır
Dövlət Departamentinin insan alverinə dair sayca 11 hesabatına mütəmadi olaraq insan haqlarının pozulduğu ölkələrin adları salınıb. Bu ölkələrə Myanma, Kuba, İran, Şimali Koreya və Zimbabve aiddir.

Hillari Klinton bildirib ki, bu siyahıların hazırlanmasında məqsəd hökumətlərin diqqətini problemlərin həllinə çəkməkdir. Dövlət katibi bildirib ki, onlar hər bir dövlətə ayrı-ayrı tövsiyələr hazırlayıb və texniki əməkdaşlıq təklif edirlər. Bu həftə bütün dünya üzrə ABŞ diplomatları hökumətlərlə görüşərək, birlikdə fəaliyyət planını, tövsiyələri nəzərdən keçirəcəklər.

ABŞ DİPLOMATLARI HÖKUMƏTLƏRƏ TÖVSİYƏLƏR VERƏCƏK

Dövlət Departamenti insan alveri hesabatında Azərbaycana da tövsiyələr verib. Tövsiyə olunur ki, insan alveri halları araşdırılsın, günahkarlar məhkəmə qarşısına çıxarılıb, cəzalandırılsın.

Məcburi əməyə cəlb edilən qurbanları aşkarlamaq üçün milli mexanizmdən daha səmərəli istifadə edilsin, cinayətdə iştirak edən hökumət rəsmiləri, o cümlədən polislər məsuliyyətə cəlb edilsin. Tikinti yerlərində məcburi əməkdən istifadə edilmə ehtimalı olduğundan təftişlərin sayı artırılsın, maarifləndirmə aparılsın və s.

Hesabata görə, ötən il Azərbaycanda insan alverinə görə 28 şəxs məsuliyyətə cəlb olunub. 2009-cu ildə isə bu göstərici 58 idi. Həbs olunanlardan 25-i 2 ildən 9 ilə qədər, üçü isə 5 il həbs cəzası alıb. Bu müddətdə unsan alveri qurbanlarına birdəfəlik 40 dollar verilib. Məbləğin 243 dollara artırılması və qurbanlar üçün müalicə müəssisələrinin sayının artırılması qərara alınıb.