BolgeXeber.Com » Media » Rauf Arifoğludan abunə çağrışı - MÜRACİƏT

Rauf Arifoğludan abunə çağrışı - MÜRACİƏT

9-11-2013, 12:30
Oxunub: 4 082 "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qəzetin nəşrini dayandırmasına imkan verməmək üçün oxuculara müraciət edib.Bolgexeber.com baş redaktorun müraciətini təqdim edir:
"Öncə şükranla başlayaq...

“Yeni Müsavat” kimi bir qəzeti qurma, böyütmə və 24 il başında dayanma fürsəti verdiyinə görə Allaha min şükürlər olsun. 1989-un 10 noyabrında işığa çıxan “Yeni Müsavat” 24 ildir ki, qaranlıqları aydınladır.
Bir az da qürurlanaq, düşmənlərin və biznən düşənlərin acığına...
Belə bir rekord Azərbaycanda yoxdur - 24 il bir qəzetə baş redaktorluq yapan yeganə qəzetçi kimi tarixin bir köşəsində adımız balaca şriftlərlə yazılar, inşallah.

****

İndi də 24 il sonrakı halımızdan yazaq. Bunun bir qismini də Facebook-da paylaşdıq...

****

“Yeni Müsavat” qəzeti quruluşunun 24 illiyinin tamam olduğu ərəfədə ciddi çətinliklə üzləşib. Bizə çıxartdığımız qəzeti satmağa Bakıda yer vermirlər. Şəhərin mərkəzi küçələrində, İçərişəhərdə, “Fontanlar Bağı”nda qəzet satmaq bizə yasaqlanıb. Yeni köşklər müxalifət olduğumuz üçün bizi yaymırlar; “Qasid” firması satdığı qəzet nüsxələrinin pulunu mənimsəyir və qəsdən üstünə borc yığır. Ötən ayın 15-dən etibarən isə “Yeni Müsavat”ı metropoliten ərazisinə buraxmırlar. Məsələ aydındır, məqsəd bizi, eləcə də “Azadlıq” qəzetini tamamilə iflas etdirməkdir. Günlərdir bütün instansiyalara müraciət edirik. Kimsədən sadə bir cavab belə ala bilmirik. Aidiyyatlı bütün qurumlara, ən sonda da prezidentə şəxsən müraciət etdim, ondan dəstək istədim – 24 yaşlı, 61 işçisi olan gündəlik bir qəzeti çökdürülməyə qoymayın deyə, xitab etdim. Heç bir reaksiya yoxdur. Vəziyyət isə saat-ba saat pisləşir. Gözəl qəzet buraxırıq; insanlar onu əl-bəəl axtarır; lakin indi bu boyda Bakıda oxucu bütün günü vurnuxur, “Yeni Müsavat” tapa bilmir ki, alıb oxusun. Bakı bizə yasaq olub, müxalifət qəzetləri də Bakıya yasaqlanıb. Bütün bunlara etiraz olaraq, heç zaman əl atmadığımız, “Yeni Müsavat”a xas olmayan bir bir aksiyaya əl atdıq. Qəzetin çapını müvəqqəti olaraq durdurduq. Halımızın ağırlığını dünyaya, ölkəyə, dostlara və hətta düşmənlərə çatdırmaqdır, məqsədimiz. Dostlar dərhal reaksiya verdilər; yazdılar, zəng etdilər, qəzetə gəldilər. Çoxvariantlı müqavimət və mövcudluğu davam etdirmək planları qurduq. Ən birinci olaraq, Müsavat başqanı İsa Qəmbərin təklif etdiyi ideyaya - yaxın çevrəmizi, daha sonra da bütün oxucu və dostlarımızı qəzetə abunə yazdırmağa təşviq etməyə start verdik. Qəzetimizə gələn, zəng edən, yazan dostların "nə edə bilərik", sualına bir təklifimiz oldu. Abunə yazılın! Küçədə ala bilmədiyiniz qəzeti evinizə göndərək! Hərə iki aylığına minimum 1 qəzetimizə abunə yazılsın.

Ərkimiz çatan bir sıra imkanlı dostları, millət vəkillərini, ziyalıları, KİV rəhbərlərini aradıq, bəzilərinə FB-dən yazdıq, xahiş etdik ki, qəzetimizin dövriyyədən çıxarılan nüsxələrini, tirajını bərpa etmək üçün abunə yazılsınlar. Allaha min şükürlər olsun, bir nəfər belə sözümüzü çevirmədi. Üstəlik, nisbətən imkanlı 3 dostumuz, daha iki millət vəkili, bir neçə KİV rəhbəri bir yox, daha çox abunə yazılmağa hazır olduqlarını bildirdilər. Qısa zaman kəsiyində, yalnız telefon və elektron yazışmalarla 400 civarında abunə üçün ödəniş və ödənişin sözünü topladıq. Gələn həftənin 2-ci günü, 12 noyabrda “Yeni Müsavat”ın redaksiyasında geniş toplantı olacaq - ölkənin ziyalılarını, siyasi və mətbu elitasını, imkanı, zamanı olan hər bir oxucumuzu qəzetə dəvət edirik. Həmin gün abunə kampaniyasına rəsmən start veriləcək və toplanan abunə məbləğləri redaksiyaya çağırılan yayım firmalarının təmsilçiləri vasitəsi ilə sənədləşdiriləcək.

Əziz oxucular. Abunə kampaniyasına qoşulmaq, qəzetimizi evində, ya da iş yerində iki ay boyunca rahat almaq istəyirsinizsə, “Qaya” mətbuat yayımı firmasının aşağıdakı telefonlarına zəng edə bilərsiniz: 465- 67-13; 564-48-96. Bir aylıq abunə məsrəfi 1 nəfər üçün 12 manatdır.

Başqa bir təklifim də var. Bayaq da qeyd etdiyim kimi, bir sıra dostlarımız abunə kampaniyasında daha fəal iştirak edərək, 10, 20, və daha çox nəfərlik abunə üçün ödəmələr edəcəklər. Məsələn, “Ümid” Partiyası 100 nəfəri “Yeni Müsavat”a abunə yazdıracaq. Bir millət vəkili 50 nəfərlik abunəyə dəstək vermək üçün yarım aylıq maaşını qəzetə bağışlayacağını bəyan etdi... Belə olan halda, “Yeni Müsavat”a abunə yazılma üçün maddi imkanı olmayan dostlarımıza da qəzetimizi sistemli almaq şəraiti yaranır. Sadəcə bizə koordinatlarını (ad, soyad, ünvan) yollasınlar. Mənim e-poçtuma yaza bilərsiniz: arifoğ[email protected].

Dostlar! Burada məqsədimiz bizi sıradan çıxartmaq istəyən pis bir niyyətə qarşı cəmiyyətin müqavimətini göstərmək, eyni zamanda qəzetlərin metro, küçə və meydanlarda satışına qoyulan əngəlləri aşaraq, oxucu ilə “Yeni Müsavat”ı buluşdumaqdır. Dövriyyədən çıxarılan 3-4 min nüsxə tirajı bərpa etməkdir. Həm də fürsətdən istifadə edib, yüzlərlə, minlərlə oxucularımızı kampaniyaya dəstək verən imkanlı dostlar sayəsində qəzetimizə təmənnasız abunə etdirməkdir.

İmkanı olanlar dəstəyini, olmayanlar ad və ünvanlarını bizdən əsirgəməsinlər.

Allah köməyiniz olsun."
Bolgexeber.com