BolgeXeber.Com » Media » “Metroservis”in rəhbəri: "İyirmi ildir dövlətçiliyə xidmət etmişəm, axırı da belə"

“Metroservis”in rəhbəri: "İyirmi ildir dövlətçiliyə xidmət etmişəm, axırı da belə"

15-11-2013, 16:35
Oxunub: 4 581 “Metroservis” yayım firmasının rəhbəri Bəkir Cəfərov firmanın ləğvinin səbəbinin ona məlum olmadığını bildirib. O, “musavat.com”a açıqlamasında qeyd edib ki, bir günün içində qərar verilərək firmanı ləğv ediblər: “Abunələrimiz vardı, onların yayımını da saxladıq. İndi yazdığımız abunələrin pulunu da geri qaytarmalıyıq. Baş verənlərin səbəbini bilmirəm. Heç bir izahat verilmədi. Dedilər ki, 20 il işləmisiniz, bəsdir, gedin. Fakt odur ki, müəssisə bağlandı, vəssalam”.
O, firmaya görə ona kompensasiya ödənilməyəcəyini də söyləyib: “Borcları da ödəmək lazımdır”. B.Cəfərov dedi ki, firmanın 60 nəfər işçi var idi və baş verənlər onlarla ailənin işsiz qalması ilə nəticələndi: “İyirmi ildir dövlətçiliyə xidmət etmişəm. İşçilərimin hamısı Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmişə tapşırmışam ki, dövlət qəzetlərini qabağa düzün. Axırı da belə”.
Firma rəhbəri bildirdi ki, köşklərin bağlanması ilə bağlı yazılı qərar yoxdur: “Yəqin ki, kiminsə tapşırığı ilə qərar veriblər. Belə məsləhət görüblər, biz nə edə bilərik? Balaca, əmrə tabe olan adamlarıq. Əlimizdən başqa bir şey gəlməz. Qərarı verən adam güc sahibidir”.
O, deyib ki, baş verən hadisələrdə bir hikmət var: “Allah böyükdür. Zalımın zülmü varsa, fağırın da Allahı var. Qurban bayramı günü, noyabrın 15-də səhər-səhər məni çağırdılar, yalvardım ki, bayramdır, bu gün qəzetləri satışdan yığışdırmayın, heç olmasa, ayın 17-nə qalsın. Axır ki, 20 dəqiqədən sonra razılaşdılar. Qurban bayramında 5 qəzetin - "Azadlıq", "Yeni Müsavat", "Bizim yol", "Gendəm-xəbər" və "Bizim dövr"ün satışı qadağan edildi, Aşura günü də bunu etdilər. Burada Allahın hikməti var. Təsisçi Tağı Əhmədovdur, dedi ki, bağlanmalıdır, vəssalam, biz də bağladıq”.
Metropoliten rəhbəri Tağı Əhmədov isə suallarımızı cavablandırmaqdan imtina edib.
musavat.com