BolgeXeber.Com » Bölgə » "Daşkəsən işi"ndə müəmmalar üzə çıxır

"Daşkəsən işi"ndə müəmmalar üzə çıxır

28-08-2010, 03:45
Oxunub: 5 987
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Daşkəsəndəki "N" saylı hərbi hissəsində 6 nəfərin qətli, iki nəfərin isə ağır yaralanmasında təqsirləndirilərək həbs olunan zabitlərin işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə məlumatı "Bolgexeber” –e məhkəmədən veriblər.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, divizion komandirinin müavini Vələd Qurbanov ifadə verib. Təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilməyib. Komandir müavini bildirib ki, o hərbi hissədə heç kimdən rüşvət almayıb, əsgərləri döyməyib: "İttihamlar şişirdilib. Mən yalnız xidmətdlə bağlı əsgərlərə irad tutmuşam. Hərbi hissə komandiri əsgərləri üzümə durmağa məcbur edib. Həmin gün mən hərbi hissədə olmamışam, divizion komandirinin icazəsilə kənarda olmuşam".

Qətl hadisəsini törədəndən sonra özünü öldürən əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov isə ifadəsində bildirib ki, bu işdə əsgərlərin əli olmayıb: "Silahlarda nə mənim oğlumun, nə də özünü öldürən digər əsgərin əl izi yoxdur. Burada 3-cü şəxsin əl izi var. Bu faktlar araşdırılmalı və silahların əl izi ilə bağlı ekspertizasının cavabları məhkəməyə təqdim edilməlidir".
Proses davam edir.

Qeyd edək ki, 2010-cu il yanvarın 28-də Daşkəsəndəki "N" saylı hərbi hissədə iki əsgər 4 zabiti qətlə yetirib, iki nəfəri isə yaralayıb. Əsgərlər hadisədən sonra özlərini də qətlə yetirib. Faktla bağlı başlanmış cinayət işi üzrə hərbi hissənin 5 zabiti təqsirləndirilərək həbs edilib.