BolgeXeber.Com » Media » Qənimət Zahid:“Tağı Əhmədov kimdir ki..?”

Qənimət Zahid:“Tağı Əhmədov kimdir ki..?”

20-11-2013, 12:15
Oxunub: 5 774 Hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid “Yeni Müsavat”ın suallarını cavablandırıb

Q.Zahid qəzetlərin metroda satışının qadağan edilməsi və tənqidçi media ətrafında yaranmış ümumi vəziyyətlə bağlı danışıb.

- Qənimət bəy, “Azadlıq” qəzetinin vəziyyətindən xəbəriniz var, durum necədi?

- Bərbad! Məncə, bu, artıq hansısa qəzetin deyil, bütün qəzetlərin problemidir. Mən bugünlərdə “Azərbaycan” qəzetinin baş redaktorunun açıqlamasını oxudum. Yəqin siz də müsahibəni oxumusunuz. Azərbaycanda prezident və hökumət səviyyəsində media arzuolunmaz element elan edilib.

“Azadlıq”ın və bütün başqa qəzetlərin yayımı ilə bağlı durum ölkənin bütün media ictimaiyyətini narahat etməlidir. Bu proses elektron KİV-ləri və ya online KİV- i də narahat etməlidir. Çünki çap mediası ilə məsələ “yoluna qoyulandan” sonra yəqin ki, bütün xəbər portalları və internet qəzetlər də adekvat problemlərlə qarşı-qarşıya qalacaq. Məncə, bu durum Azərbaycanda söz azadlığının böhranı kimi xarakterizə edilməli və mediaya dəxli olan hər kəs bu vəziyyətin aradan qaldırılması üçün ümumi müzakirələrə qatılmalı, konkret addımlar atılmalıdır.

- Belə vəziyyətdə vətənə - “Azadlıq”ın redaksiyasına qayıtmağı düşünürsünüzmü?

- Belə vəziyyətdə də, bundan daha pis vəziyyətlərdə də “Azadlıq”ın redaksiyasındayam, orada olmuşam və orada olacağam. Əgər fiziki mənada Azərbaycanda olmağı nəzərdə tutursunuzsa, açığı, indi bu barədə düşünmürəm. Burada “Azadlıq” və ümumilikdə Azərbaycan mediası üçün mühüm sayılacaq bir sıra proyektlərin hazırlanması ilə məşğulam. Azərbaycana yəqin ki, yazda gələ biləcəyəm - bu proyektləri işə salaraq və onların dayanmayacağı təminatlarını yaradaraq.

- Niyə “Azadlıq”ın kollektivi “Yeni Müsavat”la birlikdə abunə marafonu keçirmədi?

- “Azadlıq” və “Yeni Müsavat” arasında anlaşılmazlıqlar zaman-zaman baş verir. Mən bu ziddiyyətlərə fəlakət kimi baxmıram. Hesab etmirəm ki, Azərbaycan mediası bu ziddiyyətlərdən nəsə itirir. Artıq hər kəsə bəllidir ki, bu iki qəzetin ölkədə baş verən proseslərə və hadisələrə yanaşması, xəbər və yozum strategiyası ciddi şəkildə fərqlənir. Bir müddət sonra bu ziddiyyətlər, ümumiyyətlə olmayacaq. Başlıca məsələ odur ki, ölkədə medianın başına gətirilən fəlakətlərlə bağlı ümumi bir fəaliyyət varmı, yoxmu? İki qəzet arasında anlaşılmazlıq bu kontekstdə o qədər də önəmli deyil. Konkret olaraq, bu suala gəlincə, “Yeni Müsavat” bu marafonu bir neçə gün əvvəl, “Azadlıq” isə bir neçə gün sonra keçirməyə qərar verdi. Güman edirəm ki, bu, o qədər də səhv taktika deyildi.

- Ümumiyyətlə, səbəb nə oldu ki, metroda qəzet satışını birdəfəlik qadağan etdilər?

- Metroda qəzetlərin yayımına əngəl yaradılması bu silsilənin birinci addımı deyil axı?! Hələ Heydər Əliyevin zamanında “Qaya” mətbuat yayımına divan tutulurdu, səyyar satış təqib edilirdi və s. İlham Əliyevin siyasəti də bunun davamıdır. İlham Əliyev də hökumətin kontrolunda olan yayımı çökdürməklə medianın inkişafının qarşısını almaq istəyir. “Qasid”in çökdürülməsi, qəzet köşklərində xırdavat satılması da hakimiyyətin həyata yanaşma tərzidir. Tağı Əhmədov bu məsələdə kimdir ki?
Bolgexeber.com