BolgeXeber.Com » Analitika » Azərbaycanda 5 nəfərin həyatına son qoyan ilan hansıdır?

Azərbaycanda 5 nəfərin həyatına son qoyan ilan hansıdır?

8-07-2011, 10:35
Oxunub: 5 910 Onun zəhəri adamın qanında hemoqlobini oksigen daşımağa qoymur, nəticədə ürək partlayır...

Havaların qızması ilə Azərbaycanda ilanvurmaların sayı xeyli artıb. Bolgexeber.com xəbər portalının məlumatına görə, Bakı şəhəri və Abşeron rayonu ərazisində ilansancma halları daha çoxluq təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada yarım milyondan artıq adamı ilan sancır. İlan çalmasından ölənlərin illik sayına görə dünyada birinci yeri Hindistan tutur. Hindistanda hər il ilanların sancdığı 250 mindən çox adamın, təxminən, 50 mini ölür.

Azərbaycandakı statistikaya nəzər yetirdikdə, məlum olur ki, ilanvurmalarla bağlı vəziyyət o qədər də ürəkaçan deyil.

1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirdi ki, bu il ilanvurmaya dair 42 hadisə baş verib, onlardan 5 nəfəri xəstəxanada ölüb. Eyni zamanda, 2 nəfəri qara qurd, 1 nəfəri isə əqrəb sancıb.

Şöbə müdirinin sözlərinə görə, bütün yaralıları və ölənləri gürzə sancıb. Zəhərin təsirindən ilan sancan şəxsdə ilk olaraq, damardaxili laxtalanma baş verib, mərkəzi sinir sistemi, nəfəs sistemi sıradan çıxıb.

A.Maqsudov deyir ki, ölənlərdən 3 nəfəri səhlənkarlığın qurbanı olub. Onlar xəstəxanaya çox geç çatdırılıblar...

İlanvurma nəticəsində həyatını itirənlər aşağıdakılardır:

- Sənan Məmmədov, 22 yaş, Samux rayonu;
- Vüqar Quliyev, 24 yaş, Bakı şəhəri, Şüvəlan qəsəbəsi;
- Bibixanm Musayeva, 40 yaş, Siyəzən rayonu;
- Mənsurə Teymurova, 65 yaş, Hacıqabul rayonu;
- Rəşad Balaşov, 30 yaş, Neftçala rayonu...

Şöbədən o da bildirildi ki, onların əksəriyyəti gürzə ilanlarının sancmasından ölüb. Onların ilan zəhərinin təsirindən qanı laxtalanıb, ürəyi şişib və bu, ölümə səbəb olub.

Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri Sahib Əhmədov açıqlamasında bildirdi ki, Azərbaycanda 7 növ zəhərli ilan var. Onlardan respublikada ən təhlükəlisi və çox yayılanı Levanten gürzəsinin "iri Zaqafqaziya gürzəsi" yarımnövüdür.

Laboratoriya müdiri deyir ki, ölkədə insanları təkcə Zaqafqaziya gürzəsi deyil, "step" gürzəsi də sanca bilər: “"Zaqafqaziya gürzəsi" sancan adam qısa zamanda ölür.
Vaxtında anti-zərdab vurulmasa, zəhər ilan sancan adamın qanını parçalayır, hemoqlabini oksigen daşımağa qoymur, nəticədə ürək partlayır. Zəhər birbaşa ürək-damar sisteminə təsir edir. Qanın laxtalanması, kapillyarların partlaması baş verir”.

"Beş nəfər, hansı ilanın sancmasından ölüb?" sualına cavabında S.Əhmədov dedi ki, həmin hadisələr baş vermiş rayonlarda ən çox "Zaqafqaziya gürzəsi"nə rast gəlinir. Ona görə də, böyük ehtimalla həmin şəxsləri "Zaqafqaziya gürzə"si sancıb.

S.Əhmədov onu da bildirdi ki, Azərbaycanda yay fəslində insanlar üçün təhlükəli olan zəhərli qara qurd və hörümçəklər vardır. Həmin həşəratların vurmasından ölkədə insan ölümü halı olmasa da, onlar təhlükəlidir. Orta Asiyada bu həşaratlar hətta dəvə, at və inəyi öldürür.