BolgeXeber.Com » Analitika » Valideynlər dünyaya sağlam uşaq gətirmək üçün nə etməlidir?

Valideynlər dünyaya sağlam uşaq gətirmək üçün nə etməlidir?

20-07-2011, 10:50
Oxunub: 5 694 Övladının dünyaya gəlməsini gözləyən ata və ana sağlamlığına diqqət eləməsi vacibdir.

Bolgexeber.com-un məlumatına görə, valideynlərin siqaret çəkməsi, spirtli içki və narkotik qəbulu dünyaya gələcək körpəyə mənfi təsir göstərir.

Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir? Sağlam uşaq dünyaya gətirmək üçün ata və ana nəyə riayət etməlidir? Ölkədə dünyaya gətirilən uşaqlarda ən çox hansı xəstəliklərə rast gəlinir?

Suallara cavab tapmaq üçün respublikanın baş pediatrı Nəsib Quliyevə müraciət etdik. Baş pediatr bildirdi ki, Azərbaycanda əvvəllər dünyaya gələn xəstə uşaqların 2-5%-i yenə də anadangəlmə qüsurlar və xəstəliklərlə doğulan uşaqlardır. Onun sözlərinə görə, qüsurların rastgəlmə tezliyinə görə tibbin öz qanunları var. Birinci yerdə urəyin qüsurlarıdır. Ürəkdə rast gəlinən qüsurlar bütün üzvlərdən daha çoxdur. İkinci yerdə böyrək və sidik çıxarıcı sistemin qüsurları, sonrakı isə mədə-bağırsaq və digər orqanların inkişaf problemləri və qüsurlarıdır.

N.Quliyev deyir ki, bu qüsurların bəzilərini doğuşa qədər aşkarlamaq mümkündür: “Tibbdə bunu antinatal müayinə və diaqnostika adlandırırlar. Elə hallar olur ki, körpə doğulana qədər onda qüsurların aşkarlanmasının da elə bir əhəmiyyəti olmur. Çünki aparılacaq tədbir ancaq doğulandan sonra görülə bilər. Elə qüsur və inkişaf problemləri də var ki, onu mütləq bətn daxilində aşkar edilib tədbir görülərsə, daha effektli olar. Bəzən dölün inkişafında elə qüsur və anomaliyalar aşkar olunur ki, dölün doğulandan sonra da yaşamağa qadir olmayacağı əvvəlcədən bilinir. Bununla da bağlı tədbirlər görülür”.

Azərbaycanda uşaq ölümünün son 20 il ilə müqayisədə 3 dəfə azaldığını deyən baş pediatr qeyd etdi ki, ölkədə körpələr arasında ölüm göstəricisi 10,2 promilledir: “Yəni, hər diri doğulan 1000 uşaqdan 10 nəfəri 1 yaşa çatanadək tələf olur. Türkiyədə bu rəqəm 17, Hindistan və Pakistanda 150-dən yüksək, İraqda 73-75 arasında dəyişir. Biz Avropa ölkələrinə çox yaxınlaşmışıq. Almaniyada bu rəqəm 3-dür. Biz bu göstəricini 2 dəfə də azaltmalıyıq ki, həmin ölkələrə çataq”.

Övlad sahibi olmaq istəyən valideynlərin narkotika və spirtli içki qəbul etməsinə toxunan N.Quliyev dedi ki, narkotikin dölə rüşeym qoyulandan təsiri var. Onun sözlərinə görə, bu, tibbdə sübut olunmuş məsələdir, amma Azərbaycanda bu məsələ aparıcı problem deyil və bu kimi hallardan xeyli uzaqdır: “Ölkəmizdə ana ölümü də son beş ildə 37-38-dən 17-dək azalıb. İki dəfə azalma bizi sevindirir”.