BolgeXeber.Com » Müsahibə-Reportaj » 700 bal toplayan abituriyentlər...

700 bal toplayan abituriyentlər...

25-07-2011, 19:50
Oxunub: 7 565
TQDK-dan bildirilib ki, 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib.

Yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat daxil olub.

TQDK-dan bildirilib ki, 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib.
Ötən illərdə olduğu kimi, bu il də 700 bal abituriyentləri oxuculara tanıdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri 278 saylı “Zəkalar” liseyinin məzunu Əli Rəhbər oğlu Əliyevdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Əli Əliyev VIII sinifdən etibarən paytaxtdakı 287 saylı “Zəkalar” liseyində təhsil alıb, bir sıra müsabiqə, yarışmaların iştirakçısı və qalibi olub.

ANS-dəki "Ağıl dəryası" telelayihəsində qalib gələn Əli Əliyev Şimali Kipr Türk Respublikasının ali məktəblərindən birində pulsuz təhsil almaq hüququ qazanıb. Respublika fənn olimpiadasında riyaziyyat fənnindən 4-cü yerin qalibi olan Əli Əliyev imtahansız attestat alan məzunlardandır.

Əli Əliyev 2000-ci ildə Xətai rayonundakı ingilis dili təmayüllü 27 saylı orta məktəbin birinci sinfinə gedib. Burada 8-ci sinfə qədər oxuduqdan sonra təhsilini 287 saylı "Zəkalar" liseyində davam etdirib.

Ancaq bununla yanaşı, Ə.Əliyev 11-ci sinifdən başlayaraq 5 fəndən repititor yanına gedib. "Düzünü desəm, mən repititor yanına getməsəydim 700 balı toplaya bilməzdim"-deyə Əli bildirib.
O, TQDK-nın keçiridyi sınaq imtahanlarında 600-dən yuxarı bal toplayıb. Ən yüksək nəticəsi isə axırıncı sınaqda olub - 696 bal.

"Məncə, imtahanda ciddi uğur qazanmaq üçün ilk növbədə şagird özünü imtahana psixoloji cəhətdən hazırlamalıdır. Həyəcan olmamalıdır. Əgər həyəcan olmursa, hər şey öz axarında gedir. Bir də imtahana hazırlaşan şagirdin özünə inamı olmalıdır. Yaxınlarım məndən 700 bal gözləyirdi. Onların etimadını doğrultmaq məsuliyyəti həyəcanımı artırırdı. Fürsətdən istifadə edib müəllimlərimə və valideynlərimə, bir sözlə uğur qazanmağımda əziyyəti olan hər bir kəsə öz təşəkkürümü bildirirəm"-deyə Ə.Əliyev "Həftə içi"nə müsahibəsində bildirib.

700 bal toplayan abituriyent deyir ki, onun kompüter mühəndisliyinə böyük həvəsi var. "Təhsilimi xaricdə davam etdirmək istərdim. Hələlik Azərbaycanda təhsilimi Qafqaz Universitetində davam etdirmək fikrindəyəm".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, “Zəkalar” liseyinin məzunları əvvəlki illərdə də belə uğurlara imza atıblar. Bu il keçirilən qəbul imtahanlarının nəticələrinə görə, “Zəkalar” liseyinin 7 məzunu 600 – dən artıq bal toplayıb.

Maraqlıdır ki, Əli Əliyevin özü "Zəkalar" liseyi barədə yüksək fikir söyləmir: "Düzünü desəm, bu liseydə oxumaq fikrim yox idi. Riyaziyyat fənnindən bir az çətinliyim olduğu üçün repititor yanına getməyi planlaşdırmışdım. Valideynlərimin istəyi ilə "Zəkalar" liseyində işləyən riyaziyyat müəlliminin yanına getdim. Bir müddət keçdikdən sonra müəllim məni öz sinfinə götürməyi təklif etdi. Beləliklə, valideynlərim ilə məsləhətləşdikdən sonra bu liseydə oxumaq qərarına gəldim".

700 bal toplayan tələbə deyir ki, bu il respublika üzrə keçirilən riyaziyyat olimpiadasında da 4-cü yeri qazanıb. Amma məktəbi qızıl medalla bitirməyə layiq olduğum halda, "Zəkalar" liseyindən onun qızıl medala namizədliyini irəli sürməyiblər.
"Saxtakarlıq oldu. Bununla bağlı dəfələrlə təhsil aldığım liseyin direkoru ilə mənim aramda mübahisələr yaşandı. Direktorun "mən buna layiq olduğum halda, niyə qızıl medal ala bilmirəm" sualıma cavabı "bilirəm ki, sən buna layiqsən. Sən mənim gözümdə medalçısan, amma..." olub. Bundan başqa, min bir bəhanə eşidirdim. Bəlkə də direktordan asılı olmayan səbəblər vardı. Bir sözlə, mənə qarşı haqsızlıq oldu. Amma məndən buna görə pul istəməmişdilər. Məktəbimizdən 2 nəfərin medala namizədliyi irəli sürülmüşdü. Ümumiyyətlə, belə haqsızlıqlar təkcə məndən deyil, mənimlə bir sinifdə oxuyan yoldaşlarımdan da yan keçməyib".

700 bal toplayan abituriyent deyir ki, belə haqsızlıqlar onun mübarizə əzmini daha da artırıb:
"Valideynlərim deyirlər ki, medal sadəcə dəmir parçasıdı. Ona görə də mən medalın arxasınca düşmədim...".

Məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2009-cu ildə ali məktəblərə keçirdiyi qəbul imtahanlarında 2 nəfər abituriyent test kitabçasındakı bütün suallara düzgün cavab verməklə 700 bal toplayıb. Onların hər ikisi III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlər olub.

Ötən il isə 700 bal toplayan abituriyentlərin sayı xeyli çox olub – 7 nəfər. IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə də 2 nəfər 700 bal toplayıb. Ötən il yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib.