BolgeXeber.Com » Media » Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni telekanal açılır

29-07-2011, 17:55
Oxunub: 4 956
Yaxın günlərdə ANS-dən ikinci böyük partiyanın transferi həyata keçiriləcək.

ANS-dən məzuniyyətə gedən jurnalistlər qayıdanda birbaşa “Araz”a gələcəklər. Obrazlı desək ANS “Araz”a axır... Azərbaycanın efir məkanına yaxın aylarda yeni televiziya daxil olacaq. Bu barədə Bolgexeber.com-a yeni fəaliyyətə başlayacaq televiziyanın əməkdaşlarından biri məlumat verib. Məlumata görə, yeni televiziya “Araz” Teleradio Şirkəti adlanır. Bu yerdə bir məsələni diqqətə çatdıraq ki, bir neçə ay əvvəl Milli Televiziya və Radio Şirkətinin (MTRŞ) elan etdiyi müsabiqədə “Araz” radiosu qalib gəlmişdi. Və yeni radioya telejurnalist Vüsalə Kərimova rəhbər təyin edilmişdi. Hələlik radio kimi efirə çıxan “Araz” yaxın vaxtlarda tele efiri də əldə etmək niyyətindədir. O vaxt MTRŞ-nın elan etdiyi radio müsabiqədə qalib gələn “Araz”ın rəhbərləri sonradan planları dəyişmək, daha doğrusu genişləndirmək istəyiblər. Onlar radio ilə yanaşı, həm də televiziya yayımı hüququnu əldə etmək niyyətinə düşüblər. Bunun üçün isə hər şeydən əvvəl televiziya tezliyinin alınması ilə bağlı məsələni həll etmək niyyətindədirlər.

Məlumatlara görə, bu istiqamətdə bütün işlər uğurla görülməkdədir. Artıq əməkdaşlara verilən vəsiqələrdə belə “Araz” Teleradio Şirkəti adı qeyd olunub. Ümumiyyətlə bütün yazışmalar bu adla aparılır. Şirkətin ofisi isə Beynəlxalq Mətbuat Mərkəzinin ikinci mərtəbəsində yerləşir. Artıq həmin binanın ikinci və üçüncü mərtəbələrində çəkiliş pavilyonları, studiyalar hazırlanıb. Şirkət üçün avadanlıqların birinci partiyası da ölkəyə gətirilib ki, həmin qurğuların da qiyməti 100 min manatdan artıqdır.

“Araz”ın kollektivi ilə bağlı xəbər də maraqlıdır. Belə ki, yeni teleradio şirkəti əsasən ANS-çilərdən formalaşdırılır. ANS-də və digər KİV-lərdə narazı əməkdaşlar normal əmək haqqı ilə şirkətə dəvət olunur. Qeyd etdiyimiz kimi əsas hədəf isə ANS televiziyasının əməkdaşlarıdır. Artıq bir neçə ay əvvəl ANS-dən istefa verən 10-dək aparıcı əməkdaş yeni qurumda işlə təmin edilib. Hətta yaxın günlərdə ANS-dən ikinci böyük partiyanın transferi həyata keçiriləcək. Belə ki, ANS-dən məzuniyyətə gedən jurnalistlər birbaşa “Araz”a qayıdacaqlar. Obrazlı desək ANS “Araz”a axır. Yeni telekanal Azərbaycanın efir məkanındakı boşluğu da doldurmaq niyyətindədir. Yəni bu kanala bir müddət sərbəstlik veriləcək ki, bu da cəmiyyətin nüfuzunu qazanmağa kömək edəcək.

Yeni teleradioşirkətinin əvvəlcə sentyabrda efirə çıxması planlaşdırılsa da, işlər böyüdüyündən efir vaxtı dəyişdirilib. Yaxın bir iki ay ərzində, bütün texniki avadanlıqlar alındıqdan və efir hazırlığı başa çatandan sonra yayıma başlanacaq.

Hələlik “Araz”da bütün yaradıcı işlərə Vüsalə Kərimova rəhbərik edir. Onun elə yeni fəaliyyətə başlayacaq TV-nin də rəhbəri olacağı gözlənilir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli xəbərin həqiqətəuyğun olmadığını deyib. Onun sözlərinə görə, “Araz” ancaq internet televiziya kimi fəaliyyət göstərə bilər: “Hələlik belə bir televiziyaya tezlik verilməyib”.


“Araz” Teleradio Şirkətinin baş redaktoru Vüsalə Kərimova isə bildirib ki, ANS telekanalından “Araz”a axının olması ilə bağlı məlumatlar həqiqətəuyğun deyil: “Hazırda bizdə ANS-in keçmiş 6 əməkdaşı çalışır. Onlar da uzun müddət əvvəl telekanaldan ayrılmış jurnalistlərdir. Ümumiyyətlə, son vaxtlar ANS-dən bizə heç bir müraciət daxil olmayıb. Hazırda bizim radioda 28 nəfər işçimiz var və yeni işçilər götürmək fikrimiz yoxdur. Nə zaman televiziya açmaq niyyətimiz olsa, o zaman yeni işçilər qəbul edəcəyik”.

Yeni telekanalın açılması ilə bağlı məlumatlara gəldikdə, V. Kərimova “general olmaq istəməyən əsgər əsgər deyil” cavabı verib: “Radio varsa, təbii ki, televiziya barədə də düşünmək olar. Amma indiki halda televiziya ilə bağlı heç bir fikrimiz yoxdur”.

V. Kərimova bildirib ki, hazırda onlar radio kimi fəaliyyət göstərsələr də, qurumun adı rəsmi olaraq “Araz” Teleradio Şirkəti MMC adlanır.