BolgeXeber.Com » Müsahibə-Reportaj » “Kreditlə verilir” firildaği

“Kreditlə verilir” firildaği

1-08-2011, 22:40
Oxunub: 6 573 Əməkdaşımız alıcı qismində kredit şərtlərini araşdırıb maraqlı faktlar ortaya çıxardı; bu firmalar vətəndaşları aldadırlar; satıcıların isə “bu müştəri toplamaq üçün bir vasitədir” deyirlər

Yəqin ki, çoxlarınız firmaların, mağazaların, bankların, şirkətlərin kredit aksiyaları barədə qəzetlərdə, küçələrdə, nəqliyyat vasitələrində və digər yerlərdə vurulan elanlara rast gəlmisiniz. Bu elanı yerləşdirən firmaların məqsədi özlərinə daha çox müştəri toplamaqdır. Amma hansı vasitə ilə? Elə “Yeni Müsavat”ın əməkdaşı da bu məsələni araşdırdı. Məlum oldu ki, elanlarda yazılan təkliflərə, xidmətlərə uyub vaxtını itirən, yol pulu sərf edən vətəndaş nəinki nəzərdə tutduğu məqsədə nail olur, hətta əcaib sürprizlə qarşılaşır.

Elan: Yalnız şəxsiyyət vəsiqəsi və ya tələbə bileti ilə; Canlı ünsiyyət: şəxsiyyət vəsiqəsi, zamin, qızıl, ev və ya maşın sənədi...

Alıcı donu geyinib “sərfəli” kredit təklif edən paytaxt mağazalarına üz tutduq. “28 May” metrostansiyası yaxınlığında böyük hərflərlə yazılıb, telefon mağazalarının qapısına yapşdırılan - "YALNIZ ŞƏXSİYYƏT VƏSİQƏSİ VƏ TƏLƏBƏ BİLETİ İLƏ KREDİT" reklamını oxuyub içəri keçirik. Telefon mağazasının satıcısına kreditlə telefon götürmək istədyimizi deyirik. Cavabında şəhər qeydiyyatı olmaq şərtilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və həmçinin bir nəfərin zamin durmalı olduğunu deyir.

- Axı qapıya yazıb vurmusunuz ki, yalnız şəxsiyyət vəsiqəsi ilə. Burada sadaladığınız şərtlər yoxdur.
- Mən satıcıyam. Bilmirəm. Bizə tapşırılıb ki, kreditə yalnız bu şərtlərlə verin.
Növbəti telefon mağazasında da eyni vəziyyətlə rastlaşdıq. Satıcıdan bunun səbəbini suruşduqda cavabı belə oldu: “Bu, müştəri toplamaq üçün bir vasitədir”.

“Neftçilər” metrostansiyası yaxınlığındakı telefon mağazalarının da əksəriyyətində bu tip reklam lövhələrinə rast gəldik: “Yalnız şəxsiyyət vəsiqəsi ilə. Yerindəcə kredit”.

Mağazaya daxil olub, telefon kreditə götürmək istədiyimizi bildirdikdə, satıcı “beşcə dəqiqəyə həll edərik” deyib, şərtləri söylədi. Aydın oldu ki, kredit yalnız 300 manatdan yuxarı qiymətə olan telefonlara şamil olunur. Bu da asan deyil, şəxsiyyət vəsiqəsi, zamin (valideyn olmalıdır), ev və ya maşın sənədi, həmçinin qızıl və sair tələb olunur. Satıcıya reklam lövhəsindəki şərtlə söylədiyi şərtlərin üst-üstə düşmədiyini dedikdə gülümsəyərək dedi ki, reklama inanmaq lazım deyil: “Tək bizim mağaza deyil, şəhərin istənilən kreditlə mal verən firması belə yazır”.

“Kontakt mobile”, “Star GSM” mağazalar şəbəkəsində də vəziyyət eynidir. Reklamdakı şərtlərlə tanış olub firmalara müraciət edən şəxslər orada yeni şərtlərlə üzləşdikdə, tüstüləri təpələrindən çıxır. Onlardan biri olan 23 yaşlı Elnarə deyir ki, metroda “YALNIZ ŞƏXSİYYƏT VƏSİQƏSİ VƏ TƏLƏBƏ BİLETİ İLƏ” yazılmış elanı oxuyub, göstərilən ünvana yollanıb, amma gözləmədiyi sürprizlə qaşılaşıb: “O qədər şərtlər irəli sürdülər ki, axırda dedim ki, kreditsiz alsam bundan yaxşıdır. Təsəvvür edin ki, ”Kontakt mobile" mağazasından mənə dedilər ki, iki nəfər qonşunu şahid kimi gətir ki, sən həqiqətən bu ünvanda yaşayırsan. Həm də şəhər qeydiyyatında olmaq mütləqdir".

Xatırladaq ki, həmin elanda vətəndaşın şəhər və yaxud rayon qeydiyyatında olması şərt kimi göstərilməyib. Adıçəkilən telefon mağazaları ilə əlaqə saxlayıb, kreditlə telefon götürmək istədiyimizi bildirdik və hansı sənədlərin tələb olunması ilə maraqlandıq.

- Şəhər qeydiyyatında olan şəxsin şəxsiyyət vəsiqəsi, əmək haqqı və staj göstərilməklə iş yerindən arayış tələb olunur.
- Rayon qeydiyyatında olanlara kredit verilmir?
- Xeyr, verilmir. Ancaq şəhər qeydiyyatında olan şəxslər üçün iş yerindən arayış tələb olunmur, sadəcə, götürüləcək məhsulun 30 faizi məbləğində ilkin ödəniş edilməlidir.
- İş yerindən arayış necə, dövlət işi olmalıdır?
- Mütləq dövlət işi olmalıdır.
- Niyə bu şərtləri reklam lövhəsində də qeyd etməmisiniz?
- Bu, bizlik deyil. Şərtlər belədir.
Azadlıq prospektində yerləşən “İrşad Telekom” telefon mağazasında da eyni vəziyyətlə qarşılaşdıq. Ancaq satıcılar bunun səbəbini izah etməkdən imtina etdilər.
“Ekspress kredit” sərfəlidir, yoxsa..
.
İlkin ödəniş olmadan, hətta rayon qeydiyyatında olanlara sərfəli kreditlə kompüter, istilik cihazları və s. texniki avadanlıqların vədi “Express kredit”, “Maqnit” mağazalar şəbəkəsinin reklamlarında öz əksini tapıb. İlk baxışdan cəlbedici görünən bu reklamlar, əslində diqqət cəlb etməkdən başqa bir şey deyil. Kompüter almaq üçün yolumuzu “Neftçilər” metrostansiyası yaxınlığındakı “Express kredit”, “Maqnit” mağazalarından saldıq. Onu da deyək ki, “Ekspres kredit”in qatarlarda vurulan elanlarında sərfəli kredit verildiyi və kreditə ilkin ödənişsiz, yalnız şəxsiyyət vəsiqəsi ilə kompüter almağın mümkün olduğu yazılıb. Bu firma ilə əlaqə yaratdıq. Bizimlə telefonda danışan xanım harada işlədiyimi, hansı vəzifə sahibi olduğumu, yaşımı, ev ünvanımı soruşandan sonra bildirdi ki, “Magnit” mağazasına müraciət edə bilərəm. Bu mağazada da olduq. Məlum oldu ki, onlar da hansısa məhsulu kredit verərkən reklam lövhələrində göstərilən şərtlərlə bərabər digərlərini də irəli sürürlər. Kreditlər isə şəhər qeydiyyatında olan şəxslərə verilir. Bundan başqa, kredit götürülən məhsulun qiymətinin 20 faizi əvvəlcədən ödənilməlidir: “Gərək dövlət işindən arayış da gətirəsiniz”.
Alıcılar da bu problemdən şikayətləndilər. Onlar həmçinin buradakı qiymətlərdən narazılıqlarını bildirdilər: “İlk baxışdan şərtlər sərfəli görünür. Amma qiymətlər bazardakı qiymətlərdən 3 dəfə bahadır. Kreditlə aldıqda 900 manatlıq kompüter 1200 manata başa gəlir. Kredit müddəti 12 ay olmaqla, hər ay banka 100 manata yaxın pul ödəməlisən. Digər malların da qiyməti bahadır. İstər soyuducular, istər paltaryuyan maşın olsun. Qiymətlər bazardakından qat-qat bahadır”. Bundan başqa, reklamlarda deyildiyi kimi, kredit faizləri aşağı yox, inanılması mümkün olmayan dərəcədə yüksəkdir. Bəs burada faizsiz, ilk ödənişsiz olan kredit nədən ibarətdir soruşulanda heç “Maqnit” işçilərinin özləri belə, bu sualın cavabını tapa bilmirlər./musavat.com/