BolgeXeber.Com » Şou-Biznes » Nüşabə Ələsgərli Yol Polisi ilə problem yaşadı

Nüşabə Ələsgərli Yol Polisi ilə problem yaşadı

4-08-2011, 22:40
Oxunub: 5 501 Qırmızı işıqda dayanmayan sənətçi onu saxlayan yol polisinə tabe olmaq istəməyib

Müğənni Nüşabə Ələsgərli ilə yol polisi arasında növbəti qalmaqal baş verib. Bolgexeber.com-un məlumatına görə, bu gün saat 16.50 radələrində paytaxtın Ceyhun Hacıbəyli küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsindəki svetaforun qırmızı işığında yüksək sürətlə keçən müğənninin avtomobilini yol polisi saxlayıb. Hadisə vaxtı müğənninin əyləşdiyi 10 LZ 101 nömrə nişanlı “Mersedes GL” markalı avtomobili onun sürücüsü idarə edirmiş.

Avtomobili saxlanılan müğənni yol polsi ilə mübahisəyə girişərək özünü ünlü sənətçi kimi təqdim edib və tabe olmaqdan boyun qaçırıb. Saytımıza verilən məlumatda N.Ələsgərlinin hətta İbrahimov soyadlı yol polisini təhqir etdiyi bildirilib. Sənətçinin tabe olmadığını, sənədləri təqdim etməkdən boyun qaçırdığını görən yol polisi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə xəbər verib. Bundan sonra hadisə yerinə əlavə yol polisləri cəlb olunub. Özünün məşhur müğənni Nüşabə Ələsgərli olduğunu deyən sənətçi avtomobilinin buraxılmasını istəsə də, buna nail olmayıb.

Yalnız bundan sona müğənni avtomobilini hadisə yerində qoyaraq başqa maşına əyləşib və oradan uzaqlaşıb. Müğənninin sürücüsü isə avtomobilin texniki pasportunu girov qoyaraq digər sənədlərin arxasınca gedib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov müğənni ilə yol polisi əməkdaşları arasında belə bir hadisənin baş verdiyini təsdiqləyərək faktla bağlı müvafiq tədbir görüləcəyini vurğulayıb.

Bu, müğənni Nüşabə Ələsgərli ilə yol polisləri arasında baş verən ilk qalmaqallı hadisə deyil. Bu il fevralın 27-də, gecə saat 22:30 radələrində Bakıdakı «Lido» restoranının qarşısında müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən saxlanılarkən də oxşar hadisə yaşanmışdı. O zaman yol polisi ilə mübahisə edən müğənni həm də olay yerinə yaxınlaşan iki jurnalisti ağır söyüşlərlə təhqir etmişdi. Jurnalistlərin ünvanına nalayiq sözlər işlədən sənətçi «Siz kimsiniz mənim şəklimi çəkirsiniz, rədd olun burdan. Mən heç kimi hərləmirəm» deyərək KİV nümayəndələrinə olduqca qaba davranmışdı.
Mətbuat nümayəndələri isə müğənniyə qarşı mülayim davaranaraq və ona məhz jurnalistlərin hesabına tanınıb məhşur olduğunu xatırlatdıqda, Nüşabə Ələsgərli bir daha qələm əhlinin ünvanına xoşagəlməz ifadələr işlədərək "mən jurnalistlərin hesabına yox, öz halal zəhmətimlə tanınmışam" demişdi.

Yəqin ki, müğənninin budəfəki ərköyünlüyü də ona baha başa gələcək, ən azı inzibati qaydada cəzalandırılacaq.