BolgeXeber.Com » Media » “Əli və Nino” serialını çəkən prodakşnın özbaşınalığı

“Əli və Nino” serialını çəkən prodakşnın özbaşınalığı

22-01-2014, 10:45
Oxunub: 5 212 Trem TV Prodakşnın rəhbəri prezidentin adından sui-istifadə edir

“Əli və Nino” serialını çəkən Trem TV Prodakşn haqda redaksiyamıza şikayətlər daxil olub. Prodakşn işçilərə böyük vədlər verir, daha sonra isə verilən vədlərə əməl edilmir. Bununla yanaşı işə götürdükləri jurnalistin kompüterini alaraq geri qaytarmayıblar. Bu barədə həmin jurnalist – Nihad Qulamzadə özü məlumat verib. Jurnalistin sözlərinə görə, prodakşn bir müddət bundan öncə onu işə götürüb və yüksək maaş verəcəyini vəd edib. Amma buna baxmayaraq jurnalistlə heç bir əmək müqaviləsi də bağlanmayıb: “Mən prodakşnla aramda əmək müqaviləsi bağlanmasını tələb etsəm də buna məhəl qoyan olmadı. İşə girəndə prodakşnın rəhbərliyi məndən onlar üçün sayt düzəldilməsini istəmişdi. Bunun üçün proqramist tapdım. Proqramist həmin saytı 350 manata düzəldəcəyini dedi. Prodakşnın rəhbəri Rövşən Nəzərli isə əvvəlcədən 150 manat, sayt hazır olandan sonra isə pulun qalanını ödəyəcəyini bildirmişdi. Sayt hazır olandan sonra onlara dedim ki, pulun qalan hissəsini ödəyin. Eyni zamanda da mənimlə əmək müqaviləsi bağlanmayacağı təqdirdə işdən çıxacağımı bildirdim. Mənə kompüter verilmədiyi üçün öz şəxsi “hp” markalı dizüstü kompüterimi işə aparmışdım. Onlar mənə dedilər ki, bizə sayt lazım deyil, verdiyimiz 150 manatı qaytarın. Əgər qaytarmasanız sənin kompüterini verməyəcəyik. Mən “kompüterimi verməsəniz şikayət edəcəyəm” dedim. Prodakşn rəhbərliyi isə “hara istəyirsən şikayət et, biz heç kimdən qorxmuruq” dedi. Eyni zamanda onlar saytın vaxtından gec hazırlandığını əsas gətirdilər. Ancaq sayt deyildiyi vaxtda proqramist tərəfindən təhvil verilmişdi”.
Nihad Qulamzadə kompüterində jurnalist matreallarının və şəxsi məlumatlarının olduğunu da bildirir. O bununla bağlı polisə şikayət edib. Rövşən Nəzərli isə polisə “İlham Əliyevin sərəncamı ilə serial çəkirəm, Ramil Usubovla da dəfələrlə görüşmüşəm, ona görə məni günahlandıra bilməzsiz. Saytın hazırlanmasını gecikdirdikləri üçün kompüteri verməyəcəm” deyib.
Prodakşnda işləyən, daha sonra işdən çıxarılan bir neçə şəxs də şikayətçi olduğunu bildirib. Şikayətlərdə deyilir ki, prodakşnın rəhbəri Rövşən Nəzərli və bədii rəhbəri Elvin Mirzəyev işçilərə yüksək maaş vəd etsələr də sonradan vədlərinə əməl etmirlər. Prodakşn əksər işçilərlə əmək müqaviləsi bağlamır və işçilər əmək haqqı tələb edəndə onları işdən çıxarırlar. Eyni zamanda prodakşın rəhbərliyi məmurlarla görüşərək prezidentin sərəncamı ilə “Əli və Nino” serialını çəkdiklərini və bunun üçün onların maliyyə vəsaiti ayırmasını xahiş edir. Həmçinin adıçəkilən serial çəkilişi üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Xəzər” televiziyasına pul ayırdığını, televiziyanın isə həmin pulun bir qismini prodakşna verdiyi deyilir. Ancaq bunlara baxmayaraq Trem TV-nin rəhbəri Rövşən Nəzərli şirkətlərə də müraciət edərək “prezidentin sərəncamı ilə serial çəkirəm, buna görə bizə maliyyə vəsaiti ayırın” deyir. Şikayət edən işçilərin əksəriyyəti Trem TV-nin rəhbərliyindəki iki şəxsin – Rövşən Nəzərli və Elvin Mirzəyevin ölkə prezidenti İlham Əliyevin adından sui-istifadə edərək pul yığdığını deyirlər. Ancaq bunlara baxmayaraq işçilərə maaş verilməməsi ilə yanaşı onları işdən çıxararkən təhqir edirlər.
Deyilənlərlə bağlı Trem TV-nin rəhbəri Rövşən Nəzərlinin fikirlərini öyrəndik. R.Nəzərli jurnalist Nihad Qulamzadəyə məxsus “hp” markalı nootebuk-un onlarda saxlanıldığını təsdiqlədi: “Onun kompüteri məndədir. Əcəb eləyirəm vermirəm. Onun düzəltdirdiyi sayt da mənə lazım deyil. Getsin 150 manatı gətirsin, sonra kompüterini verim. Yoxsa kompüteri format etdirib satacağam. Hara şikayət eləyir, kimə yazır yazsınlar. Mən heç kimdən qorxmuram”.