BolgeXeber.Com » Media » Tovuzda olan Türkiyə jurnalistləri qayıdıb nə yazıblar?

Tovuzda olan Türkiyə jurnalistləri qayıdıb nə yazıblar?

5-08-2011, 16:10
Oxunub: 4 322 Bu günlərdə millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Türkiyənin bir sıra tanınmış qəzetlərinin əməkdaşları Tovuz rayonunda səfərdə olublar.


“Milliyet”, “Hürriyet”, “Zaman”, “Todays Zaman”, “Habertürk”, “Radikal” qəzetlərini təmsil edən jurnalistlər Tovuzun Ermənistanla həmsərhəd bölgələrinə baş çəkiblər. Səfər başa çatdıqdan sonra Türkiyəyə dönən jurnalistlər təmsil olunduqları qəzetlərdə öz təəssüratlarını yazıblar. Bolghexeber.com-un məlumatına görə, səfər barədə qeydlərini yazan “Milliyet” qəzetinin əməkdaşı Murat Pazarbaşı ermənilərin son zamanlar sərhəd zonasında yaşayan uşaqları öldürməsindən bəhs edib. O, Tovuz rayonunda ermənilərin Tovuz çayına atdığı oyuncaq bomba ilə öldürülən 13 yaşlı Aygündən və erməni snayperlərinin qətlə yetirdikləri 9 yaşlı Fariz Bədəlovdan danışaraq, uşaqların ölümünün azərbaycanlıların narahatlığını nifrətə çevirdiyini qeyd edib.

13 yaşlı Aygünün öldürüldüyü kənddən yazan türkiyəli jurnalist bu kəndin erməni snayperlərinin nəzarəti altında qaldığını və Tovuzun müharibə illərində ən çox Azərbaycan türkünün öldüyü bölgələrdən biri olduğunu bildirib.

“Təqribən iki həftə öncə 13 yaşlı Şahmalıyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi Tovuz rayonunun Əlibəyli kəndi erməni snapyerlərinin atəşi (hədəfi) altında yaşamını davam etdirən onlarla kəndlərdən sadəcə biridir. Millət vəkili Qənirə Paşayeva Ermənistan hərbiçilərinin snayperlərlə uşaq – yaşlı fərqi qoymadan, kənd sakinlərini atəşə tutduğunu dedi.”

Millət vəkili Qənirə Paşayeva ilə Tovuzun ermənilərlə sərhəd kəndlərini gəzdiklərini qeyd edən jurnalist yazısında bu kəndlərdə yaşayan əhalinin bir neçə ildir ata-analarının, yaxınlarının məzarlıqlarını ziyarət edə bilmədiklərini xatırladıb. Türkiyəli jurnalist yazır ki, bütün bunlara baxmayaraq, bölgə camaatının torpaqlarını qoyub getmək niyyəti yoxdur.

Müəllif qeyd edib ki, millət vəkili Q.Paşayeva Azərbaycanın Qarabağ problemini diplomatik yolla həllində maraqlı olduğunu, lakin sülh danışıqlarının heç bir nəticə vermədiyi təqdirdə, Azərbaycanın müharibəyə də hazır olduğunu bildirib.