BolgeXeber.Com » Müsahibə-Reportaj » Şəmsəddin Hacıyev bir tələbəni yataqxanada yerləşdirməkdə aciz qalıb

Şəmsəddin Hacıyev bir tələbəni yataqxanada yerləşdirməkdə aciz qalıb

12-10-2010, 13:55
Oxunub: 5 918

Qənirə Paşayeva: "Nə qədər çalışdıq, bu məsələ həll olunmadı"

"Azərbaycan xeyli inkişaf etmiş bir ölkədir. Yaxşı olardı ki, tələbə yataqxanalarında məskunlaşan qaçqın-köçkünlərimiz üçün evlər tikilsin, onlar həmin evlərə köçürülsün, yaxud yeni yataqxanalar inşa edilsin". Bu təkliflə deputat Qənirə Paşayeva Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Təhlükəsizlik və müdafiə, İnsan haqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin 2011-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında səsləndirib.

Deputat ali məktəb tələbələrinin yataqxana sarıdan ciddi problemlər yaşadığını dilə gətirib. Onun sözlərinə görə, parlamentdə kənd rayonunu təmsil etdiyi üçün tez-tez bu yöndə problemlərlə üzləşən insanlar ona müraciətlər edir və o da öz növbəsində bu problemləri həll etməkdə çox zaman aciz qalmalı olur: "Bildiyiniz kimi, bu gün universitetlərin əksəriyyətinin yataqxanasında qaçqın və köçkünlərimiz məskunlaşıb. Təbii ki, bunu başa düşmək olar, çünki onlar yurd-yuvalarını məcburən tərk etdiklərinə və yaşamağa yerləri olmadığına görə bu yataqxanalarda yerləşiblər".
Millət vəkili qeyd edib ki, bu məsələdə hətta İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev də aciz olub. "Mən Şəmsəddin müəllimə bir tələbənin yataqxanada yerləşdirilməsi ilə bağlı müraciət etmişdim. Ancaq nə qədər çalışdıq, bu məsələ həll olunmadı, yataqxanada bir dənə olsun belə boş yer yox idi. Ona görə xahiş edirəm ki, tələbələrimizin əksəriyyəti imkansız ailələrin övladları olduğu üçün onların yataqxanalarla təmin olunması məsələsi yaxın zamanlarda öz həllini tapsın".