BolgeXeber.Com » Müsahibə-Reportaj » Sellə bağlı daha bir sirli məsələ

Sellə bağlı daha bir sirli məsələ

18-10-2010, 17:55
Oxunub: 6 373 Sellə bağlı daha bir sirli məsələ
Azadkəndin yerli icra nümayəndəsi Namil Vəlişovun suyu kəndə buraxması üçün 80 min manat aldığı iddia edilir

May ayında baş vermiş sel fəlakəti ilə bağlı yeni-yeni məlumatlar meydana çıxmağa başlayıb. Artıq bu işin içində təxribatın olmasına dair məlumatlar belə var. Hətta o da iddia olunur ki, bəzi kəndlərin suyun altında qalması məqsədli şəkildə həyata keçirilib və bunun müqabilində külli miqdarda pul alınıb.

Bolgexeber.com saytına daxil olan məlumatlarda deyilir ki, Sabirabad rayonunun Azadkənd kəndinin suyun altında qalması da məhz belə bir oyun nəticəsində mümkün olub. Mənbənin bildirdiyinə görə, bir neçə nəfər həmin vaxt Azadkənddə olarkən yerli icra nümayəndəsi Namil Vəlişovla görüşərək, onunla anlaşma əldə ediblər. Həmin anlaşmaya görə, Vəlişov suyu kəndə buraxmalı, əvəzində isə 80 min manat pul almalıymış. Bu anlaşmanın əldə edildiyi və razılaşmanın yerinə yetirldiyi iddia olunur. Məlumatlarda deyilir ki, Namil Vəlişov həmin pulu aldıqdan sonra bu məsələdən xəbərsiz kimi davranmağa başlayıb. Lakin rayondakı restoranlardan birində yeyib-içdikdən sonra yerli icra nümayəndəsi bilmədən bu sirri ağzından qaçırıb.

Belə bir məlumat da var ki, Namil Vəlişovun bu cür vəzifə sahibi olması bütün kənd camaatını təəccübləndirib. Buna səbəb isə onun vaxtıyla həbsdə olması göstərilir. Bolgexeber.com-a verilən məlumatda deyilir ki, yerli icra nümayəndəsinin həbsə girməsinə səbəb qadın məsələsi olub.

Ancaq onun əsas qazanc mənbəyi təkcə bu olmayıb. Həmçinin Vəlişov yaxın qohumlarını kənddə vəzifə başına gətirməklə də maliyyə imkanlarını genişləndirməklə məşğuldur. Məsələn, Azadkənddəki uşaq baxçasının fəaliyyət göstərdiyi kimsəyə məlum olmasa da, sənədlərdə onun işlədiyi deyilir. Həmin qurumun rəhbəri isə icra nümayəndəsinin yaxın qohumudur. Belə bir addımın atılmasına səbəb isə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsini asanlaşdırmaqdır ki, Vəlişov da bunu ustalıqla həyata keçirib. Bundan başqa, onun kənd məktəbinə direktor olaraq daha bir yaxın qohumu, qardaşının həyat yoldaşını təyin etdirməsi də səs-küyə səbəb olduğundan sonradan həmin adamı işdən çıxarıb.

Bu əsnada o da məlum olub ki, sözügedən şəxs sel məsələsindən əlavə qazanc mənbəyi kimi də istifadə edir. Belə ki, dövlət büdcəsindən ayrılmış kompensasiyaların verilməsini «ustalıqla» həyata keçirir. Yəni, tutaq ki, kompensasiyanın həcmi 800 manatdırsa, onun cəmi 300 manatını sahibinə verərək, yerdə qalanını cibinə qoyur. Bir balaca səs-küy salana isə ən yaxşı halda 500 manat verməklə susdurmağa çalışır.

Bolgexeber.com saytına daxil olan bir başqa məlumatda isə deyilir ki, Namil Vəlişov sel nəticəsində evləri zərər görməyən şəxslərə də «yardım əlini» uzadıb. Məlumatlarda vurğulanır ki, yerli icra nümayəndəsi onlardan bir qədər pul alaraq, evlərini zərər görmüş kimi qeyd edir və onlara yeni mənzilin tikilməsi üçün yardımçı olur. Hətta belə hallar da olub ki, Vəlişov evləri uçmayan şəxslərin də adından ərizə yazaraq, onlar üçün yeni mənzillərin tikilməsini istəyib. Nəticədə, həmin şəxslərin xəbəri olmadan büdcədən ayrılan pulları özü götürüb.