BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun “Qızıl Motsart” medalı təqdim edilib - FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun “Qızıl Motsart” medalı təqdim edilib - FOTO

31-07-2010, 11:15
Oxunub: 7 426

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının iyulun 30-da təntənəli rəsmi açılışı olmuşdur.

Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları dövlətimizin başçısını, xanımını və YUNESKO-nun baş direktorunu hərarətlə qarşılamışlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva festivalın açılışında çıxış etmişdir.


Ölkəmizin dilbər güşələrindən birində - Qəbələdə qonaqları salamlayan Mehriban xanım bildirmişdir ki, bu gözəl şəhər dünyanın ən qədim sivilizasiyalarından birinin - Qafqaz Albaniyasının paytaxtı olmuş və hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoymuşdur. "Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir", - deyən Azərbaycanın birinci xanımı bildirmişdir ki, bu günlərdə hamımızı bir amil - musiqi birləşdirir.

Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru xanım İrina Bokovaya Azərbaycana gəldiyinə və bu festivalda iştirakına görə təşəkkür etmişdir. O, Azərbaycan-YUNESKO əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu əlaqələrin çoxşaxəli olduğunu demişdir. Prezident İlham Əliyevə gərgin iş qrafikinə baxmayaraq festivalın rəsmi açılışına qatıldığına görə minnətdarlıq edən Azərbaycanın birinci xanımı musiqiçiləri də salamlamış və bu musiqi bayramının ilk növbədə onların sayəsində baş tutduğunu diqqətə çatdırmışdır.

Mərasimdə çıxış edən YUNESKO-nun baş direktoru xanım İrina Bokova festivala uğurlar arzulamışdır. Azərbaycana səfərindən məmnun olduğunu deyən İrina Bokova bu beynəlxalq festival üçün Qəbələnin möhtəşəm səhnə olduğunu vurğulamışdır. "Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır", - deyən xanım Bokova YUNESKO prinsiplərini hər zaman yüksək tutduqlarına görə Azərbaycan Prezidentinə və Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.

Qəbələ Beynəlxalq musiqi festivalının əhəmiyyətindən danışan YUNESKO-nun baş direktoru demişdir ki, bu bayram Azərbaycan musiqisinin ruhunu əks etdirir və gələcəkdə qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır. "Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır və bu festival da həmin mədəniyyətləri ən yüksək səviyyədə təqdim edəcəkdir", - deyən İrina Bokova Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirmişdir.

İrina Bokova YUNESKO-nun "Qızıl Motsart" medalını Mehriban xanım Əliyevaya təqdim etmişdir.

Azərbaycan mədəniyyətinə həsr olunan videoçarx nümayiş etdirilmişdir.
Sonra konsert proqramı olmuşdur.
London Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənmişdir. Konsetdə Dmitri Yablonski, Yuri Başmet, Emilio Ponsı, Xloe Hanslip, Fərhad Bədəlbəyli çıxış etmişlər.

Gecənin sonunda Qəbələnin yay səmasını möhtəşəm atəşfəşanlıq əlvan rənglərə boyamışdır. /AzərTAc/