“11 ay pul qazanırlar, heç olmasa bir ay…”- Hacı Surxay

“11 ay pul qazanırlar, heç olmasa bir ay…”- Hacı Surxay

“11 ay pul qazanırlar, heç olmasa bir ay…”- Hacı SurxayArtıq on bir ayın sultanı Ramazan başlayır

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, Ramazan ayının 1-ci günü mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən niyyət gecəsi mayın 5-dən 6-na keçən gecə olacaq.

Ramazan ayının mahiyyəti nədən ibarətdir, insanlar yalnız ac qalmaqla ibadətlərini bitmiş hesab etməlidirlər? Orucluq ayının bu və digər öhdəlikləri barədə din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə nümayəndəsi Hacı Surxay Məmmədli News24.az-a müsahibəsində aydınlıq gəirəcək.
– Bismillahir rəhmanir rəhim. Ramazan ayının başlaması münasibətilə xalqımızı təbrik edir, insanlarımıza bol iman, mənəviyyatlarının zəngin olmasını Allahdan arzu edirəm. Ramazan Qurani-Kərimin Yer üzünə endiyi ayıdır. Qurani-Kərim Ramazanla vəhdət təşkil edir. Yəni Qurani-Kərimi Ramazansız təsəvvür etmək olmaz. Bu ay eyni zamanda, bir paylaşma ayıdır. Allah bu ayı o qədər ilahi nemətlərlə bol edib ki, 11 ay elədiyimiz günahlar bu ayda bağışlanır. Ramazan ayı yalnız mədənin boş qalması deyil.
İmam Əlinin bir sözü var: “Özü tox olub, qonşusu ac olan məndən deyil”. Bu ay insan özü ilə yanaşı qonşusunu da hiss etməlidir. Çünki Ramazan həm də mənəvi bərabərlik ayıdır. Ramazan ayında insanlar ehtiyacı olanlara qapı açmalıdırlar. Səxavətli, yardımçı olmalıdırlar. Eyni zamanda küsülülər də barışmalıdır. Rəhmət ayı olduğuna görə, Ramazanın, xüsusi duaları da mövcuddur. Bu ayda Allahdan nə istəsən, arzuların həyata keçər. Necə deyərlər, “ömrü Ramazan olanın, axirəti bayram olar”.

“Orucluqda qiymət qaldırmaq çox böyük günahdır”

– Sizin də az öncə qeyd etdiyiniz kimi, bu ay yardımlar olunmalıdır. Amma bəzən bu ayda restoranlarda qiymətlərin bahalaşdığını, menyunun 40-60 manat arasında dəyişdiyini görürük. Bu günah sayılırmı?

– Bu ay paylaşma, qayğı ayıdır. Belə hallara biz də rast gəlirik. Bəzən iftar süfrəsi açmaq üçün biz də həmin yerlərə üz tuturuq, restoranlarda qiymətləri artırılmış səviyyədə görürük. Bu, yolverilməzdir. Mərhəmət ayında mərhəmətsizlikdir. Allah bizə rəhm eləyir, günahımızdan keçir, amma qazanmaq istəyi, var-dövlətə bağlılıq insanlarda rəhmsizlik yaradır. Bu, heç ürəkaçan hal deyil. Ramazan ayında bir insana xurma vermək oruc tutmağa bərabərdir. Hətta bununla bağlı Peyğəmbərin (s.a.s) hədisi də var. Elə hallar olur ki, insan hansısa restoranda, kafedə insanları bir araya gətirib iftar süfrəsi verir. Amma axırda böyük bir məbləğlə üzləşir. 11 ay qazanırlar, halal xoşları olsun. Heç olmasa bu ayda mərhəmət göstərsinlər. Yalnız, Ramazanda deyil, qurban bayramında da belə olmalıdırlar. Biri imkansızlara malından keçib, iftar süfrəsi açır, o birisi isə qiymətləri artırır. Bu günahdı. Bu nə dinimizə, nə inancımıza, nə də insanlığımıza məqbul deyil.

Narazılıqlara son – bu ildən şiə və sünnilər üçün vahid təqvim

– Digər bir naharatlıq doğuran məsələ isə bu ay sanki Azərbaycanda əhalinın iki hissəyə bölünməsidir. İnsanlar müxtəlif Ramazan təqvimlərindən istifadə edirlər. Bu məsələ Orucluq bitəndə də təkrarlanırr. Şiə təriqətindən olanlar bir gün gec, sünni təriqətindən olanlar isə Türkiyə ilə eyni vaxtda bayram edir. Niyə belə ikiyə bölünürük? Sizcə bu Qafqaz müsəlmanlarına inamsızlıqdan irəli gəlir, yoxsa başqa təsirlər də mövcuddur?

– Siz çox həssas, gözəl mövzuya toxundunuz. Mənim illərlə içimdə çəkdiyim acıya sualla son qoyursuz. Bir neçə gün bundan öncə Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanasında böyük bir toplantı oldu. QMİ-nin Fətva şöbəsinin verdiyi məlumatda da bildirildi ki, ölkə ərazisinin üfüqünə uyğun olaraq mayın 5-i niyyət axşamıdır. Ramazan ayının başlanması isə mayın 6-a təsadüf edəcək. Əvvəla deyim ki, illərlə qarşılaşacağımız bu problem savadsızlığın nəticəsidir. Bu il tam məsuliyyətimlə deyirəm ki, QMİ tərəfindən hər iki məzhəb üçün Azərbaycanda imsaq və iftar vaxtları ilə bağlı vahid bir cədvəl quruldu. Mən elə hesab edirəm ki, bu il o çaşqınlıq yaranmayacaq. Çünki QMİ-nin təqvimləri əvəllər paylanmırdı. Bəzilər də bundan sui-istifadə elədilər. Bəzi insanlara İran rəsədxanasına əsasən, digərlərinə isə Türkiyənin rəsədxanasının təqvimini əsas göstərdilər. Bu il isə Azərbaycan öz elmi potensialnı ortaya qoydu, QMİ Şamaxı Astrofizika Rəsədxanası ilə iş fəaliyyətinə başladı. Biz qonşu dövlətlərlə də təmas yaratdıq. Türkiyədən, İrandan qonaqlar dəvət etdik. Həmin ölkələrin din xadimlərini də dəvət etdik. Onlara təklif etdik ki, gəlin, cədvəlləri birgə hazırlayaq. Hər bir ölkənin xüsusi coğrafi mövqeyi var, İran da, Türkiyə də öz coğrafi mövqeyindən çıxış edir. Azərbaycanın da öz üfüqü var. Bizim iftar və imsak vaxtlarımız bəllidir. Bu il, yəqin ki, problemlərlə qarşılaşmayacağıq. Amma yenə də insanlar arasında qarşıdurma yaratmağa cəhd edənlər olacaq. Azərbaycanın bu yöndə kifayət qədər potensialı var. QMİ-nin bu işlə məşğul olan idarəsi var. Bu gün onu gözü götürməyənlər belə məsələlərdən dini bir alət olararaq istifadə edib, pərakəndəlik salırlar. Artıq fətva verilib, kim əməl etməyəcəksə, öz günahıdır. Əgər kim başqa bir ölkənin Ramazan cədvəlindən istifadə edirsə də, demək onun vətənpərvərlik hissləri zəifdir.

“QMİ imkansız ailələrin evlərini ziyarət edəcək”

– Ramazanda QMİ nümayəndələri tərəfindən imkansız ailələrə baş çəkirmi, onların iftar süfrələrindən xəbər tutulurmu?

– Biz İçərişəhər məscidi olaraq 9 ildir hər il Ramazanda 30 gün iftar süfrəsi veririk. Burada heç kimə məhdudiyyət qoyulmur. Kim istəyir, gələ bilər. Artıq bu haqda elanlarımız da verilib. Əsasən, şəhid ailələrini nəzərdə tutmuşuq. Ramazan boyu Qədr gecələrində insanlar səhərə qədər oyaq qalırlar, iftarda, hətta imsaqda da burda olurlar. Namazlarını qılıb, sonra gedirlər. QMİ sədri şeyx tərəfindən rəsmi olaraq bizə tapşırıqlar da verilib ki, insanların içində olun, təmas yaradın. Hətta ehtiyacı olanların evlərinə də gedin. İnsanlar var ki, gələ bilmirlər, şəhid ailələri, qazilər və yaşlı adamlar var ki, qapısını açan yoxdur. Onların evinə baş məkin. Bu il biz bir neçə evə gedəcəyik, hətta autizmdən əziyyət çəkən uşaqlarla da, qocalar evində də görüş keçirəcəyik. Bu il Ramazan əvvəlki illərlə müqayisədə daha da möhtəşəm olacaq. QMİ Ramazan boyunca yardım edir, amma bu reklam xarakteri daşımır. Yəni bunu Allah naminə edirik. Allah Qurani-Kərimdə buyurur: “Yaxşılıqları təbliğ edin”. Yaxşılıqlar insanların gözü qarşısında olmalıdır ki, o yaxşılığın nəticəsində ibrət götürsünlər. Burada zəngin tox, kasıb ac olarsa, bu, Ramazanın əzəmətinin aşağı düşməsi deməkdir.

” Əxlaqdan uzaq kişi və qadınlar məsciddə islah olunub…”

– Yalnız Ramazan ayındamı? Əslində məscidlər cəmiyyətin belə üz döndərdiyi insanlara arxa durmalıdır. Məsələn, sizə nə qədər psixiloji durumu ağır, dünyadan üz döndərən insanlar müraciıt edib və siz onlara dəstək ola bilmisinizmi? Heç olubmu ki, hansısa əxlaqsız bir qadını bu yoldan çəkindirib, onu işlə təmin edəsiniz?

– İnanın, hər cümə günü kişilər, qadınlar bura gəlir. O qadınlar bizim analarımız, bacılarımızdı. Elə vaxt olur dərman pulları, çörək pulları olmur, bizim yanımıza gəlirlər. Biz kifayət qədər yardım edirik. Bizim gəlir mənbəyimiz yoxdur. Möminlərin ianəsi yığılır, onun hesabına yüzlərlə xəstəni müalicə etməyə çalışmışıq. Hazırda bu, davam etdirilir. O ki qaldı, digər suala. Yolundan azan, əxlaqdan uzaq həm qadın, həm də kişilər bizə müraciət edib burada islah olunublar. Onların doğru yola qayıtması üçün əlimizdən gələni edirik. İşlə təmin olunmalarına bacardığımız qədər yardım edirik. Düzdür, etiraf edim, tam təmin edə bilməmişik, amma müracət edən 10 nəfərdən 3-4 nə köməyimiz dəyib. Digərlərini bildiyimiz boş iş yerlərinə yönləndirmişik ki, gedib maraqlansınlar. Bir qadının ailəsi ağır durumdaydı, ərının işləmək imkanı yox idi. Dostlardan xahiş etdik, şirkətlərin birində 400-450 manat civarında xadimə kimi işə götürüldü. Çox şükür ki, ona kömək edə bildik. Həmin xanım bizə dedi ki, bura mənim son ümidim idi,burdan kömək olmasaydı, mən pis yola düşərdim. Şükür olsun ki, biz bu qadına kömək olduq. Çünki Qurani Kərim buyurur ki, bir insanı öldürmək bəşəriyyəti öldürməkdir. Bir insana həyat vermək bəşəriyyətə həyat verməkdir.
4-05-2019, 12:45
Geri qayıt