“Cinayətkarlığa qarşı prinsipal mübarizə kimi onu doğuran səbəblərin araşdırılması da əhəmiyyət kəsb edir ”

“Cinayətkarlığa qarşı prinsipal mübarizə kimi onu doğuran səbəblərin araşdırılması da əhəmiyyət kəsb edir ”

“Cinayətkarlığa qarşı prinsipal mübarizə kimi onu doğuran səbəblərin araşdırılması da əhəmiyyət kəsb edir ”"Polis, öz fəaliyyətini cəmiyyətin dəstəyi olmadan qura bilməz"

Bolgexeber.com Azərbaycan polisinin fəaliyyəti ilə bağlı keçmiş əməkdaşlarından silsilə müsahibələrə başlayıb.Layihə çərçivəsində ilk müsahibimiz "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri,ehtiyatda olan polis polkovniki ,tanınmış hüquqşünas Şəmsəddin Əliyevdir.

Dəyərli oxuculara məlumat üçün blldiririk ki, Şəmsəddin Əliyev 30 il Daxili İşlər Orqanlarında bölmə,şöbə və idarə rəisi vəzifələrində çalışmış, vətən savaşının iştirakçısı-müharibə veteranıdır.O,1992-ci ilin may ayının 13-ündə Dİ nazirinin əmri ilə 50 nəfərdən ibarət polis əməkdaşlarının komandiri qismində Laçın, Turşsu,Qubadlı-Zəngilan bölgələrindəki döyüşlərində iştirak etmişdir. Şəmsəddin Əliyev təqaüdə çıxdıqdan sonra da aktiv fəaliyyətini davam etdirir.Hazırda "Polisə Dəstək" İctimai Birliyinin sədri, Mətbuat Şurasının icraçı katibidir.O,tanınmış hüquqşünas- publisist kimi ictimai nüfuza malik,maraq doğuran çoxlu sayda akademik və bədii yazıların,7 kitabın müəllifidir. Şəmsəddin müəllim həm də maraqlı müsahibdir. Bolgexeber.com onunla müsahibənin ikinci hissəsini oxuculara təqdim edir:
“Əvvəlini buradan oxuya bilərsiniz”

-Bəzən mətbuatda polisin fəaliyyəti ilə bağlı tənqidi yazılara rast gəlmək olur və cəmiyyətdə də Avropa ölkələrində olduğu kimi tam dost münasibət bəslənilmir . Sizcə bu nədən qaynaqlanır və bu sarıdan ictimaiyyətlə əlaqə necə qurulmalıdır?

-Müstəqilliyimizin ikinci dövründə Azərbaycan dövləti kifayət qədər vacib məsələlərin həlli istiqamində islahatlar keçirməyə başladı.Həm sosial,həm iqtisadi,normativ aktların qəbulu və digər sahələrdə bu iş davam etdi.Respublikanın keçid dövrünün belə bir mərhələsində müəyyən boşluqlar yaşandı.Primitiv düşüncə sahibləri,ictimai və dövlətçilik maraq naminə özlərini sınaya və təsdiqləyə bilməyən bəzi vətəndaşlar polisin fəaliyyəti ilə bağlı mənfi mənzərə yaratmaqla əslində özlərinin şəxsi maraqlarının əyri yollarla təmin edilməsi “eşqinə”düşdülər. Amma,alınmadı.Tədricən dövlət tərəfindən görülən tədbirlər,”Polis və Əməliyyat-axtarış fəaliyyəti haqqında”qəbul edilən qanunlar, Avropa insan hüquqları çərçivəsində seminarların keçrilməsi, bu sahədə normativ hüquqi bazanın yaradılması nəticəsində polislə cəmiyyət arasında o sədd əriməyə başlayıb.Artıq o pis” ənənə”- polisə mənfi münasibət yoxdur.Əgər bu gün, mətbuatda polislə bağlı yanlış bir yazı dərc olunursa ,lakin polisin işgüzar nüfuzuna zərər vurmursa,bu da demokratik hüquq və azadlıqların göstəricisidir. Böyük bir şəxsi heyəti olan ,vaxta məhəl qoymadan işləyən bir qurumun təbii ki,qüsurları da var. Amma bu nöqsanlar ümumən polisin fəaliyyət istiqamətlərində görsənmir,kölgədə qalır.Təbiət özünü tənzimlədiyi kimi,polis də işlədikcə həmin çatışmazlıqlar avtomatik silinir.Bəzən polis əməkdaşının fəaliyyətinə aid mətbuatda dərc edilən yazılar ictimai rəydə çaşqınlıq yaradır,sanki,bu qüsurlar örtülür-deyə düşünürlər.Amma bu heç də elə deyil.DİN-nin kollegiyasında ,əməliyyat müşavirələrində bu məsələlər prinsipial şəkildə müzakirə olunur.Kifayət qədər polis əməkdaşları məsuliyyətə cəlb olunur,vəzifəsindən kənarlaşdırılır,rütbəcə aşağı endirlir,orqanlardan kənarlaşdırılır,hətta bəziləri cinayət məsluyyətinə cəlb olunur.Sadəcə bu rəqəmlərin cəmiyyətə ötürülməsinə o qədər də ehtiyac duyulmur,cəmiyyət üçün arzuolunan deyil.
10 milyon əhalisi olan ölkədə elə bir adam tapılmaz ki, ona yaxın olan,ailəsinin bir üzvü və yaxud bir qohumu polisdə təmsil olunmasın.Belə olan halda əhalinin təhlükəsizliyinin təmin olunmasına rahatlığını qurban verən çoxminli polisə ögey münasibət nədən qaynaqlanır?!Asayişi qorumaq polisin birbaşa borcudur . Amma gəlin Konstitusiyaya baxaq.Axı, vətəndaşın da borcu var,vətəndaşın da kontitusion vəzifələri var!”Niyə cinayətkarlıqla mübarizədə polisə dəstək verilmir?”sualına cavab verə bilmirik? Vətəndaşların təhlükəsizliyi və özlərinin hüquqlarının qorunması baxımından heç olmasa mənəvi dəstək varmı?!Olursa da azdır.
Gəlin keçmişə qayıdaq,bir anlıq.Vətən savaşının ilk qurbanları və qəhrəmanları məhz elə polislər oldu.Bunu necə danmaq olar?

-Əslində siz məni qabaqladınız.Çünki mənim növbəti sualım onunla bağlı idi ki,siz sədri olduğunuz "Polisə Dəstək" İctimai Birliyini hansı zərurətdən yaratdınız. Əlsində Polisə Dəstək bəzilərinə qəribə gələ bilər?


- Təqaüdə çıxdıqdan sonra düşündüm ki, nə işlə məşğul ola bilərəm və qərara gəldim ki,30 il polis orqanlarında çalışmış və bu sahədə böyük təcrübə qazanmış bir şəxs kimi elə bu istiqamətdə cəmiyyətə səmərə verə bilərəm və dünya təcrübəsi ilə maraqlandım.Bir çox ölkələrdə polisə dəstləklə məşğul olan təşkilatlar var,beləliklə qeyri-hökumət təşkilatı yaratmaq qərarına gəldim.
Polisin hüquqları konstitusiyaya uyğun polis haqqında qanunla,tərəfdar çıxdığımız beynəlxalq normalarla tənzimlənir . Amma polisin də bir vətəndaş kimi hüquqlarından və azadlıqlarından istifadə etmək hüququ var.Amma onların bu istiqamətdə məşğul olmağa vaxtları olmur.Cinayətkarlıqla mübarizə fəaliyyəti imkan vermir.
Avropa İnsan Hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan təşkilatların bu istiqamətdə həyata keçirdikləri monitorinqləri cəzaçəkmə müəssisələrində cəza şəkən məhkumların həyat və saxlanılma şəraitini əhatə edir, iradları da cinayət törətmiş şəxslərin,məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhkum həyatı yaşayan məhkumların necə saxlanılması ilə bağlı olur.Amma,mənim üçün və cəmiyyətin sezmədiyi maraqlı bir məqam var.Özlərini insan hüquq və azadlıqlarının carçıları sayan avropalılar niyə həmin o cinayətkarların azadlıqda olan qurbanları ilə ,illər boyu daxili əzab və iztirab içində boğanaq həyat yaşayanların şəraiti ilə maraqlananmırlar?.Parodoks buradan yaranır.Bəs, onların hüquqları ilə kim məşğul olmalıdır?!”Bərabərlik”hüququnu bayraq edib mühazirə oxuyanların özləri bərabərlik hüququnu kobud şəkildə pozurlar.
Zənnimcə daha çox qurbanların cəmiyyətə adaptasiyasına,onların mənəvi həyatını normal məcraya yönəltmək istiqamətində çalı.maq lazımdır.Onlar hiss etməlidirlər ki,unudulmamışlar.
Polisin də hüquqlarının müdafiəsi üçün bir ictimai qurum olmalıdır.Polis də bilməlidir ki,ictimaiyyət ona istənilən situasiyada dəstək ola bilər.Məs:Polis də Azərbaycan vətəndaşıdır,seçicidir. Çoxminli şəxsi heyətin bir üzvünün Milli Məclisdə təmsil olunması qanuna zidd olsa da arzuolunandır. Polislərin kifayət qədər problemləri var və polisi təmsil edən nümayəndə polisin adından danışa bilər.Necə ola bilər ki,mən aktiv və passiv seçki hüquqlarımdan yalnız birini seçə bilərəm?Yəni seçə bilərəm,lakin seçilə bilmərəm.

-Polisin müdafiəsi deyəndə nəyi nəzərdə tutursuz?

-Bu günlərdə ölkədə müxtəlif sahələrdə çalışan insanların əmək haqları artırıldı.Sırada polis də var.Dövlət başçısı həmişə olduğu kimi uzaqgörən sosial yönümlü bir addım atdı.Amma gərgin əməyin müqabilində yenə azdır.Poisin əmək haqqı artırılmaqla orada sui-istifadələrin qarşısı alına bilər.Göstərilən etimada xəyanət edilməz,xidməti maraq nəyəsə qurban verilməz.Bilirsiz,qloballaşan dünyada hamının olduğu kimi polisin də probleməlri meydana çıxır.Ailəsinin təhsil problemi,digər qayğılar və s.İndiki cəmiyyətdə hər şey pulludur.Təsəvvür edin:Polisin uşağı ödənişli əsaslarla təhsil alır,il ərzində 3 min manat ödəməlidir.Necə?Aylıq məvacibi 1000 manata qədər olan əmək haqqı ilə bunu ödəmək mümkündürmü,çox çətindir.Ulu öndər Heydər Əliyev vaxtında belə bir ifadə işlətmişdi :”Mən polisin əmək haqqını o qədər artıracağam ki,onun gözü kiminsə əlində və cibində olmasın”.Zənnimcə polisin əmək haqqı indiki durumda 3 min civarında olmalıdır.Buna büdcəmiz imkan verir.
Böyük Britaniyda ,Türkiyədə,İsraildə polisin müdafiəsi ilə bağlı ictimai qurumlar var.Mən, ilk növbədə birliyin nizamnəməsini hazırladım.Hətta sənədləri notariusda təsdiq edəndə hüquqşünas məndən soruşdu ki,məgər polisə də dəstək lazımdır?!
Polis, öz fəaliyyətini cəmiyyətin dəstəyi olmadan qura bilməz.Bütün dünyada belədir.Cinayətkarlıqla mübarizənin səmərəsi cəmiyyətin dəstəyi ilə mümkün olur.Cəmiyyət dəstək verməzsə polis cinayətkar aləmlə tək qalacaq.Nə qədər ki, vətəndaş cəmiyyətinin dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşmasında iştirakı zəifdir,onun həyata keçirilməsində polisə dəstək olmur, polisin cinayətkarlıqla mübarizəsin görmədiyimiz çətinliklər olacaq.Kriminal aləmdə cəmiyyətsiz polisin gücü yetərincə olmaz,bu da dövlətçilik və vətəndaşlar üçün təhlükə mənbəyidir.Çünki, qarşı tərəf- kriminal aləm təhlükəli əməlini həyata keçirmək baxımından yararlı mühitdən məharətlə faydalana bilər.Onlar polisin zəif olduğu yerləri gecə fanarları kimi görür və orada cəmiyyətə zidd əməllərini rahat törədə biirlər.Amma harada polis güclüdürsə orada belə ünsürlərin meydanı da daralır,hərəkət edə bilmirlər.
Müasir Azərbaycan polisinin peşəkarlığı güclüdür ,təkcə narkomaniya ilə mübarizədə il ərzində çoxlu sayda mütəşəkkil dəstə zərəsizləşdirlir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi mütəşəkkil dəstələrin ifşa olunmasında,yaxalanmasında,tərkisilah olunmasında böyük tədbirlər həyata keçirir.Terrora,separatizmə,dini radikalizmə sədd çəkilib. Təbii ,bunların əksəriyyəti vətəndaşlardan alınan məlumatlar sayəsində baş verir.

-"Polisə Dəstək" İctimai Birliyi neçə ildir fəaliyyət göstərir və bu müddət ərzində nə kimi işlər görülüb?

-Biz, artıq 10 ildir fəaliyyət göstəririk.Marifləndirmə missiyasını öhdəmiziə götürmüşük.Cinayətkarklıqla bağlı məlumatları ərazi aidiyyatı üzrə ötürürük.Amma, şox təəsüf ki,cəmiyyətimizdə polisə dəstək verməyə yaxşı baxmırlar və cəmiyyət çox zaman bu missiyaya seyrçi münasibət bəsləyir .

-Polisin fəaliyyətində mənəvi amillər nə dərəcədə rol oynayır?

-İslam dinində belə bir ifadə var;əxlaq,mədəniyyət,tərbiyə də insanın imanındandır.Bu sözü Həzrəti Əli əleyhsalam xəlifə ikən söyləyib.Hər bir vətəndaşın,müsəlmanın əxlaqlı,tərbiyəli,mədəniyyətli olması, həm,dövlətin həm də cəmiyyətin uduşudur .Hər şey burdan başlayır və bu qarşlıqlı olmalıdır.
Vətəndaşın əxlaqlı və iffətli olması hər bir işin əsasını təşkil edir. Düzdür, polisin fəaliyyətini tənzimləyən normativ baza,davranış kodeksi var,amma polis öz mədəniyyətini ,əxlaqını, tərbiyəsini xidmətinə qurban verə bilməz. Əgər, vətəndaş da əxlaqlı olsa ,nəfsini cilovlaya bilsə,həddini də aşmaz,qanuna zidd addım da atmaz, cinayət də törətməz.Cinayətin törədilməsi birdən-birə baş vermir.Kiçik günahlara,kiçik xatalara göz yumsaq sonra baş verənlərin qarşısını almaqda çətinlik çəkərik. Fərd, buraxılan xətaya görə səmimi peşimanlıq hissi keçirmirsə deməli,onun islah olunması da çətindir.Peşmançılıq elə tövbənin bir növ özüdür.Həddini aşmış ,əməlindən peşman olmayan azğın “cinayətkara” qarşı polis də bəzən son zərurət olaraq sərt davranmağa məcbur olur.Bu mənada polisi yersiz qınağa çıkmək düzgün deyil.
Elə hallar olur ki, şəxsin cinayətdə iştirakı müəyyən əsaslarla təsdiqini tapır amma, ortada əşyayi dəlil yoxdur.Əşyayi dəlil yoxdursa, o sübutlar hamısı elə bil quyuya atılır.Bu qanunlarımızda olan müəyyən boşluqlardır.Belə işlərin məhkəmə perspektivi də olmur və həmin şəxsin məsuliyyətə cəlb olunması prosesual baxımdan çətinləşir.Bəs, polis belə hallarda neçə davranmalıdır?Deyək ki,qətl törədilir, maddi sübut kimi soyuq və yaxud odlu silah yoxdur,amma kifayət qədər əsas var,əl izləri, qan ləkəsi və sairə...Polisin bu halda cinayətkarı buraxması,sanki qəfəsdən yırtıcı bir heyvanın buraxılması kimi cəmiyyət üçün təhlükəlidir.
Dünya klassik hüquqşünasların bu baxımdan məlum yanaşması var.
Kriminalistika sahəsində çalışan italyan alimləri cəza çəkmə müəssisələrində qəsdən törədilən cinayətlərə görə məhkum olunanların üzərində elmi-tədqiqat işləri aparmışlar.Akademik yanaşma ilə qatillərin antropoloji quruluşunu araşdırıblar.Belə qənaətə gəlmişlər ki,alnı kifayət qədər açıq,gözləri batıq, çənəsi qabağa gələn insanlar qətlə daha çox meylidirlər,çiyinləri hündür və ensiz,qolları uzun insanlar oğurluğa meylli olurlar.Amma bizdə cinayətkarlığın vəziyyətinə aid kriminoloji tədqiqatlar aparan alimlərimiz demək olar ki,yoxdur.Nəzərə almalıyıq ki,cinayəti törədən sübyekt hər şeydən əvvəl institut tələbəsi,ailənin,kollektivin üzvü və ölkənin vətəndaşı kimi məsuliyyə cəlb olunur.Problemə bu aspektən yanaşmaq lazımdır.Dövlət öz vətəndaşını azadlıqdan məhrum,ətrafından və onu cəmiyyətdən təcrid etməklə cinayətin kökünü kəsə bilmir.Dövlət yalnız bu cinayəti doğuran səbəb və şəraiti aradan qaldırmaq,tətbiq edilən cəzanın gücü ilə sosial ədaləti bərpa etməklə vəziyyəti zərərsizləşdirə bilər.Bəzi kriminoloqların düşüncələrinə görə cinayətkarlığı doğuran sosial faktorlar deyil. Cinayətlərin əksər hissəsi qəsdən törədilirsə,deməli burada sosial faktorlar əsas rol oynayır .İşsizlik,yoxsulluq , savadsızlıq,cəhalət də bu səbəblər sırasındadır.
Biz -"Polisə Dəstək" İctimai Birliyi olaraq ölkənin təhsil ocaqlarında,regionlarda narkomaniya,insan alveri ilə bağlı marifləndirmə işləri aparırıq,mühazirələr oxuyuruq.Auditoriyalarda cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəriciləri barədə dinləyiciləri məlumatlandır, üzərimizə düşən bu missiyanı həyata keçiririk.

-Bu sarıdan dövlət hansı addımları atır?


-Son zamanlar Azərbaycan dövlətinin keçirdiyi sosial islahatlar müəyyən proqramlar,tədbirlər planı öz səmərəsini verir.Kifayət qədər iş yerləri açılır .
Mən çox istərdim ki,cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması sahəsində Milli elmlər Akademiyasının strukturunda bu sahənu əhatə edən elmi-tədqiqat şöbəsi açılsın.Bu cox vacib məsələdir.Şöbə bu istiqamətdə kiçik broşüralar,bukletlər,dərsliklər hazırlasın,kriminoloji durumu əhatə edən şərhlər nəşr edilsin və s. Ali təhsil ocaqlarında ,hətta orta məktəblərdə hüququn ayrı-ayrı sahələrinin tədrisinə geniş yer verilməlidir.Ölkə Konstitusiyası orta məktəblərdə partaüstü kitaba çevrilməlidir.

-Mətbuatda bu sarıdan maarifləndirici yazılar az dərc olunur ,telekanallar daha çox şou-proqramlara yer verir.Kriminal aləmə,xəbərlərə son zamanlar maraq artıb ...

-Bu çox yaralı yerimizdir.Bildiyimiz kimi hər birimiz sosial şəbəkələrin istufadəçisiyik,televiziya kanallarına baxırıq, saytları izləyirik.
Oxunma sayına görə kriminal aləmin nüfuzlu şəxsləri haqda məlumatlar çoxluq təşkil edir.Sanki cəmiyyətin bu səpkidə məlumatlara ehtiyacı var.
Səbəb, mətbuatda jurnalistlərin bu mövzuya daha çox diqqət etməsi,onu işıqlandırmasıdır . Bəzən kriminal aləmin insanlarını mətbuatda,sosial şəbəkələrdə qəhrəman səviyyəsində təqdim edirlər, onları vətən yolunda fəda edən insan obrazında verirlər.Amma bu insanların bəzilirənin keçmişini araşdıranda onların cəmiyyət üçün nə qədər faydalı olması bəlli olur. Əlbəttə, onlar da Azərbaycan vətəndaşlarıdır.Amma bu sayaq yazıların saytlarda və televiziya kanallarında yer almasının əleyhinəyəm.

-Bəzi xarici KİV-də Bakının təhlükəli şəhər olduğu iddia olunmuşdu. Hətta Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Bakı ilə bağlı xəbərdarlıq etmişdi.

-Müasir sabitliyin dəyəri heç nə ilə ölçülmür. İki tanınmış İngiltərə klubunun Bakıda qarşılaşmasına çox az müddət qalmış xoşagəlməz və həqiqətə uyğun olmayan məlumatar yayılmağa başladı.Məsələni bu qədər böyütməyə ehtiyac yox idi.Gördüyünüz kimi UEFA Avropa Liqasının final oyunu Bakı şəhərində çox yükək səviyyədə təşkil olundu.

Bəzi qüvvələr erməni əsilli futbolçu Henrix Mxitaryanla bağlı süni qalmaqal yaratmağa çalışdılar,amma alınmadı.Təhlükəsizlik yüksək səviyyədə qorundu,heç bir təxribata imkan verilmədi.Bakı necə təhlükəli şəhər ola bilər ki,on illərdir Böyük Britaniyanın böyük şirkətləri Azərbaycanda sərbəst və toxunulmazlıqları təmin olunmaqla fəaliyyət göstərir.
Bir məsələ var ki, ingilis azarkeşlərinin qanında bir “ara qatmaq”istəyi var.Ona görə də ingilis diplomatı demişdi ki,guya onların təhlükəsizliyinə problem yarana bilər.O, daha çox ingilis azarkeşlərinin ovqatından çıxış etmişdi.Çünki, onlar harda olublarsa orda asayiş pozulub. Bu gün,Bakıda Avropanın inkişaf etmiş ölkələrinin diplomat ailələri yaşayır.BP və digər iri şirkərlətin Azərbaycana sərmayə qoyulmasının özü ölkədə sabitliyin canlı təzahürü deyilmi?Sabitlik olmayan ölkəyə sərmayə qoyulmaz.Deməli bizdə sabitlik var.Bu sabitliyin qorunmasında,təmin olunmasında hüquq-mühafizə orqanlarının daha çox polisin fəaliyyəti danılmazdır.

-Sovet dövründə elə bil cinayətlər az olurdu,rəsmi orqanların statistikasına az rast gəlinirdi. Sanki cinayət olmurdu. Kriminal hadisələrin təbliğ olunması cinayətin artmasına səbəb olurmu?

-Burda pərdəarxası məqamlar var.İndi mətbuat bu tip xəbərləri şişirdib verir.Çox, təəsüf ki,hərdən polisin xidmətini anlamayanlar ona qarşı iftiralar yağdırırlar. Yol polisi ilə yaşanan məsələni bəzən mətbuatda polisi gözdən salmaq niyyətilə təqdim edir və buna dəstək olanlar da olur.Bu, yolverilməzdir!
Bizim serillara baxın. Qalmaqallar,zor tədbiqetmə halları,intiharlar,qətllər zorakılıqla müşahidə olunan filmlər var.Şiddət sanki təşviq olunur.Çox acınacaqlı və arzuolunmaz haldır ki, yeniyetmələr arasında intiharlar var.Bu intiharların çoxu ailənin özündə olan qapalı və cəmiyyətə məlum olmayan problemlərdən qaynaqlanır.Belə hallara Polis yalnız şikayət daxil olanda müdaxilə edə bilir.Münaqişəli ailələr həmişə olub ,lakin onları nəzarətdə saxlamaq mürəkkəb məsələdir.Şəxsi həyatın toxunulmazlığı baxımından hər ailəyə müdaxilə etmək olmur. Sovet dövründə də icra hakimiyyətinin xüsusi komissiyaları fəaliyyət göstərirdi.İndi də bu sahədə müvafiq kimissiyalar var,amma düşünürəm ki,bu problemlərin yaranmasında sosial faktorlarin təsiri var.Bəziləri bunu ehtiyacda,maddi çətinlikdə görürlər.
Elə ehtiyacı olan adamlar var ki, bir tikə çörəyə möhtacdır,iradəsi,mənəyyatı o qədər möhkəmdir ki,qonşunun qapısını döymür,hətta qohumuna ağız açmır.Elə insanlar çoxdur, lakin cinayətə meylli deyllər,özgəsinin malına tamahı yoxdur,abrına qısılır,Allahdan ruzisini gözləyir və heç kimə də əl açmırlar.Sosial problemlərə görə intihar etmək ağılsızlıqdır.İntihar dinə görə də günah sayılır.
Müasir cəmiyyət ,açıq vətəndaş cəmiyyətidir,hər kəs bacarığına görə çalışıb çörək pulu qazanıb özünü təmin etməyə çalışmalıdır.
İntiharlar cəhalətdən,ailədə,kollektivdə yaşanan qeyri-insani rəftarlardan, savadsızlıqdan və iradə zəifliyindən irəli gəlir.

-Kriminal olaylarla,intiharlarla bağlı mətbutda gedən yazıları necə tənzimləmək olar?

-Mətbuat bilməlidir ki,hər bir intihar halları ilə bağlı prokurorluq orqanlarında faktlar üzrə prosesual araşdırmalar gedir.
Belə halları bəzəyib sensasiya kimi tədim edən jurnalistin faktla bağlı məlumatı deməli məhdud səviyyədə olur.Çox zaman intiharın səbəbi haqda məlumatları tələsik yaymaqla istintaqa mane olurlar.Məsələn,”əlində məktub vardı,sevgilisinə qovuşa bilmədi,valideyinlərinin ona qarşı münasibətindən bezmişdi” və sairə.Bu şəkildə məlumat yaymaq olmaz.Bu cəmiyyət üçün arzuolunan hal deyil və intihar hallarının çoxalmasına səbəb olur.Mürəkkəb situasiyada olan belə şəxslər çıxış yolunu özünə qəsddə axtarırlar.Jurnalistin reytinqi xatirinə yaydığı belə məlumatlar bəzən “çıxış yolu”na səbəb olur. Dərd içində olan valideyn jurnalistlərin sualları ilə baş-başa qalır.
Bir müddət əvvəl hörmətli İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirlimişdi.Hüzndə jurnalistlər ondan əl çəkmir, suallara cavab istəyirdilər .Bəs jurnalistin mədəniyyəti ?!Faciə ilə qarşılaşmış insanı öz dərdi ilə baş-başa buraxmaq lazımdır.Belə jurnalistlərin niyyəti yalnız öz məqsədini həyata keçirmək,sensasion xəbər verməkdir.

-Sovet dövründə mətbuat belə halları yaymırdı ,yoxsa cinayət az idi?

-Senzura var idi.Mətbu orqanlar az idi.Mətbuata bu qədər azadlıq verilmirdi. Sovet dövründə sərt cəzalar tətbiq olunurdu,ölüm hökmü var idi.Satıcı 10 qəpik belə aldadırdısa azadlıqdan məhrum olunurdu. .Kommunist ideologiyasına görə ağır cinayətlər törədən şəxsləri- dövlət əmlakını külli miqdarda mənimsəyənləri,xüsusi amansızlıqla qətl hadisələri törədənləri, xüsusilə ağır cinayət törədənləri dövlət xərc çəkib saxlamaqdansa cəmiyyətin inkişafına mane olan alaq otu kimi məhv etməyi lazım bilirdi
Bir sıra dövlətlərdə ölüm hökmü cinayətkarlığa qarşı dərman həbi kimi qəbul olunurdu.Sovet ittifaqı vahid bir ideologiyaya malik idi.Müasir cəmiyyətlərdə mövcud çoxpartiyalı sistem müxtəlif ideologiyalara malik olmaq deməkdir.Çox partiyalı sistemin ideologiyası həmişə vahid, millii delogiyaya uyğun olmur!Sovet dövründə ticarətdə işləyənin qohumu xidmətdə ,məhkum olunanın qohumu vəzifədə irəli çəkilə bilməzdi,hakim işləyə bilməzdi,qohum qohumun yanında çalışa bilməzdi.Kommunist partiyasının biletindən məhrum olan vəzifəli şəxs demək olar ki,hər şeyini itirirdi.Ona görə çalışılırdı ki,hakim partiyanın nizamnaməsinə zidd addım atılmasın.

Amma bu gün sərt cəzalar yoxdur.Jurnalistin davranış qaydalarının pozulmasına və sui-istifadələrə görə məsulyyət daşıması qüvvədə olan normalarda əksini tapıb.Jurnalist məlumatın toplanmasında və yayılmasında azaddır(amma qarşı tərəfin də münasibətini verməyə borcludur).Jurnalistin sorğularına cavab verilməyəndə məmur məsuliyyət daşıyır.Jurnalistlər üçün çox geniş imkanlar, meydan verilir.Amma faciə ondadır ki,jurnalistlər də bəzən bunlardan sui-istifadə edir.

-Siz mətbuata da yaxın adam kimi jurnalistlərin maarifləndirilməsi ,vətəndaş polis münasibətlərinin tənzimlənməsi, Mətbuat Şurasının mətbuatla bağlı gördüyü işlər barədə nə deyə bilərsiniz?


Media məkanında çalışan kifayət qədər bacarıqlı,intellektual qələm sahiblərinin fəaliyyətlərini tənzimləyən normativ hüquqi baza var.Yurnalist ali məqsədindən- həqiqəti yaymaqdan qorxmamalıdır.Bu məsələdə isə obyektivlik jurnalistikanın peşəkarlıq meyarı kimi qəbul edilir..Əgər qələm sahibi həqiqəti yaymaq uğrunda çalışarsa ,demək bizim məqsədimiz həyata keçir,məqsədimizə çatmış oluruq.Amma burda sərhədi aşanlar,peşə prinsiplərinə zidd hərəkət edənlər də olur.İndi istənilən fiziki şəxs domen alıb xəbər portalı , sayt aça bilər.Bu da mətbuat azadlığının,fikir və söz azadlığının təcəssümüdür.Amma,çox zaman sayt barədə Şuraya şikayət daxil olduqdan sonra məlumata sahib oluruq.Saytların sayı yağışdan sonra göbələk kimi çoxalır.Onların əksəriyyəti Mətbuat Şurasının üzvü deyillər,amma şikayətlər artır.Sahibkarlar,hətta məmurlar da,vətəndaşlar da narazılıqlarını ifadə edirlər.Azadlığın dozası artıq olanda cəmiyyət dərd çəkməli olur.
Mətbuat dördüncü hakimiyyət deməkdir.Əlində mətbu orqanı olanın müəyyən mənada hakimiyyəti də olur. Amma bu hakimiyyət ədalətli olmalıdır və nə qədər ədalətli olarsa onun bir o qədər də dövlətə,cəmiyyətə xeyri olar.Ölkə Prezidenti Mətbuat Şurasının idarə heytəti ilə son görüşündə jurnalistlərə xitabən belə bir ifadə işlətmişdi:”Mən məlumatı siz jurnalistlərdən alıram…Çalışın düzgün yazın,həqiqəti yazın,qərəzsiz olun”.
Son zamanlar saytlarda gedən çox yazılarla bağlı şikayətlər Mətbuat Şurasının iclaslarının müzakirə predmetinə çevrilir.Şikayətlər Komissiyaına daxil olan müraciətlər əsasında saytlarda dərc olunan bir çox yazılara qiymət verilir.Əksər hallarda biz, balans prinsipinin, etik davranışlarının pozulmasının şahidi oluruq.Qarşı tərəfin münasibəti alınmadan məlumatlar yayılır,təkzib verilmir.Bəzən belə halların araşdırılması zamanı kimlərinsə şəxsi maraqları,”reket” halları üzə çıxır.Amma, Mətbuat Şurası inzibati və məhkəmə orqanı deyil.Biz yalnız ictimai qınağa çəkə, məzəmmət edə bilərik.Təbii,müəyyən hallarda həmin mətbu orqanları qara siyahıya da salınır.
Peyğmbərimizin belə bir kəlamı var ki,həqiqəti yazan qələmin mürəkkəbi qiyamət günündə şəhidlərin qanına bərabər tutular.Jurnalist həqiqəti yazarsa görün nə qədər savab qazanar.Həqiqəti yazan jurnalistə zaval yoxdur, nə qədər şikayət olsa da. Mətbuat Şurasına ,cəmiyyətə,dövlətə belə jurnalistika lazımdır.
Mətbuat Şurasının səlahiyyət dairəsi genişlənməlidir. Mətbuat Şurasının qurultayında hamılıqla qəbul olunan nizamnəmənin vəzifələrinə uyğun səlahiyyət dairəsinin genişlənməsi üçün vahid,lakin təkmil bir normativ hüquqi akt qəbul edilməlidir. Nizamnəmə artıq kifayət etmir. Əgər belə bir qanun olarsa, onda sağlam media mühiti yaratmaq da mümkündür. Düşünrəm, saytlar fəaliyyətə başlamazdan öncə mütləq mənada Mətbuat Şurasının lisenziyasını almalı və yaxud da onun razılığı lazımdır.Digər istəyimiz bu təşkilatların Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsidir.Yəni geninə-boluna biz juranlistikaya hüquqlar veririk.Bu hüquqlardan jurnalistlərin müəyyən qismi də sui-istifadə edir.
-Müsahibəyə görə təşəkkürlər!
-Sizə də təşəkkür edirəm!
Söhbətləşdi :İmran Kərimli
1-07-2019, 17:40
Geri qayıt