“Əli İnsanov və Əli Kərimli izdivacı qısırdır, heç nə doğulmayacaq” – Fəzail Ağamalı

“Əli İnsanov və Əli Kərimli izdivacı qısırdır, heç nə doğulmayacaq” – Fəzail Ağamalı

“Əli İnsanov və Əli Kərimli izdivacı qısırdır, heç nə doğulmayacaq” – Fəzail AğamalıNoyabrın 5-də Müsavat Partiyasının qərargahında dəyirmi masa baş tutdu

Cəmiyyətdə radikal müxalifət liderləri ilə tanınan keçmiş və indiki partiya rəhbərləri bir araya gəldi. Doxsanıcı illərdən bəri mediada “küsülü demokratlar” kimi ad çıxarmış İsa Qəmbərlə Əli Kərimli üz-üzə oturdu. Bu da son qəribəlik deyildi.

Bir vaxt Azərbaycan səhiyyəsini iflic vəziyyətinə salan, səhiyyəni sağalmaz xəstəliyə məruz qoyan keçmiş tibb naziri Əli İnsanov da dəyirmi masanın başında bu şəxslərlə bərabər əyləşdi.

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı hafta.az-a müsahibəsində bu “dəyirmi masa” haqqında fikirlərini bölüşdü. AVP sədri bildirdi ki, iki Əlinin siyasi izdivacından heç nə doğulmayacaq. Çünki onların izdivacı qısırdır.

-Fəzail müəllim, vaxtilə bir-birinin ünvanına fərqli cəbhələrdən söyüş və təhqir yağdıranları illər sonra eyni dəyirmi masa ətrafında üz-üzə oturmağa nə təhrik etdi?

-Bu əslində dəyirmi masa ətrafında oturan radikal müxalifət nümayəndələrinin söykənmiş olduqları dəyərlərin göstəricisidir. Əli İnsanov vaxtilə onların ünvanına söylədiyi həmin təhqirlərə görə, radikal müxalifət liderlərinin heç birindən kütləvi informasiya vasitələrinə çıxacaq formada üzr istəməyib. Əli İnsanovun birgə dəyirmi masaya oturduğu şəxslər onlardan üzr istəmədiyi halda bunu özlərinə sığışdırdılar. Nəinki onu dəvət etdilər, eyni zamanda, onunla eyni dəyirmi masanın arxasında oturdular.

-Əli İnsanovu nə üçün həmin dəyirmi masaya dəvət etdilər?

-Birincisi, ona görə ki, onlara bu iqtidarın üzərinə gedə bilən, qisasçı, hikkəli, barışmaz mövqeyi olan adam lazımdır. Onlardan biri də Əli İnsanovdur. Bildiyiniz kimi Əli İnsanov həbsdə idi. Ölkə başçısı İlham Əliyevin mərhəməti sayəsində azadlığa qovuşdu. O, bunu normal qiymətləndirmədi. İnsani baxımdan da qiymətləndirməyi bacarmadı. Əli İnsanovu Əli İnsanov edən ulu öndərimizin məzarını ziyarət edərək, onun məzarı önündə baş əyərək üzrxahlığını da bildirmədi. Ona minnətdarlığını da ifadə etmədi. Həbsxanadan çıxandan sonra hədyanlıq yağdırdı. Qisasçılıqdan doğan fikirlərini ortalığa gətirdi. İkincisi, artıq bir neçə aydır ki, çarpışır, çalışır ki, yeni partiya yaratsın. Onu da yarada bilməyib.

-Niyə, Əli İnsanovun partiya yarada bilməsi üçün nə çatmır ki?

-Çünki onun gözləntiləri baş tutmadı. Əli İnsanov daha çox güman edirdi ki, Qərbi azərbaycanlılar onun yanında olacaqlar. Ancaq Qərbi azərbaycanlılardan kimsə onun yanında olmadı. Bu gün Əli İnsanovun yanında, ətrafında Qərbi Azərbaycan əslli ictimai-siyasi xadimlər, dövlət və mədəniyyət-incəsənət xadimləri, ziyalılardan bir nəfər belə yoxdur. Ola bilər ki, bir neçə qohum-qardaşı, əqrabası onunla bərabərdir, ondan başqa bu adamın sosial dayağı yoxdur. Belə bir adamı radikal müxalifət öz yanında olmağa, dəyirmi masada iştirak etməyi rəva bildi.

-Dəyirmi masanı təşkil edənlərin həbsdən çıxmış keçmiş nazirdən gözləntiləri nə ola bilərdi?

-Onlar belə güman edirdilər ki, Əli İnsanovun söykəndiyi Qərbi Azərbaycanlıların sosial dayaqlardan özləri üçün istifadə edə bilərlər. Bu da mümkün olan şey deyil.

-Bəlkə tamam başqa gözləntiləri var?

-Ola bilsin ki, belə güman edirlər ki, Əli İnsanovun yaxşı pulu var. Hər halda belə güman edirlər. Həmin puldan faydalana bilərlər. Ona da Əli İnsanov deyərlər. Əli İnsanov almağı öyrənib, verməyi yox. Bu da mümkün olmayacaq. Beləliklə, bu gümanların heç biri özünü doğrultmayacaq. Radikal müxalifətin Əli İnsanova olan ümidləri iflasa uğrayacaq. Biz hamımız bunun şahidi olacağıq. Əli İnsanov həmin tədbirdə yenə də qərəzli fikirlərini söylədi. Həmçinin, başqaları da... Elə bir ciddi fikir mübadiləsi aparılmadı. Ölkədəki problemlərin hər birinin üzərində ölkə prezidentinin iradəsi var. Bütün bu proseslərin fövqündədir. İmzalamış olduğu sənədlərlə, həyəta keçirdiyi islahatlarla cəmiyyətin önə çəkdiyi məsələləri həll edir. Həm də bu sistemli xarakter alıb. Ardıcıl xarater daşıyır. Xalqımız, cəmiyyətimiz tərəfindən çox böyük rəğbətlə qarşılanır. Aparılan islahatlara xalqımız çox böyük qiymət verir. Verilməkdə də davam edir.

-Bəs belə olan halda radikal müxalifət nəyi önə çəkib xalqın diqqətini həmin məsələyə cəlb edəcək?

-Heç nəyi! Onlar həmin dəyirmi masada qeybət xarakterli söhbətlərini etdilər. Hikmət Hacızadə bildirdi ki, beş bənddən ibarət bəyanat ünvanlamaq lazımdır. Bəlkə bununla özümüzə bir dayaq, güc tapaq – deyə məsələ qaldırdı. Bu cür bəyanatlarla həmin gücü tapmaq mümkün deyil. Bu cür bəyanatlarla məsələ həll olunmur. Azərbaycan xalqı bu gün konkret addımlarla kimin yanında olduğunu müəyyənləşdirib. Nəhayət, Əli İnsanov orada bir daha səsləndirdi ki, o, partiya yaradacaq. Yarada bilər. Azərbaycan demokratik ölkədir. Hər bir vətəndaş partiya yarada da bilər. İstənilən partiyaya getməkdə də azaddır. Ona heç kim mane ola bilməz. Bəs Əli İnsanov onun fərqindədirmi ki, bir partiyanı yaratmaq, onu ayaq üstə saxlamaq üçün ən azı 10-15 il lazımdır. Əli İnsanovla baxışlarımızda ciddi fərqlər olsa da - Allah ona can sağlığı versin – onun 10-15 il ömrü çatacaqmı ki, həmin partiyanı ayaq üstə saxlaya bilsin?! Üstəlik partiya rəhbəri olaraq siyasi mübarizədə iştirak eləsin?! Düşünmürsə, təbii ki, bu onun öz seçimidir.

-Bu cür dəyirmi masaların ictimai-siyasi prosesə təsir imkanları nə qədərdir?

- Nəticə etibarı ilə bu cür dəyirmi masalar Azərbaycandakı ictimai-siyasi proseslərə hər hansı bir təsir göstərmək gücündə deyil. Növbəti proseslərin gedişində biz bunun şahidi olacağıq.

-Son olaraq bir sual da vermək istəyirəm. Əli Kərimli və Əli İnsanov siyasi izdivacından nə doğula bilər?

-Bu izdivacdan heç nə doğulmayacaq. Onların izdivacı qısırdır. Heç bir övlad verməyəcək. Çünki heç birinin cəmiyyətdə nüfuzu və sosial dayağı yoxdur.

7-11-2019, 23:03
Geri qayıt