Biləcəri sakinlərinin ümidi Allaha qalıb

Biləcəri sakinlərinin ümidi Allaha qalıb



Aidiyyatı qurumlar kanalizasiya problemi qarşısında aciz durumdadır

Bakı şəhərinin tez-tez gündəmə gələn və aylarla, hətta illərlə aktual olan su və kanalizasiya problemi tükənmək bilmir ki bilmir. Elə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi, 50-57/68 ünvanında yaşayan sakinləri də narahat edən məsələ məhz kanalizasiya problemidir. Kanalizasiya sisteminin düzgün qurulmaması və tez-tez daşması yerli əhalini mətbuata müraciət etmək məcburiyyətində qoyub.

Burada yaşayan əhali ətrafda olan dükan və mağazaların, eləcə də, yeni tikilən və tikilməkdə olan obyektlərin kanalizasiya xətlərinin eyni sistemə, daha dəqiq desək, yaxınlıqda yerləşən Qamət Abbasov adına 284 saylı orta məktəbin kanalizasiya sisteminə qoşulmasından şikayətlənirlər. Onların sözlərinə görə, sözügedən xətlərin bir sistemə qoşulması nəticəsində kanalizasiya daşmağa başlayıb. Nəticədə yayın bu istisində ətrafı üfunət iyi bürüyüb. Natəmiz suyun 11 saylı bina və 284 saylı məktəbin yarımçıq qalmış tikilisində məskunlaşmış məcburi köçkünlərin məskunlaşdığı məktəb binasının zirzəmisinə dolması nəticəsində acınacaqlı vəziyyət yaranıb. Məktəbin zirzəmisində yaşayan küçə itləri belə burada yaşamağı özlərinə rəva bilmədikləri halda, burada yaşayanların evlərini tərk etmək imkanları yoxdur.

Sakinlər illərdir davam edən və vaxtaşırı olaraq aradan qaldırılan bu problemlə bağlı hər dəfə aidiyyəti qurumlara, başlıca olaraq isə kanalizasiya xidməti idarəsinə şikayət etsələr də, məsələ öz həllini tapmayıb. Yəni rayonun kanalizasiya xidməti idarəsinin əməkdaşları gəlib sistemdə təmizlik işləri aparıblar. Lakin on gündən sonra yenə də həmin vəziyyət yaranıb.

11 saylı binanın sakini Vəsilə Məmmədova “Bolgexeber”e bildirib ki, problemlə bağlı hər dəfə müvafiq qrumlara müraciət olunsa da, məsələ öz həllini tapmayıb. “Hər dəfə zəng vururuq. Bir nəfər gəlir, simlə kanalizasiyanı təmizləyir gedir. On gündən sonra yenə də problem əvvəlki vəziyyətinə qayıdır, yəni kanalizasiya daşır”, - deyə Vəsilə xanım vurğulayıb.

Onun sözlərinə görə, məsələdən 107 saylı Mənzil İstismar İdarəsinin baş mühəndisi Fərrux Sadıxlı, Binəqədi rayonu üzrə Kanalizasiya Xidməti İdarəsinin sahə rəisi Rafiq Nəcəfov və digərləri də xəbərdardırlar, lakin nə faydası, problem həll olunmamış qalıb.

Məsələ ilə əlaqədar 107 saylı Mənzil İstismar İdarəsinin (MİS) baş mühəndisi Fərrux Sadıxlıya müraciət etdik. Müsahibimiz açıqlamasında problemdən xəbərdar olduğunu bildirdi.

Onun sözlərinə görə, problem MİS-in səlahiyyətləri çərçivəsində deyil. Lakin sakinləri təngə gətirən bu problemin həll olunması onların da ürəklərindən xəbər verərdi: “Biz də çox istəyərdik ki, uzun müddət hamını boğaza yığan bu problem həll olunsun. Lakin məsələ bizim səlahiyyətlər xaricindədir. Problemin əsas səbəbi ətrafda olan obyektlərin də eyni kanalizasiya sisteminə qoşulmasıdır. Hazırki kanalizasiya xətti 284 saylı məktəbin tələbatlarını ödəmək üçün nəzərdə tutulduğundan, sistem artıq yüklənib. Buna görə, kanalizasiya xətti çatdırmır və daşır. Problem gərək köklü şəkildə həll olunsun. Bu da əraziyə əlavə kanalizasiya xəttinin çəkilməsilə mümkün olan işdir. Qısası bu bizim idarənin maddi imkanları xaricindədir”, - deyə Fərrux Sadıxlı vurğuladı.

Daha sonra Binəqədi rayon Kanalizasiya Xidməti İdarəsinin sahə rəisi Rafiq Nəcəfovla əlaqə saxladıq. Rafiq Nəcəfov məsələ ilə bağlı “Bolgexeber.com”-a açıqlamasında problemin tezliklə həll olunacağını bildirdi: “Biz məsələdən xəbərdarıq. Əməkdaşlarımız dəfələrlə ora gedib, kanalizasiya xəttində təmizləmə işləri aparıblar. Amma xətt çox yükləndiyindən gücü çatmır. Problemin çarəsi həmin əraziyə yeni kanalizasiya xətti çəkilməsindədir”.

İndi hökumətin yerlərdəki nümayəndələrinin qarşısında aciz qaldıqları problemin həllində sakinlərin ümidləri təkcə Allaha qalıb.
26-08-2010, 10:30
Geri qayıt